Əməliyyatdan əvvəl müayinə
Bud-çanaq oynağının endoprotezləşdirilməsi ciddi bir əməliyyat olub, ondan əvvəl müayinələrin aparılması tələb edilir.
Qeyd etmək lazımdır ki, endoprotezləşdirilmənin aparıldığı hallar fərqli olur və buna görə də əməliyyata hazırlıq da fərqli olacaqdır. Bud sümüyü boynunun sınığı olan yaşlı bir insanda endoprotezləşdirilmənin aparılması da onun həyatının xilas edilməsinə yönəldilmişdir, çünki uzun müddət yataq rejimi bu cür xəstələr üçün əməliyyatın özündən daha təhlükəlidir; buna görə də əməliyyatdan əvvəlki xidmət üçün tələblər artrozla bağlı endoprotezləşdirilmə aparılan şəxslərə nisbətdə daha “yumşaq” olacaqdır.
Xəstəxanaya qəbul olunmamışdan qabaq əməliyyatdan əvvəlki müayinələr aparılır. Çoxsaylı tədqiqatlarla sübut olunmuşdur ki, planlı əməliyyatdan əvvəl xəstəxanada müayinə yalnız zərər verir, çünki xəstəxana çox sayda xəstə insanın olduğu bir ictimai yerdir və müayinə üçün orada olmaq infeksiya riskini artırır. Əməliyyatdan əvvəl xəstəxanada olma müddəti nə qədər qısa olarsa, əməliyyatın nəticələri daha yaxşı, ağırlaşmalar isə daha az olar. Ancaq yaşlı bir insanın, məsələn, bud sümüyü boynunun sınığı ilə olan birinin yaşayış yerində müayinə oluna bilmədiyi hallarda, əlbəttə ki, onu endoprotezləşdirilmənin planlaşdırıldığı yerdə müayinə edəcəklər.
Əməliyyatdan əvvəl müayinənin həcmi xəstənin yanaşı xəstəliklərindən asılı olaraq dəyişə bilər, buna görə də müalicə həkiminizdən lazımi analiz və tədqiqatların siyahısını dəqiqləşdirin.
Bəzən ambulator müayinələrdən sonra daha dəqiq müayinəyə ehtiyac olur. Belə olduğu halda ya həkim bunu ambulator şəraitdə keçməyi tövsiyə edəcək, ya da bu xəstəxanaya yerləşdirildikdən sonra xəstəxanada aparılacaqdır.
Müayinəyə bunlar daxildir: həkim müayinəsi, rentgenoqrafiya, qan və sidik analizləri və bir sıra digər bud-çanaq oynağı endoprotezləşdirilməsinə hazırlaşmaq üçün lazım olan tədqiqatlar. Əməliyyat üçün klinikada olduğunuz zaman anestezioloq əməliyyatdan əvvəl müayinənin nəticələrinə əsasən əməliyyatın təhlükələrini və üstünlük verilən anesteziya növünü (anesteziya) sizinlə müzakirə edəcəkdir.
Aşağıda sadalanan analizləri yaşayış yerindəki poliklinikada vermək olar. Təəssüf ki, belə olduğu təqdirdə bəzi analizlərin nəticələri (xüsusən, HİV infeksiyası; hepatit B və ya C və sifilis üçün) yalnız bir neçə həftədən sonra hazır ola bilər. Bu problem bütün iri şəhərlərdə olan özəl laboratoriyaların köməyi ilə həll edilə bilər: adətən bu laboratoriyalar nəticələri analizdən sonra həmin gün və ya ertəsi gün verirlər. Özəl laboratoriyaların şübhəsiz üstünlüyü ondan ibarətdir ki, onlar analizləri evdə götürə bilərlər və analizlərin nəticələrini elektron poçtla göndərə bilərlər və siz onları öz müalicə həkiminizə yönəldə bilərsiniz.
Qan analizləri
- Qanın ümumi kliniki analizi: hemoqlobin, eritrositlər, hematokrit, leykositlər, trombositlər.
- Qanın biokimyəvi analizi: bilirubin (ümumi, düz,qeyri-düz), kreatinin, sidik cövhəri, ümumi protein, qlükoza, kalium, natrium, ALT (alanin - aminotransferaza), AST (aspartat - aminotransferaza).
- İnfeksiya üçün qan analizləri: HİV infeksiyası, B və C hepatitləri, sifilis (Vasserman reaksiyası).
- Qan qrupunun və rezus faktorunun təyini.
- Koaquloqram (qan laxtalanmasının analizi). Koaquloqramın bir çox laboratoriya variantı vardır. Tövsiyə edirik: AHTV (aktivləşdirilmiş hissəvi tromboplastin vaxtı; başqa bir ad APTV: aktivləşdirilmiş parsial tromboplastin vaxtı) və BNN (beynəlxalq normallaşdırılmış nisbət). Əgər qanın laxtalanmasını pozan xəstəliklər varsa, onda əlavə analizlər aparıla bilər.
Sidiyin analizləri
Endoprotezləşdirilmə əməliyyatından əvvəl sidiyin ümumi kliniki analizinə əlavə olaraq sidiyin bakterioloji analizini də etmək məsləhətdir.
- EKQ (elektrokardioqrafiya). EKQ nəticələri 10 gün müddətində etibarlıdır.
- Bəzi hallarda, ürəyin nasos funksiyasının və miokardın yığılmasının pozulmasına şübhə olarsa, EKQ ilə yanaşı, exokardiyoqrafiya (ExoKQ) ürəyin quruluşunu, ölçüsünü və ürək əzələsinin və qapaqlarının vəziyyətini qiymətləndirməyə, real vaxt rejimində ürəyin necə işlədiyini görməyə, həmçinin qulaqcıqlarda və mədəciklərdə qanın hərəkət xüsusiyyətlərini və sürətini izləməyə imkan verən ürəyin ultrasəs müayinəsini tövsiyə edirik.
