Ən yaxşı bud-çanaq oynağı endoprotezi hansıdır. Bud-çanaq oynağı endoprotezini necə seçmək olar
İndi ümumi olaraq hansı bud-çanaq oynağı endoprotezlərinin mövcud olması barədə ətraflı danışacağıq və çətin suala cavab verməyə çalışacağıq: “Ən yaxşı bud-çanaq oynağı endoprotezi hansıdır?”
Müasir dünyada, demək olar ki, istənilən sualın cavabını internetdə tapmaq olar və bir çox insanlar bud-çanaq oynağının endoprotezləşdirilməsinə dair qərara məsuliyyətlə yanaşaraq mövcud endoprotezlərin növləri, markaları və modelləri haqqında özləri məlumat əldə etməyə çalışırlar. Buna görə də endoprotezləşdirilmə ilə məşğul olan biz həkimlər xəstələrdən çox tez-tez belə ifadələr eşidirik:
- “Mən oxumuşam ki, ən yaxşı endoprotez “keramikadan hazırlanmış protezlərdir (sürtünmə səthləri keramikadan olan oynaq birləşmələri)”.
- “Sement protezi pisdir, ən yaxşısı sementsiz olanıdır.”
- “Yaxşı endoprotezləri Almaniyada (İsveç, ABŞ, Böyük Britaniya və s.)” hazırlayırlar”.
Əgər hər şey bu qədər sadə olsaydı, o zaman ən yaxşı olan “Alman keramik sementsiz endoprotez”-i çoxdan yaranar, digərləri faktiki olaraq heç olmazdı da.
Lakin əvvəla, ən yaxşı endoprotez olmur.
İkincisi, çox sayda fərqli endoprotezlər var və onlardan hansılarsa daha yaxşıdır, digərləri isə nəyə görəsə daha yaxşıdı. Bir kiçik şərtlə: əgər biz dünya şöhrətli məşhur istehsalçıların endoprotezləri haqqında danışırıqsa.
Daha bahalı və daha ucuz endoprotez modelləri mövcuddur. Ancaq bu, o demək deyildir ki, bahalı modellər daha yaxşıdır. Əlbəttə ki, yeni bir endoprotez modelini buraxaraq, istehsalçı firma onu əvvəlki modellərdən daha bahalı etməyə məcburdu, çünki yeni bir implantın işlənib hazırlanması tədqiqat işləri üçün çox maliyyə xərcləri, istehsal xətlərinin müasirləşdirilməsini, marketinq işlərinin aparılmasını və s. tələb edir. Yeni endoprotez modellərində əvvəlki nəsil endoprotezlərdəki çatışmazlıqlar nəzərə alınır və ehtimal ki, müasir modellər özlərini daha davamlı və etibarlı olduqlarını göstərəcəklər.
Digər tərəfdən, endoprotezlərin dizaynındakı yeniliklər həmişə yaxşı olmur. Burada Johnson & Johnson konserninə məxsus DePuy şirkətini xatırlamaq yerinə düşərdi. 100 ildən artıq mövcud olan bu dünya şöhrətli şirkət 2003-cü ilin iyul ayında bud-çanaq oynağının endoprotezləşdirilməsi üçün yeni ASR adlı kasanı (sirkə kasası komponentini) buraxdı. Bununla belə, Böyük Britaniyanın Endoprotezləşdirilmə Reyestrinə görə, bu kasanın yüksək nisbətdə qəbuledilməz pis nəticələri olduğu müəyyən edilmişdir (2 il ərzində qoyulmuş endoprotezlərin təxminən 4%-ni dəyişdirmək tələb olunmuşdur). Oxşar nəticələr (3-8%) başqa ölkələrdə də müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, 2010-cu ilin avqust ayında DePuy firması ASR kasalarının geri çağırılması haqqında qərarı qəbul etmiş və onları satışdan çıxarmışdır. O vaxta qədər bütün dünya üzrə təxminən 93 min belə kasalar qoyulmuşdu. Eyni zamanda ASR kasaları olan protezlərdə yeni yüksək texnologiyalı metal-metal sürtünmə səthləri istifadə edilmişdir.
