Mümkün ağırlaşmalar

Bud-çanaq oynağının endoprotezləşdirilməsi­ digər əməliyyatlar kimi müəyyən ağırlaşma riski ilə müşayiət oluna bilir.

Ümumi ağırlaşmalar, xüsusən də ­anesteziyaya əlavə reaksiyalar, ­nadir hallarda olur: anesteziologiyanın müasir səviyyəsi ­onların riskini minimuma endirməyə imkan verir. Ancaq təəssüf ki, hər şey ola bilir. Məsələn, əməliyyatdan sonrakı­ dövrdə ürək infarktı, insult, mədə xorasının kəskinləşməsi və s. kimi hallar inkişaf edə bilər­. Buna görə ­də əməliyyatdan əvvəl sağlamlığınızın bütün xüsusiyyətləri barədə həkiminizə məlumat verin ­ki, cərrah ağırlaşmaların qarşısını almaq üçün tədbirlər görə bilsin. Bir daha vurğulayırıq ki, bu fəsadlar nadir hallarda olur. Klinikamızda 1000 əməliyyatan 1 belə hadisəyə rast gəlinir.

Tromboemboliya ağırlaşmaları. Əməliyyatdan sonra hərəkətlilik bir müddət azalır və venalarda tromb əmələ gəlməsi riski artır­. Tromblar qan damarının divarına yapışmış qan laxtalarıdır. Çox vaxt baldırın vena damarlarında əmələ gəlirlər. Bəzən tromblar qopa bilər (onda bu tromboemboliya adlanır) və qan axını ilə ağciyərlərə düşüb­ həyat üçün təhlükəli ağırlaşmalar­ yarada bilərlər, ona görə də trombların əmələ gəlməsinə yol verilməməsi vacibdir­. Bu məqsədlə həkiminiz sizə antikoaqulyantlar təyin edə bilər.

Antikoaqulyantlar nədir? Antikoaqulyantlar ­və ya qan laxtalanması əleyhinə preparatlar haqqında adətən “qandurulducular” deyirlər­, amma bu heç də tamamilə doğru deyil. Əslində onların təsir mexanizmi­ qan laxtalanmasının qarşısını almaqdır. Bunlara Kleksan, Fraqmin, Varfarin, Arikstra Ksarelto, Pradaksa və başqaları aiddir. Cərrah sizə dərmanlardan birini istifadə etmək üçün nə qədər vaxt lazım olduğunu izah etməklə təyin edə bilər.

Antikoaqulyantlar arasındakı fərq nədir­? Varfarin daxilə qəbul (həkimlər buna peroral deyir) üçün həblərlə buraxılır. Onun çatışmayan cəhəti budur ki, dozanı ­qan analizi əsasında seçirlər (beynəlxalq normallaşdırılmış nisbət (BNN) qiymətləndirilir­), bunu etmək isə­ çox çətin olur.

Arikstra, Kleksan və Fragmin inyeksiya şəklində ­gündə bir və ya iki dəfə qarın dərisinin altına vurulur. Onların üstünlüyü bundan ibarətdir ki, onların dozası yalnız bədən çəkisi və yanaşı xəstəliklərlə müəyyən edilir, yəni qan analizlərin köməyi ilə daima dozaya nəzarət etməyə ehtiyac qalmır­­.

Ksarelto və Pradaksa həbləri Varfarin kimi daxilə qəbul olunur, lakin ondan fərqli olaraq dozanın seçilməsi üçün daima qan analizlərinə ehtiyac yoxdur.

Bu dərmanlardan düzgün istifadə edildikdə tromboemboliya ağırlaşmaların qarşısının alınmasında onların effektivliyi eyni olur­. Lakin trombozun qarşısını almaq üçün antikoaqulyantların istifadəsindən əlavə ayaqlarınızı elastik bintlə bağlamalısınız və ­xüsusi məşqləri yerinə yetirməlisiniz.

Əməliyyatdan sonra ayaqlarınızı elastik bintlə sarıyacaqlar və ya sıx uzunboğaz çorabı və ya qolf corabı geyinəcəksiniz. Bu venalarda trombların əmələ gəlməsinin qarşısını almaq üçün lazımdır.

