Endoprotezin müddəti nə qədərdir
Şübhəsiz ki, bütün xəstələri bud-çanaq oynağı endoprotezinin uzun müddət xidmət edib-etməyəcəyi maraqlandırır. Endoprotez nə qədər vaxt üçün nəzərdə tutulub? Zəmanət verilirmi?
Lakin bu suallara bir sətirdə cavab vermək mümkün deyil. Təsəvvür edin ki, avtomobil alırsınız. Neçə il müddətinə ondan yararlana bilərsiz? Nadir hallarda avtomobil alındıqdan dərhal sonra korlanmağa başlayır; avtomobillərin çoxu uzun illər (yeddi, on, on beş, iyirmi, əlbəttə ki, avtomobili yeni maşınla dəyişdirmək istəmirsinizsə) sahiblərinə xidmət edir və bəzi avtomobillər yüz ilə qədər işlək qalır.
Endoprotezlərlə də belədir: onların dəqiq xidmət müddətini demək mümkün deyil. Tibbdə onun xüsusiyyətləri üçün xüsusi statistik orqanizmə adaptasiya anlayışından istifadə edirlər ki, bu da faizlə ölçülür.
Təsəvvür edin ki, 100 xəstəyə bud-çanaq oynağı endoprotezi qoyulub. Əməliyyatdan beş il sonra 97 nəfərdə endoprotez qalacaq və müxtəlif səbəblərə görə üç endoprotez dəyişəcək (endoprotezin erkən dəyişdirilməsinin səbəbləri əsasən orqanizm tərəfindən “qəbul olunmama”, sınıqlar, endoprotez komponentinin səhv seçilməsindən ibarətdir). Əməliyyatdan 10 il sonra endoprotezi dəyişdirilən insanların sayı daha çox olacaqdır. Tutaq ki, əməliyyatdan sonra beşinci ildən onuncu ilədək aralıqda endoprotez daha dörd nəfərdə dəyişdiriləcəkdir. Endoprotezin daha gec müddətdə dəyişdirilməsinin səbəbləri bir az fərqlidir: endoprotez komponentlərinin mexaniki yeyilməsi, laxlama, sınıqlar. Beləliklə, əməliyyatdan on il sonra ilk endoprotez 93 nəfərdə saxlanacaq (100 nəfərdən üçündə ilk beş ildə, dördü isə beşinci ildən onuncu ilə qədər aralıqda dəyişdiriləcəkdir). Elmi dillə desək, belə endoprotezin orqanizmə beş illik adaptasiyası 97%, on illik adaptasiyası isə 93% təşkil edir.
Endoprotezlərin orqanizmə adaptasiyasının (salamatlığının) hesablanması üçün reyestrlərdən, yəni bütün endoprotezlər haqqında məlumatların daxil edildiyi xüsusi məlumatlar bazasından istifadə olunur. Endoprotezin orqanizmə adaptasiyası haqqında dürüst informasiya yalnız belə reyestrin bütün ölkədə aparıldığı təqdirdə əldə edilə bilər, çünki ola bilər ki, ilkin əməliyyat xəstə üzərində bir xəstəxanada aparılıb, təkrari əməliyyat isə başqa xəstəxanada və bu xəstədə endoprotezin dəyişdirilməsi haqqında məlumat yalnız bütün ölkə üçün vahid reyestrə daxil edildikdə nəzərə alınacaqdır.
Obyektiv səbəblərə görə, bütün əməliyyatları nəzərə alan keyfiyyətli bir reyestrin aparılması yalnız kiçik ölkələrdə mümkündür. Təəssüf ki, Azərbaycanda belə bir reyestr yoxdur. Bununla əlaqədar olaraq, statistik məlumatların öyrənilməsi üçün biz xarici reyetrlərə müraciət etməyə məcbur oluruq.
Bəlkə də, dünyada ən birinci endoprotezləşdirilmə haqqında məlumatları ümumiləşdirən ən keyfiyyətli reyestr İsveç reyestridir. Digər ölkələrdə də reyestr aparılır (Finlandiya, Norveç, Böyük Britaniya, Avstraliya, Yeni Zelundiya, Litva və s.), lakin biz məhz İsveç reyestrinə daha üstünlük vetirik, çünki digərlərindən daha uzun müddətdir ki aparılır. İsveçdə endoprotezləşdirilmə üçün Azərbaycanda olduğu kimi demək olar ki, eyni endoprotez modellərindən istifadə olunur, əməliyyat texnikası əsasən eynidır.
Endoprotezlərin orqanizmə adaptasiyasını qrafik şəkildə göstərmək olar. Həmin qrafikdə bütün xəstələrə vaxtın başlanğıc anında (əməliyyatdan 0 il sonra) endoprotezlər (endoprotezlərin orqanizmə adaptasiya nisbəti 100%) qoyulur və sonra əyri xətt tədricən aşağı düşür. Qrafikdə endoprotezlərin “itirilməsi” insanın əlil olması demək deyil, ona təkrari endoprotezləşdirilmə, yəni endoprotezin yenisi ilə əvəzlənməsi əməliyyatı yerinə yetirilməsi deməkdir. Bəli, təkrari endoprotezlərinin orqanizmə adaptasiyası birincidən daha aşağıdır və əməliyyatların öz nəticələri də daha pisdir (fiziki aktivliyin, gücün, hərəkət amplitudasının azalması, ağrının artması ola bilər və s.), amma yenə də artrozdan zədələnmiş oynaqla əziyyətli yaşamaqdan daha yaxşıdır.
İsveç reyestrinə görə endoprotezlərin 2010-cu il üçün orqanizmə adaptasiyasının əsas qrafiklərinə baxarkən (şəkil 58-61) son on ildə endoprotezlərin orqanizmə adaptasiyasının əvvəlki onilliyə nisbətən 2 % artmış olduğunu görmək olar (şəkil 61). Bu, həm endoprotezlərin özünün, həm də cərrahların bacarıqlarının təkmilləşdirilməsi nəticəsində baş verib. Bundan əlavə, hazırda istifadə etdiyimiz endoprotezlərdə əvvəlki nəsil endoprotezlərin qüsurları nəzərə alınıb və onların daha da etibarlı olacağına ümid etmək olar.
İkinci əməliyyatın qaçılmaz olduğu haqqında daim düşünməyə dəyməz, xəstələrin əksəriyyətində buna heç də ehtiyac olmur. Bir çox xəstə oynaqdakı təkrar əməliyyatdan çox qorxur və ilk əməliyyatdan 10-15-20 il sonra ağrı və ya narahatlıq yaranarsa, bir növ möcüzəyə ümid edərək dözməyə çalışırlar. Xahiş edirəm, bu ağrıya dözmək əvəzinə həkimə müraciət edin! Birincisi, oynaqdakı hər ağrı əməliyyat tələb etmir və bu barədə həkimə nə qədər tez məlumat verilərsə, ondan asanlıqla qurtulmaq şansı bir o qədər yüksəkdir. İkincisi, endoprotez laxlayanda, vaxtında edilən əməliyyat həm xəstə, həm də cərrah üçün daha asan olur və tez bir zamanda oynaqdakı vəziyyət bərpa olunur.