Bu ASR kasaları ilə hadisə özlüyündə yeganə hadisə deyil. 1990-cı illərin ortalarında 3M firması Capital Hıp kasalarını satışdan geri çağırmışdı. Bu cür vəziyyətlər istehsalçı firmaların öz müştərilərinə (xəstələrimizə) qarşı dürüstlüyünü və vicdanlılığını əks etdirir. Burada avtomobillərlə bənzətməni görə bilərsiniz: dünya şöhrətli istehsalçılar (Toyota, Nissan, Mercedes-Benz, Mitsubishi, Ford və s.) bu və ya digər texnoloji qüsurlara görə vaxtaşırı öz məhsullarını geri çağırırlar, keyfiyyətsiz avtomobillər istehsal edən yerli avtomobil zavodları isə bunu heç vaxt etmirlər. Halbuki təhlükəsizlik və bəzən insanların həyatı avtomobilin keyfiyyətindən asılı olur.
Ona görə də yeni məhsul heç də həmişə ən yaxşı demək deyildir. Bir daha oxucuda firma haqqında “mənfi fikir” formalaşmaması üçün DePuy şirkətini nümunə gətirək. Bu şirkət 1986-cı ildən hidroksiapatit örtüklü Corail bud-çanaq oynaq endoprotezinin ayaqçığını istehsal edir. O vaxtdan bəri 75 ölkədə 700 mindən çox belə ayaqcıqlar qoyulub və onlar hələ də endoprotez qoyan həkimlər arasında məşhurdur. Avstraliya və Böyük Britaniya registrlərinə görə, 2010-cu ildə Corail ayaqcığı digər sementsiz ayaqcıqlardan daha çox qoyulmuşdur!
Bununla belə, texnoloji proses yerində dayanmır və öz sələflərinin nöqsanlarını nəzərə alan yeni endoprotez modelləri bir qayda olaraq, hər halda daha yaxşı olur.
Üçüncüsü, və daha vacibi əməliyyatın keyfiyyətidir, nəinki hansısa “tanınmış” və “bahalı” endoprotezin seçilib qoyulacağı. Təəssüf ki, səhv qoyulan endoprotez “ən yaxşı” model olsa belə, bu, onu xilas etməyəcək, amma əməliyyat zamanı düzgün qoyulmuş “ortabab” endoprotez problem yaratmadan və inamla çox uzun onilliklər xidmət göstərəcəkdir. Belə ki, nə qədər adi səslənsə də, ən əsası cərrahın əlləridir. Bununla belə, çoxlu əməliyyatlar icra etmiş təcrübəli bir cərrah zaman keçdikcə endoprotezin bu və ya digər müəyyən modellərini seçməyə üstünlük verir. Məsələn, Zimmer firmasının Trilogy kasası, DePuy-ın isə Pinnacle kasası var. Texnoloji və xarici görünüşcə bu kasalar çox oxşardır, lakin hər halda fərqləri var, xüsusən də vintlər üçün üç dəliyin diametrləri fərqlidir. Trilogy kasasında dəliklərin diametri daha kiçikdir, Pinnacle da isə daha böyükdür. Bir tərəfdən, vintlər üçün dəliklərin sahəsi nə qədər kiçikdirsə, bir o qədər daha yaxşıdır: axı kasanın sümüklə təmas sahəsi artır; lakin digər tərəfdən, Trilogy-nin kiçik dəlikləri kasanın sirkə kasasının dibinə sona qədər oturub-oturmadığını və ya hələ də boşluq qaldığını görməyə imkan vermir. Bu xüsusda daha geniş dəlikli Pinnacle kasasına üstünlük verən cərrahlar belə deyirlər: “Mən bu kasaya etibar edirəm: ona nəzarət edə və həqiqətən də sirkə kasasının dibində olduğuna əmin ola bilirəm”. Bununla belə, təcrübəli cərrahlar kasanı yerləşdirəndə nə qədər dərin oturmasını təkcə gözlə deyil, hətta duymaqla da idarə edirlər: kasanı vurarkən o sirkə kasasının dibinə oturanda səs dəyişir. Kasanı, ayaqcığı, içliyi, başı qoyarkən onlarla belə xüsusiyyətləri saymaq olar və bunların hamısı endoprotezin quraşdırılmasının keyfiyyətinə təsir göstərir. Beləliklə, adi qaydanı bir daha təkrarlayaq: müvəffəqiyyətin açarı, endoprotez deyil, cərrahdır. Yaxşı cərrah özü sizə doğru endoprotez modelini seçəcək və ya mümkün olduğu yerlərdə ağlabatan alternativləri təklif edəcəkdir. Ən yaxşı endoprotez axtarışına ehtiyac yoxdur, ən yaxşı cərrahı axtarın!
