Reabilitasiya
Bud-çanaq oynağının endoprotezləşdirilməsindən sonra bərpa bir çox xüsusiyyətlərdən asılı olur, buna görə də vahid reabilitasiya proqramı mövcud deyil. Məsələ burasındadır ki, bud-çanaq oynağının endoprotezləşdirilməsi müxtəlif səbəblərdən həyata keçirilə bilər və bunların hamısı bu və ya digər şəkildə reabilitasiyanın sürətinə və bərpa xüsusiyyətlərinə təsir göstərir.
Məsələn, endoprotezləşdirilmənin bud sümüyü boynunun sınığından bir neçə gün keçəndən sonra aparılması ayrı bir məsələdirsə, sınıqdan bir neçə il sonra edildikdə tamamilə başqa bir məsələdir. Birinci halda, oynağı əhatə edən əzələlər dərhal tam işləyə biliərsə, ikinci halda isə bir insan uzun müddət ayağına dayaq verə bilməmiş və hərəkətsizlikdən əzələlər atrofiyaya uğramışsa, gücü və hərəkətlərin koordinasiyasını bərpa etmək üçün daha çox vaxt lazım olacaq.
Artrozla əlaqədar bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı aparıldıqda, burada da eyni oxşar vəziyyətdir. Əməliyyat vaxtında aparılırsa, yəni ağrı artıq çox olduqda, amma insan hələ də hərəkətini saxlaya bilirsə, onda bərpa daha sürətli olur. Amma əgər insan “sonadək” ya bəzən illərdir dözürsə və ağrı səbəbiylə gəzə bilmirsə, onda yalnız sümüklər və qığırdaqlar deyil, əzələlərin özləri də zədələnirlər: düzgün işləməməkdən atrofiyaya uğrayırlar və əməliyyatdan sonra bərpa daha çətin olur.
Buna baxmayaraq, endoprotezləşdirilmədən sonra reabilitasiya təxminən eyni prinsiplərə uyğun olaraq həyata keçirilir, sadəcə kimdəsə daha uzun, kimdəsə daha qısa vaxt sərf etmək lazım gəlir. Bütün fəsli diqqətlə oxumağınızı xahiş edirik: axı, ən yaxşı nəticələr əldə etmək üçün yalnız reabilitasiya ilə məşğul olmaq deyil, həm də onun prinsiplərini, məqsədlərini və təhlükələrini başa düşmək lazımdır.
Əməliyyatdan sonra ayaqlarınız yenə də elastik sarğı ilə sarılacaq (və ya sıx dizə qədər olan və ya uzunboğaz corablar geydiriləcək). Bu venalarda trombların əmələ gəlməsinin qarşısını almaq üçün lazımdır.
Əməliyyatdan sonra ən azı 5 həftə ərzində baldırı dizə qədər bintləməyi (və ya sıxan uzunboğaz qolflar geymək) davam etdirmək vacibdir.
Bəzən həkim qolfları daha uzun müddət - bir neçə aya qədər geyməyi tövsiyə edir!
Əməliyyat günü yataqda yatmaq daha yaxşıdır. Hər hansı tibbi manipulyasiya (məsələn, yoxlama radioqramma) tələb olunarsa, sizi tibbi diyircəkli arabada gətirəcəklər. Bəzi xəstəxanalarda xəstələri əməliyyatdan bir neçə saat sonra ayağa qaldırırlar, lakin bu təcrübə hələ geniş yayılmayıb.
Əməliyyatdan bir gün sonra müalicə həkimi və ya müalicəvi bədən tərbiyəsi həkimi sizə ayağa qalxmağa kömək edəcək və siz artıq yeni bud-çanaq oynağınızdan istifadə edərək qoltuqağacı və ya walkerin (gəzdiricinin) köməyi ilə gəzməyə başlayacaqsınız. Çox güman ki, əməliyyat olunan ayağınıza sizin üçün mümkün olacaq qədər dirənməyə icazə veriləcəkdir. Buna ağrıya dözümlülük prinsipi əsasında bədən çəkisi ilə yüklənmə deyilir. Ola bilər ki, əməliyyatınızın xüsusiyyətlərinə görə cərrah əvvəlcə əməliyyat olunan ayağınıza güc salmağı məhdudlaşdırmağı məsləhət görsün, buna qismən yüklənmə deyilir. Bir müddət sonra əməliyyat olunan ayağa düşən yük artırıla bilər.
Yataqdan hansı tərəfdən qalxmaq lazım olduğuna dair mütləq bir qayda (əməliyyat olunan və ya əməliyyat olunmayan tərəf) yoxdur, buna görə rahat olacağınız tərəfə qalxa bilərsiniz.
Yataqdan qalxanda ayaq bud-çanaq oynağında 90 dərəcədən çox qatlanmasın deyə irəli çox “ağırlıq salmaq” olmaz. Ayağa qalxarkən ayaqlarınızı orta dərəcədə aralı saxlamalısınız (şəkil 75).

