Əməliyyata hazırlıq
Əməliyyatdan əvvəl analizlər və müayinələr çox vacibdir, amma əməliyyata hazırlıq zamanı təəssüf ki, tez-tez unudulan daha çox məqamlar olur.
- Həkimin nəzarəti altında məşqlərə başlayın. Bu, əməliyyat zamanı sizin çox yaxşı fiziki formada olmağınız üçün lazımdır. Bədən və qol əzələləri üçün xüsusi məşqlər sonradan sizin üçün əməliyyatsonrası dövrdə qoltuqağacı və walkerdən (gəzdiricidən) istifadə etməyi asanlaşdıracaqdır, ayaq əzələləri üçün məşqlər isə daha sürətli reabilitasiyaya kömək edəcəkdir.
- Qoltuqağacı ilə gəzməyi məşq etmək. Qoltuqağacı ilə gəzmək bacarığı daha sürətli sağalmağınıza kömək edəcəkdir, axı siz əməliyyatdan sonrakı gün ayağa qalxmağa və gəzməyə başlayacaqsınız. Qoltuqağacını almaq və ya kirayəyə götürmək mümkündür. İki növ qoltuqağacı vardır (şəkil. 62): klassik qoltuq altı və qısaldılmış dirsək altı (“qoltuq əsası “və ya “əl əsası”). Fərq bundadır ki, qoltuqağacı - “qoltuq əsasları” daha mobil və daha yüngüldür; onları idarə etmək daha asandır, onları pilləkənlərin üzərinə qoyub addımlamaq daha rahatdır. Amma onlar güclü əllər tələb edir və qoltuq altında dəstəyi olan klassik qoltuqağacı belə halda üstün görünür. Klassik qoltuqağacı daha davamlıdır və dayanıqlıdır, hərçənd bir az yöndəmsizdir. Ümumiyyətlə, “qoltuq əsalarına” gənc və aktiv insanlar üçün üstünlük verirlər, klassik qoltuqağacı daha yaşlı, sakit adamlara münasibdir .
Həm bu, həm də digər qoltuqağacları hündürlüyə görə tənzimlənir. Hər halda kifayət qədər möhkəm və zədələnməmiş rezin ucluqlu yeni qoltuqağaclarının olması daha yaxşıdır.