Dördüncüsü, əgər çox sayda müxtəlif endoprotez modelləri mövcuddursa, deməli, bu, kiməsə lazımdır. Kiməsə bir endoprotez daha yaxşıdır, bir başqası üçün isə digəri. Beləliklə, ən düzgünü endoprotez modelinin seçimini peşəkara həvalə etməkdir. Bəs onu necə tapmaq olar? Yaxşı bir atalar sözü var: “qrossmeysterin keçirdiyi oyunun keyfiyyəti oynanılan oyunların sayından asılıdır”. Həqiqətən də, bir qayda olaraq, çox əməliyyat aparan cərrah daha yaxşı əməliyyat edir. Yaşlı cərrahlar təcrübəli hesab olunur və bu düzgündür, lakin cərrahın yaşı heç də həmişə müəyyən bir əməliyyatda onun böyük təcrübəyə malik olduğunu göstərmir. Ölkəmizdə bir çox otuz yaşı olan, hər gün 3-5 bud-çanaq oynağında əməliyyat aparan, öz portfoliosunu ildə bir neçə yüz endoprotezlə zənginləşdirən cərrahlar çoxdur və bu da dünyada ölçülərinə görə əla göstəricidir: dünyada ildə 50-dən çox bud-çanaq endoprotezi qoyan cərrah təcrübəli cərrah hesab olunur. Əgər illik əməliyyatların sayı daha az olarsa, belə cərrah neçə yaşından (30, 40, 50, 60 və ya hətta 70) asılı olmayaraq, “həmişə tələbə” hesab ediləcəkdir.
Bunu endoprotezlərin özləri haqqında demək olmaz. Təəssüf ki, yerli texnologiyalar və bir sıra digər, bəzən aşılmaz amillər xəstənin və onun cərrahının ehtiyac duyduğu keyfiyyətli endoprotezlərin və alətlərin əldə edilməsinə imkan vermir. Beləliklə, bu gün və yaxın bir neçə il üçün də endoprotezin özünün seçilməsində yalnız xarici istehsalçılara etibar etmək lazım gələcəkdir.
Lakin gəlin cərrahınızın seçiminə qayıdaq. Bizə aydın oldu ki, elə cərrah axtarmaq lazımdır ki, o çox əməliyyat etmiş olsun. Lakin belə də olur ki, hətta çox əməliyyat etmiş cərrah belə bud-çanaq oynağının endoprotezləşdirilməsi üzrə müasir elmi nəşrləri öyrənməyə can atmır, həmkarlarının təcrübəsi ilə maraqlanmır və təkmilləşməyə çalışmayaraq, elə “açılmış cığır üzrə” işləyir. Şübhəsiz ki, bu cür cərrahların işi çox xəstəyə kömək edir, amma yenə də onlar ən yaxşı və etibarlı həkimlər deyil.