Şəkil 58. “Kasanın dəyişdirilməsi” meyarı üzrə bud-çanaq oynağı endoprotezlərinin orqanizmə adaptasiyası. Endoprotez yalnız kasası (sirkə kasası komponenti) dəyişdirildiyi təqdirdə yeni hesab olunurdu; ayaqcığın dəyişdirilməsi və ya saxlanması nəzərə alınmırdı. Qırmızı xətlə sementsiz kasaların, mavi xətlə isə sementli kasaların orqanizmə adaptasiyası göstərilmişdir; Əməliyyatdan 18 il sonra sementsiz kasaların orqanizmə adaptasiyası (salamatlığı) 76%, sementli kasalarının orqanizmə adaptasiyası (salamatlığı) isə 87% olmuşdur (Garellick G, Karrholm J., Rogmark C., Herberts P. İsveç bud-çanaq oynağının endoprotezləşdirilməsi reyestri, illik hesabat 2010).

Şəkil 59. “Ayaqcığın dəyişdirilməsi” meyarı üzrə bud-çanaq oynağı endoprotezlərinin orqanizmə adaptasiyası. Endoprotez yalnız ayaqcığı (bud komponenti) dəyişdirildiyi təqdirdə yeni hesab olunurdu; kasanın dəyişdirilməsi və ya saxlanması nəzərə alınmırdı. Qırmızı xətlə sementsiz ayaqcıqların, mavi xətlə isə sementli ayaqcıqların orqanizmə adaptasiyası (salamatlığı) göstərilmişdir; Əməliyyatdan 15 il sonra sementsiz ayaqcıqların orqanizmə adaptasiyası (salamatlığı) 97%, sementli ayaqcıqların isə 95% olmuşdur. Bu qrafiki əvvəlki ilə müqayisə etsək görmək olar ki, ayaqcığı dəyişdirmə əməliyyatları bir neçə dəfə kasanın dəyişdirilməsindən az icra olunub (Garellick G, Karrholm J., Rogmark C., Herberts P. İsveç bud-çanaq oynağının endoprotezləşdirilməsi reyestri, illik hesabat 2010).

Şəkil 60. Sürtünmə səthlərindən asılı olaraq bud-çanaq oynağı endoprotezlərinin orqanizmə adaptasiyası. Qırmızı xətlə standart yüksək molekulyar polietilen içliklərin orqanizmə adaptasiyası, mavi xətlə isə yüksək dərəcəli bitişmə yeri ilə olan yüksəkmolekulyar polietilen içliklərin orqanizmə adaptasiyası göstərilmişdir. Qrafikdən görünür ki, səkkiz illik müasir polietilenin orqanizmə adaptasiyası 99,6%-dən çoxdur, bu da çox yaxşı bir göstəricidir. Əgər polietilenin əvvəlki nəsli həqiqətən cərrahları başqa sürtünmə səthlərini axtarmağa məcbur edirdisə, müasir polietilen aşınma müqaviməti baxımından həm metal-metal sütrünmə səthləri, həm də keramik-keramik sürtünmə səthləri ilə tam müqayisə oluna bilir (Garellick G, Karrholm J., Rogmark C., Herberts P. İsveç bud-çanaq oynağının endoprotezləşdirilməsi reyestri, illik hesabat 2010).

Şəkil 61. Bud-çanaq oynağı endoprotezlərinin ümumi orqanizmə adaptasiyası (təkrari əməliyyatın bütün səbəbləri nəzərə alınır). Qırmızı xətlə 1992-2000-ci illər ərzində orqanizmə adaptasiya (orta hesabla 93%), mavi xətlə isə 2001-2010-ci illərdə orqanizmə adaptasiya (orta hesabla 95%) nisbəti göstərilir (Garellick G, Karrholm J., Rogmark C., Herberts P. İsveç bud-çanaq oynağının endoprotezləşdirilməsi reyestri, illik hesabat 2010).