Şəkil 75. Yataqdan qalxarkən ayaqların vəziyyəti.
Əməliyyatdan sonra ilk vaxtlar ayaq iradənizə zəif tabe olacaq və onu endirməyi asanlaşdırmaq üçün bəzi köməkçi vasitələrdən istifadə edə bilərsiniz ki, onunla dartıb ayağınızı yatağınızın kənarına doğru çəkə biləsiz. Bu ayaq pəncəsindən ilgəklə keçirməklə uzun bir ip yaxud tərsünə çevrilmiş qoltuqağacı ola bilər.
İlk dəfə ayağa qalxma zamanı başgicəllənməsi ola bilər. Bu normaldır. Belə ki, əməliyyat qan itkisi və nəticədə əməliyyatdan sonrakı anemiya ilə müşayiət olunur. Yatdığınız günlər ərzində ürək-damar sistemi “zəifləyir”. Yaddınıza salın: yəqin ki, sizdə uzun müddət oturandan sonra, xüsusilə çöməlib oturandan sonra ayağa qalxdığınız zaman, başgicəllənmə hiss etdiyiniz hallar olub. Bunun səbəbi odur ki, ağırlıq qüvvəsinin təsiri altında qan ayağa qalxdıqda “ayaqlara” gedir və baş beynə oksigen çatmır, bunun da nəticəsində başgicəllənmə yaranır və tədricən yox olur. Eyni hal əməliyyatdan sonra ilk qalxanda da baş verir, yalnız qan itkisi vəziyyəti daha da pisləşdirir.
İlk dəfə qalxanda başgicəllənmə bəzən o qədər güclü olur ki, həkim gəzməyi bir az təxirə sala da bilər və yenidən yataq rejiminə keçirər. Ancaq bütün günü uzanmaq da olmaz! Əməliyyatdan sonrakı ilk gündə baş gicəllənirsə, heç olmasa çarpayıda hər saat bir az yuxarı qalxıb oturun və ayaqlarınızı 5-10 dəqiqə aşağı sallayın, onda başgicəllənmə yavaş-yavaş keçib gedər və siz gəzə bilərsiniz. Uzandığınız müddətdə işləmək vərdişini itirmiş qan damarlarınızı məşq etdirin: nə qədər tez-tez qalxsanız, başgicəllənmə də bir o qədər tez keçib gedər! Yataqdan ikinci dəfə qalxmaq həmişə birincidən, üçüncü isə ikincidən daha asan olur. Əgər əməliyyatsonrası anemiya və zəiflik həmişəkindən daha güclü və daha uzun görünəcəksə, həkiminiz hemoqlobinin səviyyənizi artırmaq üçün xüsusi dərmanlar təyin edə bilər (Venoferin venadaxili inyeksiyaları və ya həblərdə dəmir preparatları).
Başgicəllənmə bir neçə gün davam edə bilər. Əməliyyatdan bir neçə gün sonra zəiflik hərarətin 38-39 dərəcəyə qədər yüksəlməsi ilə daha da arta bilər. Bu, bədənin əməliyyata normal reaksiyasıdır, lakin əlbəttə ki, xəstəyə güc gətirmir.
Əməliyyatdan sonra bir çox insanda nə başgicəllənmə, nə də hərarətin qalxması olur və özlərini əla hiss edirlər.
Unutmayın ki, qoltuqağacının hündürlüyünü əməliyyatdan əvvəl tənzimləməlisiz və onların köməyi ilə əvvəlcədən gəzməyi də məşq etməyiniz məsləhətdir. Qoltuqağacların hündürlüyü elə olmalıdır ki, sizə rahat olsun və kürəyiniz düz qalsın. Qoltuqaltı qoltuqağacından istifadə etmək daha yaxşıdır - onlarla yıxıla bilmək şansı daha azdır. Daha sonradan gücünüz özünüzə qayıdanda, daha zərif dirsəkaltı qoltuqağacına keçmək mümkün olacaq.
Yıxılma və xəsarət alma riskini nəzərə alaraq, əməliyyatdan sonra ilk dəfə təkbaşına qalxmamağı məsləhət görürük.
Əməliyyatdan sonra ilk addımları necə etmək olar
Həkim mütləq əməliyyat olunan ayağınıza nə vaxt dirənə biləcəyinizi söyləyəcəkdir. Adətən həkimlər ona dirənməməyi məsləhət görürlər, lakin son tədqiqatlar və təcrübə göstərir ki, fəsadsız əməliyyat zamanı ayağa dirənmək endoprotezə zərər vermir. Getməzdən əvvəl 5-10 saniyə dayanmaq və başın çox fırlanmadığından əmin olmaq məsləhətdir.
Qoltuqağacını hər iki əlinizdə saxlayın. Onları həmişə özünüzdən bir az önə qoyun və sanki onlara ağırlığınızı salırmış kimi qabağa irəliləyin - bu üçbucaq qaydası adlandırılır. Məsələ bundadır ki, başgicəllənmə zamanı yıxıla bilərsiniz və adətən yıxılanda geriyə yıxılırlar; öndəki qoltuqağaclarına söykənsəniz, yıxılmayacaqsınız.
Qamətinizi elə düz tutun ki, sizə rahat olsun. Ağırlığı walkerlərin (gəzdiricilərin) və yaxud qoltuqağaclarının köməyi ilə bərabər paylaşdırın. İlk dəfə ayaqyalın, tərliksiz yerimək daha yaxşıdır.
Düz yerdə qoltuqağacı ilə yeriyərkən əvvəlcə hər iki qoltuqağacını qabağa gətirməli, sonra əməliyyat olunan ayaqla, qoltuqağacına az çatdıraraq addım atmalı, daha sonra sağlam ayağınızla irəli getməlisiniz. Əməliyyat olunan ayağınızla döşəmədə sürtə-sürtə gəzməmək üçün onu bir qədər yuxarı qaldırın. Ümumiyyətlə, yeriməyin ardıcıllığı belə görünür: qoltuqağacı, əməliyyat olunan ayaq, sağlam ayaq. Bundan sonra da belə dövr edir.
Walkerləri (gəzdiriciləri) və ya qoltuqağaclarını qısa bir məsafəyə qoyun. Bacardığınız qədər ritmik və rəvan bir şəkildə addımlamağa çalışın və bunun üçün münasib addım uzunluğunu və yeriş sürətini seçin. Tələsməyin.
Gücünüz və dözümlülüyünüz bərpa olunduqca daha çox gəzə və əməliyyat olunan ayağa daha çox istinad edə biləcəksiniz.
Əməliyyatdan sonra təxminən üçüncü günə qoltuqağacı və ya walker (gəzdirici) ilə kifayət qədər inamla gəzəcəksiniz. Xəstələrin əksəriyyətini o təəccübləndirir ki, onlar nə qədər sərbəst olublar və bu necə belə tez baş verir. Başgicəllənmə keçibsə, gəzinti zamanı qoltuqağacını daha əvvəl üçbucaq qaydası ilə özünüzdən qabağa deyil, artıq öz bərabərinizə qoya bilərsiniz.
Gəzərkən qoltuqağacı və ya əsa nə vaxta qədər lazım olacaq
Qoltuqağacı (walker) tez-tez yalnız ilk bir neçə həftə ərzində tarazlığı saxlamaq və yıxılmadan qorunmaq üçün istifadə olunur. Adətən ən azı 4 həftədən az olmayaraq iki qoltuqağacından istifadə etmək, sonra isə əməliyyat olunan oynağa əks tərəfdəki əllə tutaraq (yəni sağ oynaq əməliyyat olunubsa, onda sol əldə və əksinə) bir qoltuqağa keçmək tövsiyə olunur. Bir qoltuqağacı ilə daha 2-4 həftə gəzmək tövsiyə olunur. Ümumiyyətlə iki qoltuqağacından birinə nə vaxt keçməyin və qoltuqağacından nə vaxt imtina etməyin dəqiq bir müddətləri yoxdur. Bəzilərinin qoltuqağacı olmadan gəzməsi 4 həftə, bəzilərinin isə 10 və ya daha çox vaxt alacaqdır. Bərpa sürəti məşqlərdə nə qədər düzgün çalışacağınızdan da asılı olacaqdır.
Əməliyyat payız-qış dövrünə düşmüşsə, bütün müddət ərzində yer buzla örtülü olduqca (bütün qışı ola bilər), yıxılmaq ehtimalını azaltmaq üçün qoltuqağacı və ya əsadan istifadə etməyi məsləhət görürük.
Siz tarazlığınıza əmin olmayana qədər əsadan istifadə edin. Əvvəl gündə 3-4 dəfə 5-10 dəqiqə gəzin. Güc və dözümlülüyünüz artdıqca, gündə 2-3 dəfə, hər dəfə 20-30 dəqiqə gəzə biləcəksiniz. Tam sağalan kimi əldə olunan əzələ gücünü qorumaq üçün həftədə ən azı 3-4 dəfədən, hər dəfə 20-30 dəqiqədən az olmayaraq müntəzəm gəzməyi davam etdirin.
Həkiminiz və ya müalicəvi bədən tərbiyəsi təlimatçınız əməliyyatdan sonrakı ilk bir neçə ay ərzində sizə sadə qaydaları öyrədəcək. Bu qaydalar bunladır.
Endoprotezin çıxma (yerini dəyişmə) riskini azaltmaq üçün düz bucaq qaydasına əməl edin: ayağınızı bud-çanaq oynağında 90 dərəcədən çox (yəni düz bucaqdan çox) bükməyin. Ayaqlarınızı çarpazlaşdırmayın və çöməlməyin.
Yatarkən düz bucaq qaydasını pozmadığınızdan əmin olmaq üçün ayaqlarınızın arasına bir və ya iki yastıq qoyun (Şəkil 76).

Şəkil 76. Ayaqlar arasında yastıq qoyulması yatarkən ayaqları düzgün vəziyyətdə saxlayır.
Yataqda uzanarkən və ya qalxarkən ayağınızı bud-çanaq oynağında 90 dərəcədən çox bükməyin. Yalnız ayağın 90 dərəcədən az bükülə biləcəyi stullarda və ya kreslolarda oturun (şəkil 77).