Başqa bir incə fərq də vardır. Endoprotezləşdirilmənin nəticəsini təkcə əməliyyatln keyfiyyəti deyil, həm də reabilitasiyaya riayət olunması müəyyən edir. Əməliyyatdan sonra xəstənin həmişə bu və ya digər sualları olur. Yüksək temperatur nə qədər davam edə bilər? Nə vaxt maşın sürə bilərəm? Hamama nə vaxt gedə bilərəm? və s. Təsəvvür edin ki, sizin həkiminiz mükəmməl işləyən, lakin xəstənin suallarına cavab verməyi sevməyən, fikir verməyən və ya natamam cavab verən “qaraqabaq bir cərrah”-dır. Bu və bir çox digər suallara ortopediya.az vebsaytımızda cavab tapa bilərsiniz, lakin bütün vəziyyətlər eyni cür deyil və yalnız müalicə həkimi ən dəqiq və düzgün məsləhət verə bilər və bunun üçün ən çox əyani məsləhətləşmə tələb olunur.
Beləliklə, endoprotezi deyil, cərrahı seçmək lazımdır. Lakin endoprotezlərin nə olduğunu və bir-birindən necə fərqləndiyini öyrənmək də artıq olmaz.
Hal-hazırda aparıcı Qərb istehsalçılarının endoprotezləri praktiki olaraq qiymət və keyfiyyət baxımından bir-birindən fərqlənmir, buna görə də bud-çanaq oynağı endoprotezi istehsalçısının seçimini cərrahın ixtiyarına buraxmaq məqsədəuyğundur. Endoprotez üçün yalnız implantları olan bir neçə “qutucuqlar” deyil, müxtəlif tip və ölçülü implantların tam dəsti, endoprotezin quraşdırılması üçün yüksək keyfiyyətli alətlər, tibbi drellər və bir sıra sərfiyyat materialları lazımdır ki, bunlar da endoprotez istehsalçısının təmsilçisi tərəfindən heç bir problem olmadan çatdırılmalıdır.
Xəstənin əvvəlcədən “daha yaxşı və daha ucuz” endoprotezi müstəqil tapmaq cəhdləri mənasızdır, çünki təkrar edirik ki, endoprotezləşdirilmə üçün yalnız endoprotezin özü deyil, həm də çox vaxt 3-8 qutuya yerləşdirilən xüsusi alətlərin olması da lazımdır! Şəkil 10 -da belə bir dəstin nümunəsi göstərilir: görün nə qədər alət tələb olunur.

Şəkil 10. Bud-çanaq oynağı endoprotezini qoymaq üçün alətlər dəsti
Son illərdə Hindistanda, Tayvanda, Çində (məsələn, Tayvanın United Orthopedic Corporation şirkəti) dünyanın aparıcı istehsalçılarının endoprotezlərinin klonlarını buraxan çox sayda yeni firmalar meydana gəlmişdir. Hələ ki onların məhsullarına ehtiyatla yanaşılır; lakin bu ölkələrin sənaye imkanlarını nəzərə alsaq, gələcəkdə onlar dünya bud-çanaq endoprotez bazarında əhəmiyyətli yer tutacaqlar.
Beləliklə, endoprotez seçimi o qədər də asan deyil və onu həkimin öhdəsinə buraxmaq daha yaxşıdır. Bununla belə, endoprotezin dəyişdirilməsi çox vacib bir addımdır, ona görə də siz endoprotezlər haqqında bəzi şeyləri bilməlisiniz.