Əməliyyatdan sonra ən azı 5 həftə ərzində baldırı dizə qədər bintləməyi və ya sıxan uzunboğaz qolf corabları geyinməyi davam etdirmək vacibdir. Bəzi hallarda həkim­ qolf corablarını daha uzun müddətə, hətta bir neçə aya qədər, geymyi məsləhət görə bilər­.

Trombların meydana gəlməsinin qarşısını almaq üçün 12-ci fəsildə (“Reabilitasiyanın sıfır mərhələsi” bölməsi) təsvir olunan məşqləri yerinə yetirməlisiniz, yəni pəncənizi hərəkət etdirməlisiniz­­­. Baldır əzələlərinin inkişafı ilə müşayiət olunan bu hərəkətlər damarlar vasitəsilə qanın dövranını asanlaşdırır və trombların əmələgəlmə riskini azaldır.

Əməliyyat zamanı damarların və ya sinirlərin zədələnməsi­. Bud-çanaq oynağı endoprotezləşdirilməsində də hər hansı digər əməliyyatlarda olduğu kimi sinirlərin və böyük damarların zədələnməsi riski var, lakin bu çox aşağı nisbətdə olur və yüzdə bir faiz ­­təşkil edir. Əgər əməliyyatdan sonra­ ayağınızda qəfildən artan uyuşma və ya zəiflik hiss etsəniz , dərhal həkimə və ya tibb bacısına bildirin.

Əməliyyat zamanı sınıq. Bəzən ­sümük quruluşunun xüsusiyyətləri - qabarıq skleroz­ (düyünlənmə) və ya bud sümüyünün kanalının çox dar olması - endoprotezin quraşdırılması zamanı sümüyün sınmasına səbəb ola bilər. Bu vəziyyətdə cərrah əvvəlcə osteosintez həyata keçirir, yəni sınığı xüsusi kabellər, lövhəçiklər və vintlər ilə birləşdirir və ­bundan sonra endoprotezi qoyur. Əgər əməliyyat zamanı sınıq yaranarsa, onda onun bitişməsi üçün çox vaxt lazım olduğundan siz daha uzun müddət ayağınıza istinad edə bilməyəcəksiniz­. Adətən belə sınıqlar­ 2 - 2,5 ay ərzində tam olaraq möhkəm bitişir.

İnfeksiyalarla ağırlaşmalar. Bud-çanaq oynağı endoprotezləşdirilməsində infeksiyalarla ağırlaşmalar kifayət qədər nadir olsa da, ­­bu ağırlaşmalar ciddi olub­ təcili cərrahi müdaxilə tələb edir. Ona görə də ­­bunun qarşısını almaq üçün sizə əməliyyatdan sonra 2-3 gün ərzində antibiotiklər vurulacaqdır. Xəstəxanadan çıxdıqdan sonra müəyyən tibbi prosedurlardan keçiriləndə ehtiyat tədbirləri görməli olacaqsınız­. Məsələn, dişin peşəkar təmizlənməsi daxil olmaqla diş həkimi tərəfindən planlı diş müalicəsi bakteriyaların qan dövranına düşməsinə və endoprotezin infeksiyasına səbəb ola bilər­. Stomatoloji prosedurlardan 30-60 dəqiqə əvvəl ­antibiotikin venadaxili yeridilməsi infeksiya­ riskini faktiki olaraq aradan qaldırır. Eyni hal cərrahi əməliyyatlar və kolonoskopiya kimi müayinələr üçün də tətbiq olunur, ona görə də həmişə bunları etməli olan həkiminizə deyin­ ki, sizdə endoprotez var və antibiotiklə profilaktika olunmalısınız.

Çıxıq. Bud-çanaq oynağının dəyişdirilməsi üzrə istənilən əməliyyatdan sonra, ­xüsusən də ilk bir neçə gün və ya həftələrdə endoprotezin yerindən çıxma riski var (endoprotezin başı kasadan ­çıxır). Qaydalara əməl etsəniz və əzələlərinizi möhkəmlədən reabilitasiya ilə məşğul olsanız, bu riski əhəmiyyətli dərəcədə azalda bilərsiniz­.