Şəkil 77. Stulda oturarkən və ya uzanarkən düz bucaq qaydası
Yatarkən və ya oturanda çalışın əməliyyat olunan ayağı bir az aralı qoyasız. Faydalı bir qayda ayağın düzgün mövqeyini idarə etməyə kömək edir: barmağınızı budun xarici səthinə qoysanız, diz barmaqdan da xaricdə olmalıdır (şəkil 78). Bu mövqe cərrahın oynağa daxil olmaq üçün kəsdiyi əzələləri rahatlaşdırır. Endoprotezi quraşdırdıqdan sonra cərrah bu əzələləri geri tikir, lakin onların birlikdə yaxşı böyüməsi üçün ilk üç-dörd həftə ərzində onları gərginləşdirməmək və ayağı aralanmış vəziyyətdə saxlamaq daha yaxşıdır. Ayağınızı ayağınızın üzərinə aşırmayın!

Şəkil 78. Əməliyyat olunmuş ayağın düzgün yerləşməsi və oturma vəziyyəti
Yataqda uzanarkən ayaqlarınıza düşən yorğanı çəkmək üçün qabağa əyilməyin (şəkil 79). Bunun üçün hər hansı vasitədən istifadə edin və ya kimisə köməyə çağırın.

Şəkil 79. Düz bucaq qaydasının pozulması. A. Ədyala görə əyilmə. B. Ayaqqabıya görə əyilmə.
Eynilə, dabançəkən olmadan ayaqqabı geyinməyin və xəstəxanada olduğunuz müddətdə ümumiyyətlə arxası olmayan ayaqqabı geyinmək daha yaxşıdır.
Endoprotezın çıxmasının qarşısını almaq və normal sağalmanı təmin etmək üçün müəyyən ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Ən vacib məqamlardan bəziləri aşağıdakılardan ibarətdir:
|
Bəli |
Xeyr |
|
· Əzələləriniz ağrımağa başlayırsa, fiziki fəaliyyətinizi azaldın, ancaq məşqləri tamamilə dayandırmayın. · Ayağınızı hər zaman pəncəsi irəlidə saxlayın. · Dayanarkən və ya oturarkən ayağınızı düz qarşınıza qoyun. · Avtomobilə əvvəlcə arxanızı qoyaraq oturun, sonra isə ayaqlarınızı qaldırın. · Reabilitasiya zamanı sizə xəbərdarlıq edilməyən hər hansı kənarlaşmalar meydana gələrsə, müalicə həkiminizlə əlaqə saxlayın. |
· 90 dərəcədən çox qabağa əyilməyin. · Dizinizi bud-çanaq oynağından yuxarı qaldırmayın. · Əməliyyatdan sonra ən azı səkkiz həftə ayaqlarınızı çarpazlaşdırmayın. · Oturarkən və ya oturaq vəziyyətdə irəli əyilməyin. · Yorğanı dartmaq üçün uzananda irəli əyilməyin. · Oturanda yerdən bir şey götürməyə çalışmayın. · Ayaq üstə duranda pəncənizin ucunu içəriyə çevirməyin. · Ayaqlarınızı içəriyə və ya bayıra çox çevirməyin. · Əməliyyatdan sonra ilk 2-3 ay çalışın ki, avtomobil idarə etməyəsiz. Adətən, əhvalınız müasir, rahat avtomobilləri idarə etməyə imkan verir, lakin yolda hər şey ola bilər, məsələn, təkər deşilə və sonra ciddi çətinliklər yarana bilər. |
Daha sonra, yeni oynağınızı əhatə edən əzələlər, bağlar və vətərlər gücləndikcə (adətən əməliyyatdan 4-6 həftə sonra) sadalanan qaydalardan bəzilərini etməyə bilərsiniz (məsələn, gecə ayaqlarınızın arasına yastıq qoymamaq).
Reabilitasiyanın sıfır mərhələsi (əməliyyat günü)
Şəkil 80-87 ayaqlarda qan dövranını yaxşılaşdırmağa və trombların əmələ gəlməsinin qarşısını almağa xidmət edən fiziki hərəkətlər göstərilmişdir. Bu məşqləri mütləq etmək lazımdır. Yerli anesteziya altında əməliyyat keçirmisinizsə (onurğaya iynə), əməliyyatdan sonrakı ilk 2-6 saat ərzində ayaqlarınızı hərəkət etdirə bilməyəcəksiniz, ancaq yalnız anesteziya “keçib gedəndən” sonra dərhal məşqlərə başlayın.
Bu məşqlər həm də əzələləri gücləndirmək və bud-çanaq oynağında hərəkətliliyi yaxşılaşdırmaq məqsədi daşıyır. Hər hansı hərəkət alınmasa, təslim olmayın. Bunlar sağalmanızı sürətləndirəcək və əməliyyatdan sonrakı ağrıları azaldacaq. Bütün məşqlər yavaş-yavaş etmək lazımdır.

Şəkil 80. Ayaq nasosu. Yataqda uzanarkən (və ya daha sonra kresloda oturarkən) yavaş-yavaş pəncənizi özünüzə dartın və özünüzdən uzaqlaşdırın. Bu məşqi bir neçə dəfə, hər dəfə 5-10 dəqiqə edin. Bunu əməliyyatdan dərhal sonra, birbaşa əməliyyatdan sonrakı palatada etməyə başlaya biləriniz. Tam sağalana qədər bu məşqi mütəmadi olaraq etməyə davam edin.

Şəkil 81. Baldırla pəncəni birləşdirən oynağın fırlanması. Əməliyyat olunan ayağın pəncəsini əvvəlcə saat əqrəbi istiqamətində, sonra isə əks istiqamətdə fırladın. Fırlanma diz yox, yalnız baldırla pəncəni birləşdirən oynaq hesabına həyata keçirilir! Məşqi hər istiqamətdə 5 dəfə təkrarlayın. Həm oturaraq, həm də uzanaraq edə bilərsiniz.

Şəkil 82. Budun dördbaşlı əzələsi üçün məşq. Budun ön hissəsindəki əzələni (bu, dördbaşlı əzələdir) dartın. Ayağınızın arxasını çarpayıya basaraq dizinizi daha çox düzəltməyə çalışın. Əzələ gərginliyini 5-10 saniyə saxlayın. Hər ayaq üçün məşqi 10 dəfə təkrarlayın.

Şəkil 83. Dabana dirəniş verməklə dizi qatlamaq. Dizinizi bükərək və dabanınızla yatağın səthinə toxunaraq dabanınızı sarğılarınıza doğru hərəkət etdirin. Dizinizin digər ayağa doğru dönməsinə imkan verməyin və ayağınızı bud-çanaq oynağında 90 dərəcədən çox bükməyin. Hərəkəti 10 dəfə təkrarlayın.

Şəkil 84. Əməliyyatdan sonrakı ilk gündə əvvəlki məşqi yerinə yetirmək sizin üçün çətin olarsa, onunla gözləyə bilərsiniz. Çətinlik daha sonra davam edərsə, ayağı sıxmağa kömək etmək üçün bantdan və ya dolanmış mələfədən istifadə edilə bilər.

Şəkil 85. Sağrı əzələlərinin yığılması. Sağrı əzələlərinizi yığın və 5 saniyə belə saxlayın. Hərəkəti ən azı 10 dəfə təkrarlayın.

Şəkil 86. Ayaqların yana ayrılması. Əməliyyat olunan ayağı mümkün qədər yan tərəfə aparın və geri qaytarın. Hərəkəti 10 dəfə təkrarlayın. Əməliyyatdan sonrakı ilk gündə bu məşqi yerinə yetirməkdə çətinlik çəkərsinizsə, onu dayandıra bilərsiniz. Əməliyyatdan sonrakı ilk günlərdə bu hərəkət çox vaxt alınmır.