Klassik total endoprotez ayaqcıqdan, kasadan və başdan ibarətdir. Ən çox görülən endoprotezləşdirilmə növü bud-çanaq oynağının total və ya ikiqütblü endoprotezləşdirilməsidir (şəkil 11). Bu əməliyyat zamanı bud sümüyünün başını və boynunu, həmçinin çanaq sümüyünün sirkə kasasını sünisi ilə əvəz edirlər. Endoprotez komponentləri əməliyyat zamanı sümüyün içərisinə vurularaq bərkidilə bilər - bu, sementsiz bərkidilmə və ya kip otuzdurma adlanır (bəzi həkimlər buna ingiliscə “press fit” deyirlər). Daha sonra sümük məsaməli bir səthə və ya endoprotezin xüsusi oyuqlarına doğru böyüyür. Sementsiz bərkitmə zamanı endoprotez kasası (sirkə kasasını əvəz edən çanaq komponenti) da sümüyün sonrakı uzanması üçün məsaməli örtüyə malik olur. Kasa vintlərlə əlavə bərkidilə bilər. Bəzi endoprotez modelləri, məsələn, yuxarıda qeyd etdiyimiz DePuy firmasının Corail ayaqcığı sümüklərin oturuşmasını asanlaşdıran hidroksiapatitlə örtülmüşdür.
Gənc xəstələr üçün sementsiz endoprotezlərə daha çox üstünlük verilir: cavanlarda sümüyün sıxlığı yüksək olduğundan, onlar yaxşı bərkidilir, əgər onların yararlıq müddəti bitərsə, sementli endoprotezlərdən daha asan dəyişdirmək olur. Sementli və sementsiz endoprotezlərin müsbət və mənfi cəhətləri haqqında daha ətraflı biz 3-cü fəsildə danışacağıq.

Şəkil 11. Bud sümüyü boynunun sınıqları zamanı total yaxud ikiqütblü, sementsiz endoprotezləşdirilmə: protez həm bud sümüyü başı ilə boyunu, həm də sirkə kasasını əvəz edir. Solda - əməliyyatdan sonra rentgenoqramma; sağda – məsaməli örtüklü sementsiz endoprotezin xarici görkəmi. Kasadan, yüksək molekulyar ağırlıqlı polietilendən hazırlanmış içlikdən, metal başlıqdan və ayaqcıqdan ibarət olan sementsiz endoprotezin ən çox yayılmış sxemlərindən biri təqdim olunur.
Yaşlı xəstələrdə, xüsusən bud sümüyü boynunun sınıqları olan xəstələrdə daha çox sementli endoprotezlərdən istifadə edilir (şəkil 12); onlar hətta möhkəmliyi və sıxlığı azalmış sümüyün belə xəstələrdə tez-tez rast gəlinən osteoporoz zamanı sürətli və təhlükəsiz dayanıqlığını təmin edən xüsusi polimer sementindən istifadə etməklə bərkidilir. Lakin yaşlı bir xəstənin sümüyünün vəziyyəti yaxşıdırsa və yanaşı xəstəliklərı təhlükəli deyilsə, sementsiz endoprotezin də qoyulması mümkündür.

Şəkil 12. Sementsiz endoprotez.
Beləliklə, bud-çanaq oynağı endoprotezinin ayaqcığından (bud sümüyü komponentindən), yəni onun bud sümüyü kanalına daxil edilən hissəsindən başlayaq.
Bud-çanaq oynağı endoprotezinin ayaqcığı ümumiyyətlə monolitdir (bütövdür), lakin modul (yığma) ayaqcıqlar formaları da var. Ayaqcıq bud sümüyünün kanalına, boynuna və başın taxıldığı konusa daxil olan bir cisimdən ibarətdir (şəkil 13). Boynun və cismin birləşdiyi yerdəki bucağa böyun- diafiz bucağı deyilir. Bir qayda olaraq, bu 135 dərəcədir, ancaq 125 dərəcə və 145 dərəcə bucaqlı ayaqcıqlar da olur.
Bud-çanaq oynağı endoprotezlərinin ayaqcıqlarının əsas xüsusiyyətlərinə aşağıdakılar aiddir:
- bərkidilmə tipli (sementli və ya sementsiz);
- ayaqcığın örtüyü;
- ayaqcığın forması;
- boyun-diafiz bucağı və ofset.
