Endoprotez qoyulandan sonra MRT etmək olarmı

Gəldiyimiz qənaətdən başlayaq: əgər bud-çanaq oynağının (və ya hər hansı digər oynağın) endoprotezi qoyulubsa,­ MRT edilə bilər. Lakin endoprotezlər­ metal qatışıqlarından hazırlandığı ­üçün onların bəzi xüsusiyyətləri var ki, bu barədə hazırki fəsildə­ danışacağıq.

MRT və ya maqnit rezonans tomoqrafiyası­ orqanizmin “daxilinə” baxmağa imkan verən xüsusi bir tibbi müayinədir. Metod nüvə maqnit rezonansı fiziki fenomeninə əsaslanır­; bu zaman hidrogen atomlarının nüvələrinin yüksək gərginlikli bir maqnit sahəsinə elektromaqnit reaksiyası ölçülür­. Bədənin müxtəlif toxumalarında hidrogen atomlarının konsentrasiyası fərqli olduğu üçün skaner onları ayırd edə bilir (şəkil 110).

Şəkil 110. Maqnit- rezonans tomoqrafiyasının sxemi.

 

Tomoqrafın işi zamanı çox güclü bir maqnit sahəsi yaradıldığından, təbii bir sual yaranır: metal implantları (xüsusən də bud-çanaq endoprotezləri) olan insanlar MRT-dən keçə bilərmi?

Hər şeydən əvvəl endoprotezin hansı metaldan hazırlandığını bilməlisiniz. Bildiyiniz kimi, bütün maddələr maqnit sahəsi ilə qarşılıqlı təsirdə olurlar. Lakin bəziləri xüsusilə güclü təsirə məruz qalır­. Belə maddələrə (ferromaqnetiklərə­) bəzi metallar: dəmir, kobalt, nikel daxildir­ ki, bunlardan da tez-tez endoprotezlərin istehsalında istifadə olunur.

Travmatologiya və ortopediyada istifadə edilən bütün implantlar qatışıqlardan hazırlanıb ki, onlar tərkiblərindəki ferromaqnit nisbətinə görə fərqlənirlər və buna görə də onların maqnit xüsusiyyətləri eyni olmur. Bundan əlavə, maqnit xassələri yalnız endoprotezin hazırlandığı materiala görə deyil, həm də onun forması ilə müəyyən edilir­­.

          Maqnit rezonans ­tomoqrafiya icra edildikdə ferromaqnit qatışıqlarından olan metal implantlarda­ bunlar baş verə bilər:

  • güclü maqnit sahəsinin təsiri altında hərəkət edə bilərlər­;
  • qıza bilərlər (məsələn, 20 sm uzunluğunda bir polad­ məftil maqnit sahəsi 1,5 Tesla olan tomoqrafda 48 0C-yə qədər qızır).

Buna görə də damarlarında sıxacları olan insanlarda MRT aparıla bilməz: maqnit sahəsinin təsiri altında onlar yerlərindən “çıxa” bilərlər­. Lakin endoprotezlər­ sümüklərdə çox möhkəm bərkidiliblər və hətta ən güclü maqnit rezonans sahəsi belə onları yerindən tərpədə bilməz. İstənilən­­ MRT otağında maqnit rezonans çəkilişi aparmaq üçün əks göstərişlərin ətraflı siyahısını tapa bilərsiniz və bu barədə İnternetdə çoxlu məqalələr­ var,­ lakin təəssüf ki, bunlarda tez-tez ­endoprotezi olanlara metal olduğu üçün MRT-nin edilə bilməyəcəyi barədə səhv fikir yazılır!

Lakin bütün endoprotezlər ferromaqnitlərdən hazırlanmır. Bud-çanaq oynağının endoprotezlərini adətən maqnit xüsusiyyətləri o qədər də güclü olmayan titan xəlitələrindən hazırlayırlar. Endoprotezlərin bir çox modeli kobalt-xrom və ya kobalt-xrom-molibden qatışıqlarından hazırlanır, bunlar da tərpənməsələr də, qızacaqlar. Endoprotezinizin markası haqqında həkiminizdən soruşun­ ki, hazırlandığı qatışıq barədə yaxşı təsəvvürünüz olsun. Standart endoprotezlərin uzunluğu və forması onların çox qızmasına səbəb olmayacaq, buna görə də endoprotezin olması maqnit rezonans tomoqrafiya aparmaq üçün əks göstəriş deyil­­­. Yalnız meqaprotezlər və lövhələrlə və ya millərlə (ştift) birləşməsi olan endoprotezlər istisna ola bilər.

Qeyd etmək lazımdır ki, metal endoprotezin metalının quraşdırıldığı nahiyyənin MRT müayinəsini keçirmək mənasızdır: təsvirlərdə ­endoprotez “fon” verəcək və ­əksər hallarda həkimlər tomoqramlarda heç nə başa düşə bilməyəcəklər. Bu fəsildə yalnız bud-çanaq oynağının endoprotezi olan xəstəyə ­başqa bir nahiyyənin, məsələn, bel nahiyyəsinin MRT-si aparılmalı olan hallardan danışacağıq­.

Xatırladaq ki, MRT müayinəsindən keçməli olduğunuzu sizə ­həkim təyin etməlidir. Bu müayinə metodu indi çox dəb halına gəlib və tez-tez ­pasiyentlər bunu özləri-özlərinə təyin edirlər: başımın, kürəyimin və dizimin  MRT-sini etmək istəyirəm, orada hər şey görünür. Sizi bu səhvdən çəkindirmək istəyirik: çox güman ki, sadəcə pulunuzu boş yerə xərcləyəcəksiniz. Əvvəla, MRT-də heç də “hər şey” görünmür, ikincisi, həkim bir çox xəstəliyi MRT olmadan aşkar edə bilir. Məsələn, biz tez-tez belə bir halla rastlaşırıq ki, ­diz oynağı faktiki olaraq tam dağılmış halda ağır artrozu olan bir xəstəyə endoprotezləşdirilmə icra edilməlidir, xəstə isə müstəqil olaraq “daha etibarlı olmaq üçün” özünə diz oynağının MRT-sini təyin edir­­­. Ancaq endoprotezləşdirilməyə ehtiyac olduğundan əmin olmaq üçün ­ona adi bir rentgen və ya bəlkə də bir KT müayinəsi etməsi kifayətdir.