Şəkil 87. Ayağın düz qaldırılması. Budun əzələlərini dartın ki, çarpayıda uzanan ayağın dizi tam uzansın. Bundan sonra ayağınızı yatağın səthindən bir neçə santimetr qaldırın. Hər ayaq üçün məşqi 10 dəfə təkrarlayın. Əməliyyatdan sonrakı ilk gündə bu məşqi yerinə yetirməkdə çətinlik çəkərsinizsə, onunla bir müddət dayandıra bilərsiniz. Əvvəlki məşq kimi, əməliyyatdan sonrakı ilk günlərdə çox vaxt uğursuz olur.
Bu hərəkətləri hər saat 5-10 dəqiqə edin. Onları yalnız əməliyyat günü deyil, sonrakı günlərdə də yerinə yetirməyə davam edin.
Reabilitasiyanın birinci mərhələsi: “ciddi qayğı”
(əməliyyatdan sonrakı 2-4-cü gün)
Artıq əməliyyatdan sonrakı ilk gündə təsvir olunan məşqlərdən başqa, daha dayanıb gəzə biləcəyiniz ikinci gündən etibarən ayaq üstə edilən məşqlər əlavə olunur (şəkil 88-94). Bəzən əməliyyatdan sonra zəiflik səbəbindən xəstələr ikinci gün bu cür daha çətin məşqləri yerinə yetirə bilmirlər; bu halda ertəsi gün onlara başalaya bilərsiniz. Başınız gicəllənərsə, məşq etmək olmaz, yıxıla bilərsiniz! Digər tərəfdən, başgicəllənmənin daha tez keçməsi üçün tez-tez ayağa qalxmaq (hər saat) və gündə bir neçə dəfə var-gəl etmək lazımdır.
Bütün məşqlər hər xəstəyə uyğun gəlmir. Həkiminiz məhz sizə uyğun olan məşqləri qeyd edəcəkdir. Əgər sizə başqa tövsiyyələr verilməzsə, bu məşqləri hər gün gündə üç dəfə edin: səhər, gündüz və axşam. Xatırladırıq ki, uzanarkən, “Reabilitasiyanın sıfır fazası” bölməsində təsvir olunan məşqləri yerinə yetirməyə davam etməlisiniz.
Əvvəlcə gücünüz bərpa olunana və əlavə dayaq olmadan dayana bilənə qədər köməyə ehtiyacınız olacaq. Ayaq üstə məşqləri edəndə etibarlı dayaqdan (çarpayının başı, masa, divar və ya möhkəm stul) tutun. Hər məşq zamanı hər bir hərəkəti 10 dəfə təkrarlayın.
Cədvəl 3-də reabilitasiyanın ilk mərhələsi yekunlaşdırılmışdır.

Şəkil 88. Dizin qaldırılması. Əməliyyat olunan ayağın dizini qaldırın (bel səviyyəsindən yuxarı olmayaraq). Ayağı iki saniyə saxlayın, “üçüncü” saniyədə endirin.

Şəkil 89. Bud-çanaq oynağında bükülmüş ayağın uzadılması. Əməliyyat olunan ayağı dizdən 30-40 dərəcə bucaq altında arxaya bükərək yavaş-yavaş hərəkət etdirin. Kürəyinizi düz tutun. Ayağınızı iki-üç saniyə saxlayın, sonra yerə endirin.

Şəkil 90. Ayağın yana ayrılması. Bədəninizi düz tutun; bud, diz və pəncə düz irəli baxmalıdır. Dizinizi hər zaman irəli tutaraq, ayağınızı yan tərəfə çəkin. Sonra ayağınızı yerə qayıdana qədər yavaş-yavaş aşağı salın.

Şəkil 91. Ayağın düz irəli qaldırılması. Əməliyyat olunan ayağın yan tərəfində qoltuqağacından, digər tərəfdə isə əl ilə dayaqdan (stulun arxası, çarpayı və s.) tutmaqla düz durun. Əməliyyat olunan ayağı yumşaq bir şəkildə irəli qaldırın və eyni şəkildə hamar bir şəkildə yerə endirin. Məşq zamanı kürəyinizi düz tutun. Hərəkət aralığını tədricən artırın.

Şəkil 92. Bud-çanaq oynağında ayağın maksimum düz açılması. Əməliyyat olunan ayağı mümkün qədər aramla geriyə doğru çəkin, sonra yerinə geri qaytarın. Məşq zamanı kürəyinizi düz tutun.

Şəkil 93. Dizin qaldırılması. Şəkil 88-də göstərilən bu məşq variantı dizin stul ona maneə olmadığı üçün daha yüksək qaldırılması ilə yerinə yetirilir. Əməliyyat olunan ayağın dizini baldırı demək olar ki, şaquli tutmaqla (daban aşağıya baxır) ehtiyatla qaldırın, sonra ayağı yavaşca aşağı endirin. Dizinizi bel səviyyəsindən yuxarı qaldırmayın.