Fikir verdinizmi ki, biz ayaqcığın hazırlandığı material kimi parametrdən danışmadıq? Qəribədir, axı ümumiyyətlə xəstələri və onların yaxınlarını maraqlandıran budur, onlar daim soruşurlar: “Ayaqcıq nədən hazırlanır? Hansı metaldan? Hansı xəlitədəndir (qatışıqdan)? Ayaqcıq titandan hazırlanıb ya dəmirdən?» Əslində, bud-çanaq oynağı endoprotezinin ayaqcığının hazırlandığı material (xəlitə) cərrahlar, mühəndislər və alimlər arasında ən az sual doğuran məsələdir, lakin sadaladığımız digər parametrlər bəzən qızğın müzakirələrə səbəb olur. Amma yenə də, ayaqcıq nədən hazırlanır ki?

Şəkil 13. Zimmer firmasının CLS Spotorno ayaqcığı nümunəsində bud-çanaq oynağı endoprotezi ayaqcığının hissələri.

Şəkil 14. Endoprotez ayaqcığının sementlə və sementsiz bərkidilməsi.
Bud endoprotezinin ayaqcığının düzəldildiyi material bir tərəfdən sınmaması üçün kifayət qədər möhkəm, digər tərəfdən elastiki, yəni yük altında deformasiya etmək qabiliyyətinə malik olmalıdır (sementsiz ayaqcığlar üçün elastiklik modulu sümüyün özünün elastiklik moduluna maksimum yaxın olmalıdır) və üçüncü tərəfdən, material inersiyalı olmalıdır, yəni orqanizm tərəfindən rədd edilməməlidir və sümük ilə yaxşı bitişməlidir (bu parametr sementsiz ayaqcıqlar üçün vacibdir).
Sementli ayaqcıqlar (məsələn, Zimmer şirkətinin CPT ayaqcığı) kobalt-xrom və ya kobalt-xrom-molibden qatışığından hazırlanır[1]. Polad ayaqcıqlar çox kövrək olduğu üçün bu qatışıqlar poladı əvəz etmişdir: məsələn, Stryker şirkətinin Exeter polad ayaqcığı 3% hallarda sınırdı (1970-1975-ci illərdə quraşdırılmış 433 ayaqcıqdan 13-ü qırılmışdı).
Sementsiz ayaqcıqlar yaxşı biouyarlığa malik (yəni bədən tərəfindən rədd edilməyən) titan əsaslı qatışıqdan düzəldilir. 1960-1970-ci illərdə bütöv tökmə titandan istifadə edilirdi, lakin o, çox davamlı deyildi və kobalt-xrom qatışığından döyülmüş məmulatlardan geri qalırdı. Sonralar ayaqcığları döymə titan-alüminium-vanadium qatışığından, daha sonra isə titan-alüminium-niobium qatışığından hazırlamağa başladılar.
Ayaqcığın bərkidilməsinin növü
Endoprotezlərin sementli modelləri ilə sementsiz modelləri arasındakı əsas fərq onların sümüyə bərkidilməsi prinsipindədir (şəkil 14). Sementsiz ayaqcıqlar nahamar səthə malikdir, bu, sümüyün ayağcığa doğru böyüməsinə imkan verir. Onlar sümüyə sıx yerləşdirmə (press fit) üsulu ilə quraşdırılır, yəni forması xüsusi körpülərlə ayaqcığın formasına uyğunlaşdırıldıqdan sonra bud kanalına yeridilir. Sementli endoprotezlər polimetil metakrilatdan hazırlanmış xüsusi polimer ilə sümüyə bərkidilir.