Endoprotez çıxığı baş verərsə, dərhal həkiminizə bildirin. Cərrah sizə əməliyyat olunduğunuz xəstəxanada və ya növbətçi xəstəxanada təxirəsalınmaz təcili yardım şöbəsində təcili yardım almaq barədə təlimat verəcəkdir­. Hər travmatoloq-or­toped endoprotez çıxığını necə düzəltməyi bilir ­(başı kasaya salmaq).

Endoprotezin təkrar çıxma riskini azaltmaq üçün cərrah­ xüsusi bir cihazı taxmağı məsləhət görə bilər, bu bud-çanaq oynağında  hərəkəti məhdudlaşdıran ­ortopedik breys (bandaj) ola bilər. Hərçənd çıxıq riski həmişə qalsa da, oynağı əhatə edən yumşaq toxumalar bərpa edildikdən sonra (təxminən 3 aydan sonra) çıxığın olması riski əhəmiyyətli dərəcədə azalır.

Həmişə düz bucaq qaydasını yadda saxlayın­, budun çox bükülməsindən və fırlanmasından çəkinin.

Fərqli ayaq uzunluğu. Bud-çanaq oynağının artrozu zamanı ­adətən xəstə ayaq tərəfdə qısalma olur­. Həkim ayaqlarınızın uzunluğunu bərabərləşdirməyə çalışsa da­, bu həmişə mümkün olmur və heç də həmişə lazım deyil. Xəstələrin böyük əksəriyyəti ­ayaq uzunluğunda əhəmiyyətli bir fərq hiss etmirlər. Bir ayağın digərindən daha uzun olduğunu və bu fərqin­ sizi narahat etdiyini hiss edirsinizsə, bunu dabanınızın altına altlıq yaxud ayaqqabının dabanına əlavə verməklə asanlıqla aradan qaldırmaq olar­. Adətən ­əməliyyatdan sonra xəstələrə elə gəlir ki, ayaqları uzanıb; bu onunla bağlıdır ki, həmin ayaq uzun müddət o biri ayaqdan qısa olub və onurğanın əzələləri buna uyğunlaşıb­. Bir qayda olaraq, uzun ayaq hissi onurğa, çanaq və əzələlər yeni ayaq uzunluğuna alışdıqca bir neçə həftə və ya bir ay ərzində yox olur­. Uzun ayaq hissi tez-tez ­budun ön səthində ağrı ilə müşayiət olunur, amma o da zamanla tədricən itir.

Bəzi fəsadlar əməliyyatdan uzun müddət keçəndən sonra, yəni əməliyyatdan uzun illər sonra ola bilər­.

Sınıq. Yıxılma və ya xəsarət nəticəsində endoprotez ətrafında sümük sınığı baş verə bilər. Sınığın müalicəsi onun xüsusiyyətindən asılıdır. Bəzən sınıq nəticəsində endoprotezin komponentləri­ qeyri-sabit olmağa başlayanda, onu digərləri ilə əvəz edirlər, yəni­ başqa sözlə təkrari əməliyyat edirlər.

Endoprotezin laxlaması və onun­ yeyilməsi. Bud-çanaq oynağının qoyulmuş endoprotezi standart olaraq ­90-95% ehtimalla sizə 10 ildən çox müddətdə xidmət edəcəkdir­. Ancaq endoprotez əbədi deyil. Bir müddət sonra onun aşınması və laxlaması əlamətləri görünə bilər­ və dəyişdirilməsi – təkrari endoprotezləşdirilmə lazım gələ bilər­. Yeni tədqiqatlar­ endoprotezlərin ömrünü artırmaq və gələcəkdə onların dəyişdirilməsini asanlaşdırmaq ümidi verir. Bud-çanaq oynağı protezlərinin istehsalında ən son nailiyyətləri ­həkiminizlə müzakirə­ etməkdən çəkinməyin.