Şəkil 94. Qaldırılmış ayağın açılması və bükülməsi. Əvvəlki məşq daha da çətinləşdirilə bilər. Dizi qaldırıb dayanaraq, əzələnin köməyi ilə budu sabitləşdirirsiniz və əməliyyat olunan ayağı dizdən rəvan bir şəkildə düzəldirsiniz. Sonra ayağınızı dizdən bükün, sanki dabanınızla buda çatmağa çalışırsınız. Bud hərəkətsiz qalır. Dayağı möhkəm tutun!
Cədvəl 3. Reabilitasiyanın birinci mərhələsi: “ciddi qayğı” (əməliyyatdan sonrakı 2-4-cü gün)
|
Məqsədlər |
· Yataqdan sərbəst qalxmağı və uzanmağı öyrənmək. · Qoltuqağacı və ya walker (gəzdirici) ilə sərbəst gəzməyi öyrənmək. · Sərbəst olaraq stulda oturmağı və ondan qalxmağı öyrənmək. · Tualetdən təkbaşına istifadə etməyi öyrənmək. · İdman hərəkətlərini etməyi öyrənmək. |
|
Ehtiyat tədbirləri |
· Endoprotezin çıxmasının qarşısını alan qaydalara əməl edin: düz bucaq qaydasına riayət edin, dizləriniz arasında yastıqla yatın. · Əməliyyat olunan tərəfdə yatmayın. Böyrü üstə uzanmaq istəyirsinizsə, yalnız sağlam tərəfdə yatın və dizlərinizin arasına sağrı əzələləri rahatlaşdıracaq və sümükdən aralanmasının qarşısını alacaq bir yastıq və ya mütəkkə qoyun. Bundan əlavə, dizlər arasındakı yastıq və ya mütəkkə çıxma ehtimalını azaldır. · Arxası üstə uzandığınız zaman dizinizin altına daim yastıq və ya mütəkkə qoymayın - tez-tez bunu etmək istəsənizyirsiniz, çünki dizdəki bir az qatlanma ağrıları azaldır, ancaq dizinizi hər zaman bükülmüş vəziyyətdə saxlasanız, sonra bud-çanaq oynağında ayağın açılmasını bərpa etmək çox çətin olur və həmçinin gəzməyə başlamaq çətinləşir. |
|
Reabilitasiya |
· Budun ön əzələlərinin məşq edilməsi (ayağın düz qaldırılması). · Digər bud əzələlərini məşq etmək (ayaqlar arasındakı yastığı sıxmaq). · Sağrı əzələlərinin məşq edilməsi (sağrıların yığılması). · Baldır əzələlərinin işi (pəncənin hərəkət edilməsi). · Dayandığınız zaman ayağınızı tamamilə düzəldin. · Qoltuqağacı (walker (gəzdirici) ilə gəzmək müddətini və tezliyini tədricən artırın. Əməliyyatdan sonra 4-5-ci günə qədər gündə 4-5 dəfə, hər dəfə 100-150 metr gəzmək yaxşı nəticə hesab olunur. · Sol və sağ ayaqda yükün simmetrik düşməsinə səy göstərməlisiniz (həkim əməliyyat olunan ayağı yükləməyinizə icazə verərsə). · Axsamamağa çalışın, qoy addımlar daha qısa və yavaş olsun, amma axsaq addımlar olmasın. · 4-5-ci gün üçün “çatma” yerişindən normal yerişə keçin (yəni gəzərkən əməliyyat olunan ayağı sağlam ayaqdan qabağa irəli qoyun). |
Hərəkətlərin yerinə yetirilməsi üçün ümumi tövsiyələr
- Tədricilik. İdman hərəkətləri asan və ağrısız olsa belə, yükü bir anda çox artırmayın, hər şeyi bir anda etməyə çalışmayın - bu, ağrının kəskin artmasına, qızdırmanın qalxmsına və digər daha ciddi ağırlaşmalara səbəb ola bilər. Çox güman ki, əməliyyat zamanı cərrah bud-çanaq oynağına daxil olmaq üçün əzələlərinizdən hansınısa sümükdən kəsib aralamışdır (adətən sağrı əzələsini edirlər) və endoprotezi qoyandan sonra əzələni yenidən tikib birləşdirmişdir ki, tədricən sümüyə bitişsin. İlk 2-3 həftə ərzində bu əzələ “saplarla” qalır və çox güc tələb edən məşqlər həmin əzələnin qismən və ya hətta tamamilə sümükdən qopmasına səbəb ola bilər. Məhz buna görə əməliyyatdan sonrakı ilk ayda güc hərəkətlərini etməməyi tövsiyə edirik. Yüklənməni tədricən artırmaq daha yaxşıdır, hər dəfə əvvəlkidən bir az daha çox artıq yerinə yetirmək, amma ilk ayda məşqlərı ağrı ilə etmək olmaz.
- Davamlılıq. Daima, gündə bir neçə dəfə, gəzməyi və idman hərəkətlərini istirahətlə növbələyərək məşq edin. Hətta hər şeyin artıq alındığını bilsəniz də, yenə məşq etməyə davam edin. Hərəkətlər kompleksi daxilində müxtəliflik yaradın, müxtəlif əzələ qruplarını məşq etdirin: həmişə əzələ zəifliyinə görə başqalarından daha pis alınan hər hansı bir hərəkətin olduğunu ayırd edə bilərsiniz; məhz ona diqqət yetirin.
- Müntəzəmlik. Mümkünsə həmişə eyni vaxtda məşq edin. Bu, bədəni optimal yükə hazırlayır və məşqlər daha böyük təsir göstərir. Gündə bir neçə dəfə, hər dəfə 10-15 dəqiqə məşqul olmaq 30-40 dəqiqədən sonra özünüzü yormaqdan daha yaxşıdır.
- Kompleks yanaşma. Yalnız təkcə əməliyyat etdiyiniz ayağı məşq etirməyin. Mütləq digər ayağı, qolları və gövdəni də məşq etdirin. Bu, endoprotezləşdirilmənin nəticələrini yaxşılaşdırmağa kömək edər.
- Diqqətlilik və ehtiyatlılıq. Heç vaxt qəfil hərəkətlər etməyin, həmişə ehtiyyatla məşq edin. Bazu kələfi sinirlərinin sıxılmasının qarşısını almaq üçün qoltuqağaclarının qoltuqaltı hissəsinə yumşaq yastıq (pambıq, cuna və s.) qoymaq daha yaxşıdır. Ovuçlarınızın sürüşməsinin qarşısını almaq üçün, idman mağazasında alına bilən tennis raketləri üçün xüsusi lentlə və ya bintlə qoltuqaltıların tutacaqlarını yaxşıca sarıyın. Endoprotezləşdirilmədən sonra hərarətin 38-39 dərəcəyə qədər artması mümkündür. Bu, bədənin əməliyyata normal reaksiyasıdır. Bəzən hərarət bir neçə həftə yükək qalır. Bədən istiliyi 380C-dən yuxarı olduqda idman etmək arzuolunmazdır.
Bundan əlavə, əməliyyatdan sonrakı ilk bir neçə gündə arterial təzyiq düşə bilər. Təzyiq 100/60 mm c.st-dən aşağı olarsa, zəiflik, gözlərin qaralması, başgicəllənmə varsa, yıxılmamaq üçün məşqlər etmək lazım deyil. Belə zəiflik dövründə sadəcə çarpayının kənarında oturmaqla və yatağın yanında 2-3 metr radiusda kiçik gəzintilərlə kifayətlənin. Hər halda, zəiflik belə olsa da, hər zaman uzanmaqdansa, hər saat qalxmaq daha yaxşıdır. Bütün vaxtı uzanmış vəziyyətdə keçirməsəniz, zəiflik daha tez keçəcək.
Əgər təksinizsə, zəiflik hiss edəndə çarpayıdan ayağa qalxmayın. Gəzinti zamanı başgicəllənmə baş verərsə, dayanın, əyləşin və ya məhəccərə söykənin, işçiləri köməyə çağırın. Bəzi hallarda, əməliyyatın xüsusiyyətlərindən asılı olaraq həkim bu və ya digər hərəkətləri qadağan edə bilər, buna görə də çətinliklərinizi və suallarınızı dərhal həkiminizlə aydınlaşdırın.
Reabilitasiyanın ikinci mərhələsi: “aldadıcı imkanlar” (əməliyyatdan 5-21-ci gün)
Reabilitasiyanın ikinci mərhələsində də məşqlər əvvəlki kimi qalır. Əməliyyatdan 4-5 gün sonra pilləkənlərlə düşməyi öyrənmək lazımdır. Pilləkənlərlə hərəkət etmək həm oynağın hərəkətliliyini, həm də əzələ gücünü tələb edir, buna görə də tam sağalana qədər bunu etməmək daha yaxşıdır. Ancaq bir çoxumuz üçün bu mümkün deyil axı, hətta bir çox evdə liftə pilləkənlərlə qalxmaq lazımdır. Pilləkənlərdən istifadə etməlisinizsə, kənar köməyə ehtiyacınız ola bilər.
İki qoltuqağacı ilə pilləkənlərlə yuxarı qalxmaq
- Adi qoltuqağaclarınız varsa, pilləkənlərə qalxmaq üçün:
1) sağlam ayağınızla bir pillə yuxarı addım atın;
2) əməliyyat olunmuş ayaq ilə eyni pilləyə addım atın;
3) hər iki ayağın artıq dayandığı pilləyə qoltuqağacı qoyun.
- Dirsək dəstəkli qısaldılmış qoltuqağaclarınız varsa, pillələri qalxmaq üçün:
1) sağlam ayağınızla bir pillə yuxarı addım atın;
2) qoltuqağaclarınızı sağlam ayağın dayandığı pilləyə qaldırın;
3) əməliyyat olunmuş ayağınızla artıq sağlam ayağınızın və qoltuqağacının qoyulduğu pilləyə addım atın.
Beləliklə, yuxarı qalxanda hərəkət ardıcıllığı:
- adi qoltuqağacı ilə - sağlam ayaq, əməliyyat olunmuş ayaq, qoltuqağacı; bundan sonra dövr təkrarlanır;
- qısaldılmış qoltuqağacı ilə - sağlam ayaq, qoltuqağacı, əməliyyat olunmuş ayaq; bundan sonra dövr təkrarlanır;

Şəkil 95. Adi qolduqağacı ilə pilləkənlə qalxmaq.