Şəkil 62. Solda - qısaldılmış dirsəkaltı qoltuqağacı (qoltuq əsası), sağda - klassik qoltuqaltı qoltuqağacı.
- Çəkinizə nəzarət edin. Əgər çəkiniz normaldan artıqdırsa, çəkinin azaldılması endoprotezə düşən ağırlığı azaltmağa kömək edəcəkdir. Çəkiniz normal həddədirsə, sadəcə sabit saxlayın. Bud-çanaq oynağındakı ağrıların normal bədən çəkisinə nail olmaq üçün tələb olunan fiziki gərginliyə mane olduğundan, bəzən arıqlamağın sadəcə mümkün olmadığını başa düşürük. Bud-çanaq oynağının endoprotezindən sonra ağrı aradan qalxacaq və bundan sonra kilo vermək işi daha asan olacaq. Xahiş edirik, bu istiqamətdə işi davam etdirin. Belə olan halda endoprotezə düşən yük daha az olacaq və o daha uzun müddət sizə xidmət göstərəcəkdir.
- Əməliyyat zamanı qan köçürmək üçün öz qanınızı vermək məsələsi barədə də düşünün. Cərrah qan köçürülməsinə ehtiyacınız ola biləcəyini düşünürsə, əməliyyat zamanı qanınızı sizə köçürmək üçün əvvəlcədən verə bilərsiniz.
- Diş həkimini ziyarət edin. Oynaqların endoprotezləşdirilməsi zamanı yoluxucu ağırlaşmalar nadir halda olsa da, bu hal bədənin hər hansı yerində bakteriyaların qan dövranına daxil ola biləcəyi bir infeksiya olduqda inkişaf edə bilər. Buna görə də əməliyyata qədər kariesin müalicəsi, dişlərin plomblanması və protezləşdirilməsi kimi bütün stomatoloji prosedurlara əməl etmək çox arzu olunandır. Əgər diş problemləri üçün kompleks müalicə prosedurlarına ehtiyacınız varsa, o zaman bunu təxirə sala və bud-çanaq oynağı endoprotezləşdirilməsindən bir il sonra yenidən diş müalicəsinə qayıda bilərsiniz.
- Müəyyən dərmanların qəbulunu dayandırmaq. Cərraha qəbul etdiyiniz bütün dərmanları, o cümlədən reseptsiz dərmanları bildirin və o, əməliyyat zamanı qanaxmanı artıra biləcəyi üçün hansıları dayandıracağınızı sizə deyəcəkdir. Burada qeyd edək ki, aspirin preparatları (Trombo ACC və s.) endoprotezləşdirilmə zamanı təhlükəli deyil və onları ləğv etməsəniz də olar.
- Siqareti atın. Bu, həmişə faydalıdır, lakin ciddi bir əməliyyatdan əvvəl xüsusilə faydalıdır, çünki əməliyyatsonrası problemlərin riskini azaldır. Siqaret çəkən şəxsdə ağır damar ağırlaşmalarının (tromboz, tromboemboliya) və ya endoprotez nahiyyəsidə irinləmənin əmələ gəlməsi riski artmiş olur; əməliyyatdan sonrakı yara gec sağala bilər. Siqaret çəkərkən oynağın orqanizmə “uyğunlaşması” prosesləri pisləşir, tez-tez osteoporoz və endoprotez elementlərinin daha erkən laxlaması baş verir. Bir çox qərb xəstəxanalarında xəstələrə gözlənilən əməliyyat tarixindən 6 ay əvvəl siqareti buraxmaları tövsiyə olunur.
- Xəstəxanadan çıxdıqdan sonra evdə qulluğa aid tələbatlarınızı dəyərləndirin. Əksər xəstələrdə bud-çanaq oynağının endoprotezləşdirilməsindən sonra ilk bir neçə həftə ərzində evdə qulluğa, o cümlədən yemək bişirmək və evdə hərəkət etməkdə köməyə ehtiyac yaranır.
Əməliyyat üçün xəstəxanaya getməzdən əvvəl evinizi qayıdışınıza uyğun hazırlamaq barədə düşünün.
- Mətbəxdə və digər yerlərdə mütəmadi olaraq istifadə etdiyiniz əşyaları əlçatan səviyyədə elə yerləşdirin ki, onları götürüb-qoymaq üçün dartılmaq və ya əyilmək lazım gəlməsin.
- Əgər sizdə mobil telefon hələ də yoxdursa, alın.
- Ayrı bir evdə yaşayırsansa, pilləkənlərdən istifadə etməkdən necə yayınmaq barədə düşünün. Bəlkə bunun üçün otaqların təyinatını dəyişdirmək daha yaxşı olacaq (məsələn, müvəqqəti olaraq qonaq otağından yataq otağı kimi istifadə edin).
- Qoltuqağacı və ya walker (gəzdirici) ilə gəzməkdən ötrü kifayət qədər özünüzə yer ayırmaq üçün mebellərin yerini dəyişdirin.
- Möhkəm, oturacağı kifayət qədər hündür və qalxmağı asanlaşdırmaq üçün möhkəm dirsək altlıqarı olan uyğun bir kreslo alın (belə ki, oturduğunuz zaman dizləriniz bud-çanaq oynağından aşağı olsun).
- Xalçaları və elektrik kabellərini gəzəcəyiniz yerdən götürün (və ya heç olmasa, hər hansı bir ucu qalxan xalçanın künclərini iki tərəfli yapışqanlı lentlə yapışdırın ki, onlara ayağınız ilişməsin). Evinizdə parket varsa, parçalarını yoxlayın ki, heç biri yerindən çıxmış olmasın. Təsəvvür edin ki, evinizə bir uşaq gəlməlidir: düşünün ki, gəzəndə hardansa tutmaq üçün bir şey olmalıdır (bu yalnız möhkəm bir dayaq yeri olmalıdır, daha hansısa plastmasdan yüngül bir şey yox) və ayağa ilişəcək heç nə olmamalıdır. Masaların və digər mebellərin kəskin künclərinə yumşaq yastıqcıqlar yapışdırın (uşaq mağazalarında satılır). Evinizdəki bütün otaqların və künclərin yaxşı işıqlandırılmasını təmin edin. Qohumlarınızla birlikdə evdə gəzin, onlardan hər şeyin nəzərə alıb-alınmadığını yoxlamağı xahiş edin.
- Balaca oturacaq alın: qoltuqlu kürsüdə oturanda əməliyyat olunmuş ayağınızın qabağa düz uzatmaq üçün onu altına qoyarsınız.
- Böyük cibləri olan uyğun bir köynək və ya jilet və ya uzun kəmərli yumşaq bir çanta tapın ki, onlara kiçik əşyalarınızı qoya biləsiniz.
- Lazım olan hər şeyin əlinizin altında olacaq rahat bir yer düzəldin: televizor, telefon, uzaqdan nəzarət pultları, radio, kosmetik salfetlər, bardağ, fincan, jurnallar və kitablar, dərmanlar - bəzən həqiqətən istirahət etmək və özünüzə qalxıb gəzməklə əlavə əziyyət verməmək istəyirsinizsə.
- Sizi itələyə və ya yolunuza mane ola biləcək ev heyvanlarınız varsa, onları qohumlarınıza və ya dostlarınıza vermək və ya bir neçə həftə damda saxlamaq yaxşı olar, çünki onlar sizi itələsə, yıxılıb yeni oynağınıza zərər yetirə bilərsiniz.
- Hamamı hazırlayın. Hamamda duş qəbul edirsinizsə, sizə dəstəksiz etibarlı oturacaq lazım olacaq (şəkil. 63). Duş kabinəniz varsa, istənilən etibarlı oturacaqdan istifadə edə bilərsiniz. Oturacaqda ayaqlar sürüşməyə mane olan rezin ucluqlu olmalıdır.
Hamamda və ya duş kabinəsində divara tutacaqlar quraşdırın (şəkil. 64). Sabun, şampun və digər hamam ləvazimatlarını elə qoyun ki, onları götürəndə dönməyəsiniz ya dartılmayasınız.
- Tualetinizi özünüzə uyğunlaşdırın.

Şəkil 63. Hamam üçün dəstəksiz və ayaqlarında rezin ucluqlu oturacaq.

Şəkil 64. Hamam divarına quraşdırılan tutacaq (sürahı).
- Boyunuz 155-160 sm-dən hündürdürsə, sızə unitazın oturacağını o qədər qaldırmaq lazım ola bilər ki, tualetdən istifadə edəndə bud-çanaq oynağınız çox qatlanmasın.
- Əgər hər hansı səbəbdən unitazı qaldırmaq mümkün deyilsə, siz unitaza hündürləşdirici oturacaq (şəkil 65) ala bilərsiz, hamamda olduğu kimi tualetdə də tutacaqlar qoya bilərsiniz.