- Baş beynin damar xəstəliyi varsa (məsələn, ensefalopatiya), əməliyyatdan əvvəl beynin magistral arteriyalarının (həkimlər “Braxisefal arteriyalar” da deyirlər) Doppler sonoqrafiyasıı (DS) yerinə yetirilməlidir.
- Döş qəfəsi orqanların rentgenoqrafiyası və ya flüoroqrafiyası. Müayinənin nəticələri 6 ay müddətində etibarlıdır. Əgər siz son 6 ay ərzində bu araşdırmadan keçmisinizsə (iş yerində, planlı tibbi müayinə, dövrü müayinə, müalicə zamanı və s.), onda siz sadəcə olaraq bu barədə qeydi olan arayış və ya hər hansı digər tibbi sənədi: xəstəlik tarixçəsindən çıxarış və ya epikrizi yaxud onların surətlərini gətirə bilərsiniz.
- Tromboembolik ağırlaşmaların profilaktiası ilə birgə əməliyyat planlaşdırılırsa (endoprotezləşdirilmə hallarının böyük əksəriyyəti), onda fibroqastroduodenoskopiya (FGDS) aparmaq lazımdır. Bu müayinə zamanı mədə və ya onikibarmaq bağırsağın eroziyaları və ya xoraları aşkar edilərsə, profilaktik dərmanlar qanaxmaya səbəb ola biləcəyi üçün planlı cərrahiyyə əməliyyatı onlar sağalana qədər təxirə salınmalıdır.
- Bud-çanaq oynağının endoprotezləşdirilməsi də daxil olmaqla böyük əməliyyatlardan əvvəl, əlbəttə ki, aşağı ətraf damarların USDQ-sı (ultrasəs doppleroqrafiya) aparılmalıdır. Tədqiqat zamanı venalarda qan laxtaları aşkar edilərsə, əməliyyat ya təxirə salınmalıdır, ya da bu mümkün deyilsə, onun planı dəyişdirməlidir (məsələn, kava-filtri əvvəlcədən quraşdırmaq).
50 yaş və daha böyük xəstələrin, eləcə də yanaşı xəstəlikləri olan pasiyentlərin xəstəxanaya yerləşdirilməsindən əvvəl əməliyyatdan sonra fərdi risklər haqqında və əməliyyatın ümumi sağlamlıq baxımından həyata keçirilməsi imkanı barədə rəy verə biləcək terapevtin və ya yanaşı xəstəliklər profilli mütəxəssisin yanında olmasını məsləhət görürük.
Arterial hipertoniyanız varsa (qan təzyiqi “qalxırsa”), onda planlaşdırılan əməliyyatdan əvvəl lazım olan dərmanı düzgün dozada seçməklə hipertoniyanın müalicəsinə düzəlişlər etmək lazımdır. Terapevt sizə hansısa qan laxtalanmasına təsir edə bilən dərman təyin edərsə, bu barədə mütləq cərrahınıza xəbər verin.
Şəkərli diabetiniz varsa, əməliyyatdan əvvəl onu da kompensasiya etmək, yəni pəhriz və şəkərsalıcı maddələr seçərək qanda şəkəri normaya salmaq lazımdır.
Başqa bir xroniki xəstəlik varsa, mütləq həmin xəstəlik üzrə həkiminizlə bunun düzgün müalicə sxemini seçin. Sizə endoprotez qoyacaq həkimə bütün yanaşı xəstəlikləriniz haqqında məlumat verməyi unutmayın.
Xəstəxanaya gedərkən bütün müayinələrinizin (rentgenoqrafiya, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası və s.) nəticələrinii özünüzlə aparın. Bunlar həm ənənəvi plyonkadakı şəkillər, həm də elektron şəkildə saxlanılan və CD və ya hər hansı digər informasiya saxlama vasitəsində qeyd olunan şəkillər ola bilər.
Özünüzlə yanaşı xəstəliklər və ya əvvəllər keçirdiyiniz xəstəliklər haqqında məlumatları ehtiva edən tibbi sənədləri (epikrizlər və ya xəstəlik tarixçəsindən çıxarışlar, ambulator kartlardan çıxarışlar) götürün.
Müntəzəm olaraq qəbul etdiyiniz və ya son bir neçə ayda qəbul etdiyiniz dərmanlar barədə həkiminizə mütləq məlumat verin.
Daim qəbul etdiyiniz dərmanları özünüzlə xəstəxanaya aparın.
- Ürək-damar ağırlaşması riski çox yüksək olan 3-cü dərəcəli hipertoniya xəstəliyi.
- Korrektə edilə bilməyən ürək ritminin pozulması xəstəlikləri (tez-tez mədəcik ekstrasistolaları, His dəstəsinin hər iki ayaqcığının blokadası və s.).
- Kəskin ürək-damar sistemi xəstəlikləri (son 5 ayda insult, infarkt).
- Kompensasiya edilməmiş şəkərli diabet.
- Xora xəstəliyinin kəskinləşməsi.
- Bəzi irinli iltihabı xəstəliklər (osteomielitin fistula forması, ayaq dərisinin yara zədələnmələri və s.).
- Son 1-2 həftədə keçirilən kəskin respirator (soyuqdəymə) xəstəlikləri və ya digər yoluxucu xəstəliklər (tonzillit və s.)
- Qızdırma (bədən hərarətinin 37,5 0C-dən çox yüksəlməsi).