Şəkil 96. Qısaldılmış (dirsəkaltı) qoltuqağacı ilə pilləkənlə qalxmaq.
İki qoltuqağacı ilə pilləkənlərlə aşağı düşmək
Pilləkənlərdən enərkən qoltuqağacı növlərinin heç bir fərqi yoxdur: hərəkətlərin ardıcıllığı həmişə eynidır:
- Qoltuqağaclarınızı bir pillə aşağı qoyun.
- Əməliyyat olunan ayağı qoltuqağacının olduğu pilləyə endirin.
- Eyni pilləyə sağlam ayağınızı qoyun.
Beləliklə, aşağı düşəndə hərəkət ardıcıllığı:
qoltuqağacları, əməliyyat olunan ayaq, sağlam ayaq; bundan sonra dövr təkrarlanır (şəkil 97).

Şəkil 97.
Həkim və ya təlimatçının köməyi ilə qoltuqağacı ilə pilləkənlərdə gəzməyi mənimsəyərək özünüz sərbəst məşq edə bilərsiniz. Yalnız hərəkətlərin ardıcıllığını yaxşı yadda saxlamaq və gündə 1-2 pilləkən aşırımından çox olmamaqla gəzmək lazımdır.
Daha sonra, yalnız bir qoltuqağacı ilə yeriyəndə, həmişə əməliyyat olunan oynağa əks əlinizlə sürahıya söykənin və əvvəlki kimi bir dəfəyə bir addım addımlayın. Hərəkətlərin ardıcıllığı dəyişmir - sadəcə ikinci qoltuqağacı yerinə əlinizlə sürahidən möhkəm yapışın. Heç bir halda gəzəndə pillələri arada atlamayın. Pilləkənlərlə yuxarı qalxarkən və aşağı enərkən, ardıcıl olaraq hər növbəti pilləyə hər iki ayağınızla və qoltuqağacınızla addımlayın!
Bir qoltuqağacı ilə pilləkənlərə qalxmaq
- Sağlam ayağınızla bir pillə yuxarı addım atın;
- Əməliyyat olunan ayağı eyni pilləyə qoyun;
- Eyni pilləyə qoltuqağacını və ya əsanı götürüb qoyun.

Şəkil 98.
Bir qoltuqağacı ilə pilləkənlərdən enmək (hamısı tərs qaydada)
- Qoltuqağacını (əsanı) aşağı pilləyə qoyun.
- Əməliyyat olunan ayağınızla aşağı addım atın.
- Sağlam ayağı aşağı salın.
Unutmayın ki, pilləkənlərə qalxmaq həmişə sağlam ayaqla addımlamaqla başlayır, enmək isə əməliyyat olunan ayaqla.
İki qoltuqağacı ilə pilləkənlərlə inamla yeriyə bildikdən sonra Şəkil 98-də göstərildiyi kimi hər iki qoltuqağacı bir əldə tutaraq bir qoltuqağacı ilə yeriməyə cəhd edə bilərsiniz. Yalnız bundan sonra şəkil 99-da göstərildiyi kimi bir qoltuqağacı ilə pilləkənlərdə gəzməyə başlaya bilərsiniz .

Şəkil 99.
Reabilitasiyanın ikinci mərhələsini “aldadıcı imkanlar” adlandırmağımız təsadüfi deyil. Əksər hallarda, 4-5 gün sonra əməliyyat zəifliyi nəhayət yox olur, insan ayağını “ hiss edərək” hərəkətləri yerinə yetirməyi öyrənir və daha çoxa nail olmaq istəyir. Çox vaxt bu zaman xəstələr çıxıqların qarşısını alan qaydalara məhəl qoymurlar, yastıqlardan imtina edirlər, tumbadan əşyaları çevrilib almağa başlayırlar və s. və bu pozuntular əzələlər və bağlar hələ güclənməmiş halda çıxıqlara səbəb ola bilər.
Reabilitasiyanın ikinci mərhələsində hadisələrin gedişatını gücləndirmək: çox uzağa getməyə çalışmaq (100-150 metrdən çox) və ya çox səylə məşq etmək lazım deyil. Belə bir “qoçaqlıq” əməliyyatdan sonrakı ağrının kəskin artmasına səbəb ola bilər, çünki yara hələ tam sağalmayıb, əzələlər və fassiya hələ möhkəm birləşməyib. Buna baxmayaraq, məşqlər davam etdirilməlidir.
Reabilitasiyanın üçüncü mərhələsi: “işin əvvəli”
(Əməliyyatdan 4-8 həftə sonra)
Əməliyyatdan 4-5 həftə sonra əzələlər və fassiya artıq kifayət qədər möhkəmlənir və bu, əzələlərə yükü artırmağın, onların gücünü bərpa etmək, bud-çanaq oynağını əhatə edən bütün əzələlərin əlaqəli fəaliyyəti olmadan qeyri-mümkün olan tarazlıq qabiliyyətini məşq etdirmək vaxtının gəldiyi məhz həmin vaxtdır.
Bütün bunlar qoltuqağacından əsaya və sonra tamamilə müstəqil gəzməyə keçmək üçün lazımdır. Əzələlər hələ oynağı tam saxlaya və özü də mümkün qeyri-standart vəziyyətlərə (məsələn, kəskin çevrilmə) reaksiya vermək qabiliyyətinə malik olmadığı vaxtda qoltuqağacından tez imtina etmək mümkün deyil.
Böyrü üstə vəziyyətdə ayağı yana aralamaq. Çıxış vəziyyəti böyrü üstə uzanaraq ayaqları dizlərdə və bud-çanaq oynağından bir az bükmək. Əməliyyat olunmuş ayaq bu zaman yuxarıda olur. Başın altına bir yastıq qoymaq lazımdır, çünki əks halda əzələlər gərginləşəcək və çanaq çəpinə olacaq. Əvvəlcə məşqi asanlaşdırmaq üçün ayaqları arasında mütəkkə qoymaq yaxşı olar. Dabanlarınızı bir yerdə tutaraq və kürək və çanağınızı hərəkətsiz saxlayaraq, yavaş-yavaş xəstə ayağın dizini yuxarı qaldırın (şəkil 100).

Şəkil 100. Böyrü üstə uzanmış vəziyyətdə ayağın yana ayrılması.
Müqavimətli məşqlər (elastik lentlə). Bu məşqlər (şəkil 101-103) hər birini 10 dəfə təkrarlayaraq səhər, günorta və axşam yerinə yetirilməlidir. Elastik lentin bir ucu əməliyyat olunmuş ayağın topuğunun ətrafına, digər ucu isə bağlı qapıya, ağır mebelə və ya İsveç divar mebelinə bərkidilir. Tarazlığı qorumaq üçün stuldan və ya çarpayının başından tutmaq lazımdır.

Şəkil 101. Müqavimət göstərməklə ayağın bud-çanaq oynağından bökülməsi. Kürəyinizi elastik lentin bağlandığı divara və ya ağır əşyaya söykəyərək düz durun. Kresloya və ya digər dayaq əşyaya söykənin. Düz ayağı irəli uzadın, lenti dartın, ayağı bir neçə saniyə saxlayın və sonra yavaş-yavaş əvvəlki vəziyyətinə qaytarın.

Şəkil 102. Müqavimət göstərməklə ayağın bud-çanaq oynağından açılması. Əməliyyat olunmuş ayağınızı azca yan tərəfə qoyaraq üzü elastik lentin bağlandığı divar və ya ağır əşyaya tərəf durun. Dizinizi düz tutaraq ayağınızı geri çəkin, sonra yavaş-yavaş ayağınızı əvvəlki vəziyyətinə qaytarın.

Şəkil 103. Müqavimət göstərməklə ayağın yan tərəfə aralanması. Sağlam tərəfinizlə elastik lentin bağlandığı qapıya və ya ağır əşyaya qarşı durun. Əməliyyat olunan ayağı yavaş-yavaş yan tərəfə aralayın və sonra əvvəlki vəziyyətinə qaytarın.
Yerimə. Tarazlığınızdan əmin olmadığınız müddətcə əsadan istifadə edin. Əvvəlcə gündə 3-4 dəfə 5-10 dəqiqə gəzin. Güc və dözümlülüyünüz artdıqca gündə 2-3 dəfə 20-30 dəqiqə gəzə biləcəksiniz. Tam sağaldıqdan sonra əldə etdiyiniz əzələ gücünü saxlamaq üçün həftədə 3-4 dəfə 20-30 dəqiqə müntəzəm gəzintilərə davam edin.
Trenajorlarda məşqlər. Ayağı bud-çanaq oynağından açan əzələləri gücləndirmək üçün xüsusi trenajorda məşqlər faydalıdır (şəkil 104). Bundan əlavə, əzələ gücünü və bud-çanaq oynağının hərəkətliliyini bərpa etmək üçün gözəl bir üsul velotrenajorda məşqlərdir. Oturacağın hündürlüyü elə tənzimləyin ki, siz dizinizi tam açanda endirilmiş pedala ancaq çatdıra biləsiniz. Əvvəlcə pedalı geri çevirin və yalnız bu hərəkəti çətinlik çəkmədən edə biləndən sonra pedalı irəli çevirməyə başlayın. Əzələləriniz gücləndikcə (əməliyyatdan təxminən 4-6 həftə sonra) yükü tədicən artırın. Düz bucaq qaydasına riayət etməyi unutmayın: dizinizi bud-çanaq oynağından yuxarı qaldırmayın. Gündə iki dəfə 10-15 dəqiqə pedalı irəli fırladın, hər seansın vaxtını tədricən 20-30 dəqiqəyə, məşqlərin sayını isə həftədə 3-4 dəfəyə qədər artırın. Qısa pedallı (uzunluğu 10 sm) velotrenajordan istifadə etmək daha yaxşıdır. Bu vəziyyətdə oturacağın hündürlüyü elə tənzimlənir ki, pedalın alt mövqeyində ayaq tamamilə düzləşmiş olsun.

Şəkil 104. Bud-çanaq oynağından ayağın açılmasının məşq etdirilməsi. Məşq xüsusi trenajorda yerinə yetirilir. Onurğa hərəkətsiz qalmalıdır; bütün ayağı açma işlərini ayaq əzələləri yerinə yetirməlidir.
Tarazlığın saxlanmasının məşq etdirilməsi. Tarazlıq bud-çanaq oynağını əhatə edən əzələlərin koordinasiyalı işi ilə təmin edilir. Təəssüf ki, tarazlıq məşqinə çox az diqqət yetirilir və yalnız hərəkətlərin amplitudunu və əzələlərin gücünü məşq elətdirirlər. Ancaq əzələlərin güclü olması kifayət deyil - onlar həm də düzgün işləməlidirlər, buna görə də tarazlığı məşq etdirmək çox vacibdir. Bir ayaqda (əvvəlcə əməliyyat olunmayan, sonra əməliyyat olunan) əlinizlə tutacaqdan yapışıb dayanmaqla sadə cəhdlərlə başlaya bilərsiniz. Tədricən tarazlıq məşqini çətinləşdirin (şəkil 105—107).

Şəkil 105. Sağlam ayaqda elastik lent ilə tarazlığın dinamik məşqi. Təxminən 2 metr uzunluğunda bir elastik lentin sərbəst ucları döşəmədən təxminən 20 sm yüksəklikdə sabit obyektə (məsələn, İsveç divar mebelinin taxtasına) bağlanır. Beləliklə, təxminən 1 metr uzunluğunda bir dövrə yaranır. Divardan təxminən 60-70 sm məsafədə dayanaraq, xəstə bu dövrəni sağlam ayağına qoyur ki, dövrə topuq səviyyəsində yerləşsin. Elə durmaq lazımdır ki, dizlər bir az əyilsin, ancaq gövdəni düz tutmaq lazımdır. Sağlam ayağı (elastik lentin yaratdığı dövrənin taxıldığı ayaq) yan tərəfə yellətməyə başlayırsınız. Bu məşq hər iki ayağın əzələlərini məşq etdirir, lakin hər şeydən əvvəl tarazlığı qorumaq üçün lazım olan əzələlərin əlaqələndirilmiş işi öyrədilir. Məşq edərkən əlinizi divara və ya stula söykəyə bilərsiniz.

Şəkil 106. Güzgü qarşısında pillədən enmə məşqləri. Məşqlər alçaq pillə (10 sm yüksəklikdə) ilə başlayır. Xəstə pillədə dayanır və sağlam ayağını irəli yavaş addım ataraq pillədən düşür. Bu zaman bədənin çəkisi tarazlığı məşq edən əməliyyat olunmuş ayağın üzərinə düşür. Xəstənin qarşısında güzgü olmalıdır ki, o, özünə yan tərəfdən baxa və ayaqların və budun vəziyyətinə nəzarət edə bilsin - pillədən enərkən ağırlığın xəstə ayağa tərəf düşməməsini təmin etmək çox vacibdir. Sonra başlanğıc vəziyyətə qayıdın və məşqi təkrarlayın. Məşq düzgün aparılarsa, pillənin hündürlüyü tədricən artırılır (15 və 20 sm).

Şəkil 107. Güzgü qarşısında pilləyə qalxma məşqləri. Məşqlər alçaq pillə (10 sm yüksəklikdə) ilə başlayır. Xəstə döşəmədəki pillənin önündə dayanır və sağlam ayağı ilə astaca irəli addım ataraq pilləyə qalxır. Bu zaman bədənin çəkisi tarazlıq məşqi keçən xəstə ayağın üzərinə düşür. Xəstənin qarşısında bir güzgü olmalıdır ki, özünə yan tərəfdən baxa və ayaqların və budların vəziyyətinə nəzarət edə bilsin - pilləni qalxarkən ağırlığın xəstə ayağa tərəf düşməməsini təmin etmək çox vacibdir. Sonra başlanğıc vəziyyətinə qayıdın və məşqi təkrarlayın. Məşq düzgün aparılırsa, pillənin hündürlüyü tədricən artırılır (15 və 20 sm).
Geriyə yerimə. Xəstə qaçış zolağında arxası qabağa dayanır, yəni ənsəsi idarəetmə panelinə baxır və əlləri ilə sürahidən tutur. Qaçış zolağının sürətini 1-2 km / saat olaraq təyin edirlər və pəncəni ayaq barmaqlarından dabana qədər yuvarlanması ilə geri yerişə başlayırlar. Pəncə tam qaçış zolağında olanda, ayağınız tamamilə düz olmalıdır.
Hərəkətlərin effektivliyinin qiymətləndirilməsi. Reabilitasiya proqramının effektivliyinin qiymətləndirilməsi üçün iki sadə sınaqdan istifadə edə bilərsiniz: “irəli əyilmək” və “qalxmaq və bir müddət gəzişmək”. İrəli əyilmək sınağı zamanı (şəkil 108) çiyin səviyyəsində santimetr ölçülü lenti bərkidilmiş divara tərəf yanakı dayanmış xəstə qolunu qarşısına uzadır və ayaqlarını yerdən qaldırmadan mümkün qədər qabağa əyilir və çata bildiyi məsafəni qeyd edir. “Qalxmaq və bir müddət gəzişmək” sınağı aşağıdakı kimi aparılır: xəstə standart hündürlükdə olan stulda elə oturur ki, dizləri düz buçaq altında bükülmüş olsun, sonra komanda ilə ayağa qalxır, 3 metr irəli gedir, 180 dərəcə dönür və kresloya qayıdır. Sınağın yerinə yetirilməsinə sərf olunan vaxt saniyələrlə ölçülür. Sınaq standartları 4 və 5-ci cədvəllərdə verilmişdir. Sınağın nəticələrini əvvəlki məşq zamanı əldə edilən nəticə ilə müqayisə edərək, məşğələlərin effektivliyini qiymətləndirmək olar.
6-cı Cədvəldə reabilitasiyanın üçüncü mərhələsi ümumiləşdirilir.

Şəkil 108. “İrəli əyilmə” sınağı. Xəstə santimetr ölçülü lentin çiyin səviyyəsində bağlandığı divara tərəf yanakı dayanır. Ayaqları bir az aralı qoyur. Xəstə qolunu qarşısına uzadır və bacardığı qədər irəli əyilir; bu vəziyyətdə ayaqları yerində qalmalıdır. Xəstənin çata bildiyi məsafə üç dəfə ölçülür.
Cədvəl 4. “İrəli əyilmə”sınaqlarının normativləri
|
Kişilər |
Qadınlar |
||
|
Yaş |
Məsafə |
Yaş |
Məsafə |
|
70 yaşdan kiçik |
38 sm |
50 yaşa qədər |
40 sm |
|
70 yaşdan böyük |
33 sm |
60 yaşa qədər |
38 sm |
|
|
|
70 yaşa qədər |
37 sm |
|
|
|
70 yaşdan böyük |
34 sm |
Cədvəl 5. “Qalxmaq və bir müddət gəzişmək” sınağının normativləri
|
Yaş, illər |
40—49 |
50—59 |
60—69 |
70—79 |
|
Vaxt, saniyə |
6,2 |
6,4 |
7,2 |
8,5 |
Cədvəl 6. Reabilitasiyanın üçüncü mərhələsi: “işin əvvəli” (əməliyyatdan 4-8 həftə sonra)
|
Məqsədlər |
· İki qoltuqağacından birinə, sonra əsaya keçmək. · Geriyə gəzməyi öyrənmək. · Bud əzələlərinin gücünü bərpa etmək. · Tarazlıq hissini bərpa etmək (bir ayağınız üzərində dayanaraq və tutacağdan tutaraq tarazlığı saxlamağı öyrənmək, reabilitasiyanın dördüncü mərhələsində tarazlıq hərəkətlərini çətinləşdirin, məsələn, yellənən platform üzərində iki ayaq üstündə durun). · Bud-çanaq oynağında hərəkəti bərpa etmək: yalnız bud-çanaq oynağında ayağı tamamilə və problemsiz düzəltmək deyil, həm də onu 10-20 dərəcə geri çəkmək vacibdir. · Əməliyyatdan sonra 8-ci həftəyə qədər “irəli əyilmə” və “qalxmaq və bir müddət gəzişmə” sınaqlarının normativlərini yerinə yetirmək. · Əsasız gəzməyə keçmək. |
|
Ehtiyat tədbirləri |
· Endoprotezin çıxmasının qarşısını alan qaydalara əməl edin: düz bucaq qaydasına riayət edin, ayaqlarınızı çarpaz qoymayın. · Eyni vəziyyətdə uzun müddət (1 saatdan çox) oturmaqdan çəkinin: ara-bir qalxın və gəzişin. · Ağrıya səbəb olan idman hərəkətləri etməyin. |
|
Reabilitasiya |
· Tarazlığın saxlanmasının məşq etdirilməsi. · Geriyə gəzmək. · Budun ön əzələlərini məşq etdirmək (yarımçıq oturma və s.). · Yaxınlaşdıran bud əzələlərini məşq etdirmək (ayaqlar arasındakı yastığı sıxmaq). · Sağrı əzələlərini məşq etdirmək (sağrıların yığılması). · Ayağı uzaqlaşdıran əzələləri məşq etdirmək (əvvəlcə sadəcə ayağı kənara aralamaq, sonra lenti dizlərinizlə yan tərəfə uzatmaq). · Velotrenajorda məşqlər (qısa pedallarla). · Pillə ilə məşqlər. |
Reabilitasiyanın dördüncü mərhələsi: “tam bərpa”
(əməliyyatdan 9-14 həftə sonra)
Bu reabilitasiya mərhələsində bud-çanaq oynağında hərəkətlərin gücünü, amplitudunu və tarazlıq hissini tam bərpa etmək lazımdır. Təəssüf ki, çox vaxt bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı keçirən bir çox insan özlərini sağlam hiss etməyə başladıqları üçün əsasız gəzməyə başladıqdan sonra idman etməyə tənbəllik edirlər və yaxud əməliyyatdan sonra narahatlıq və ya ağrı tam keçməyibsə, bunun artıq düzələ bilməyəcəyinə inanırlar. Üstəlik, qalıq ağrı əməliyyatdan əvvəlki olan ağrı ilə heç cür müqayisə olunmadığı üçün insan özünü bərpa ilə məşqul olmağı dayandırır. Buna yol vermək olmaz! Məşqləri davam etdirmək lazımdır, çünki güclü və yaxşı işləyən əzələlər sizə qeyri-adi hallarlın öhdəsindən gəlməyə imkan verəcək (qəza, buz üzərində sürüşmə və s.). Ona görə də əzələlərinizi əməliyyatdan çox on illər sonra da həmişə tonusda saxlamalısınız. Ədalət naminə qeyd edək ki, məşqlər təkcə endoprotezləşdirilmə əməliyyatı keçiriənlər üçün deyil, bütün insanlar üçün lazımdır.
7-ci Cədvəldə reabilitasiyanın üçüncü mərhələsi ümumiləşdirilir.
Cədvəl 7. Reabilitasiyanın dördüncü mərhələsi: “tam bərpa” (əməliyyatdan 9-14 həftə sonra)
|
Məqsədlər |
· Pilləkənlərlə dalı-dalı düşüb çıxmağı öyrənmək. · “İrəli əyilmə” və “qalxmaq və bir müddət gəzişmək” sınaqlarının normativlərini yerinə yetirmək (əməliyyatdan sonra 8-ci həftəyə qədər nəticə əldə olunmayıbsa). · Sınaqların nəticələrini yaxşılaşdırmaq. |
|
Ehtiyat tədbirləri |
· Ağrıya səbəb olan idman hərəkətlərni etməyin. |
|
Reabilitasiya |
· Tarazlığı məşq etdirmək üçün çətin hərəkətlər (yelləncək platformasında iki ayaq üzərində tarazlığı saxlamaq, elastiki lentlə məşqlər bir ayağında dayanan vəziyyətdə topu divara atmaq və sıçrayandan sonra topu tutmaq). · Qaçış zolağında fərqli sürətlə irəli və geri gəzmək. · Geriyə gəzmək. · Budun ön əzələlərini məşq etdirmək (yarımçıq oturma və s.). · Yaxınıaşdıran bud əzələlərini məşq etdirmək (ayaqlar arasındakı yastığı sıxmaq). · Sağrı əzələlərini məşq etdirmək (sağrıların yığılması). · Uzaqlaşdıran əzələləri məşq etdirmək (lenti dizlərlə yan tərəfə dartmaq). · Velotrenajor (məsləhətdir ki, uzun pedallar olsun). · Daha hündür pillə ilə məşqlər. |
Unutmayın ki, məşqlərin müstəqil seçimi təhlükəli ola bilər. Müəyyən məşqlərin vəziyyətinizə uyğun olub-olmadığını həkiminizdən öyrənin.