Ayaqcığın örtüyü
Sementli ayaqcıqlar sümüyə birbaşa toxunmadan sementə bərkidilir. Müvafiq olaraq, sümük sementli ayaqcığa doğru böyümür. Sementli ayaqcığın səthini sementlə yaxşı yapışmaq və onu dağıtmamaq üçün hamardır. Əksər hallarda, sementli ayaqcığın səthi cilalanmış və ya daha az hallarda pardaqlanmış olur (şəkil 15). Cilalanmış sementli ayaqcıqlar daha bahalıdır, lakin cilalanmış və pardaqlanmış səthlər arasında praktiki əhəmiyyət daşıyan mühüm fərq yoxdur.
Sementsiz ayaqcıqların səthi çox vacib məsələdir: çünki məhz örtüyün xüsusiyyətləri ilə sümüyün bitişməsi və buradan da endoprotez ayaqcığının etibarlılığı və dözümlülüyü müəyyən olunur. Bud-çanaq oynağının endoprotezinin sementsiz ayaqcığının səthi sümüyün böyüməsini asanlaşdıran xüsusi maddələrlə örtülə bilsə də, mikroməsamələrlə kələ-kötür ola bilər (bu effekt sıxılmış kürəciklər, məftillər, titan plazmasının səpintisi, trabekulyar metal nəticəsində yaranır). Bəzən ayaqcığın səthi həm kələ-kötür, həm də xüsusi maddə ilə örtülmüş olur.
Endoprotezin sementsiz komponentinin səthinin hazırlanmasının texnoloji prosesi çox mürəkkəb və əziyyətlidir və bud-çanaq oynağı endoprotezləri istehsal edən aparıcı firmaların hər biri daim təkmilləşdirilən patentləşdirilmiş texnologiyalara malikdir.
Sümüyün böyüməsini asanlaşdırmaq üçün ayaqcığı örtən maddələr arasında əksər hallarda hidroksiapatitdən (kalsium hidroksifosfat) istifadə olunur. “Qızıl standart” hidroksiapatit örtüklü ayaqcıqlar Corail ayaqcığıdır (şəkil 16). Bəzən ortopedlər bu ayaqcığı gözəl ağ rənginə görə “gəlin” adlandırırlar.

Şəkil 15. Solda Zimmer şirkətinin istehsalı olan cilalanmış səthə malik CPT ayaqcığıdır. Cilalama keyfiyyəti o qədər yüksəkdir ki, səth az qala güzgü kimi görünür və bəzən hətta əməliyyat lampalarından gələn parlaq işığı əks etdirərək cərrahı kor edir. Sağda Zimmer şirkətinin istehsalı olan parladılmış səthə malik VerSys Advocate ayaqcığıdır.

Şəkil 16. Hidroksiapatit örtüklü Corail ayaqcığı. Solda - ayaqcığın ümumi görünüşü; sağda - onun böyüdülmüş fraqmenti.
Artıq qeyd etdiyimiz kimi, sümüyün böyüməsini asanlaşdıran ayağın nahamar səthi müxtəlif yollarla əldə oluna bilər: sıxılmış kürəciklər, məftillər, titan plazma səpintiləri və ya trabekulyar metal hesabına. Nahamar səth bütün ayaqcığı və ya yalnız onun yuxarı hissəsini əhatə edə bilər (şəkil 17).
Şəkil 17-də bəzi ayaqcığın kiçik “yaxalığa” (boynun əsasındakı çıxıntı) malik olduğunu, digərlərinin isə buna malik olmadığını görə bilərsiz. Bu yaxalıq ayaqcığın sümüyə söykənən zaman ona daha bir dayaq nöqtəsi əlavə etmək üçün hazırlanır, lakin texniki cəhətdən əməliyyat zamanı yaxalıq çox halda yararsız olur, ona görə də son illərdə əksər ayaqcıqlar yaxalıqsız istehsal olunur.

Şəkil 17. Zimmer şirkətinin məhsulları nümunəsində endoprotezlərin gövdə səthlərinin variantları. Soldan sağa: sıxılmış kürəciklərlə örtülmüş VerSys Beaded MidCoat ayaqcığı; Sıxılmış metal lif örtüklü VerSys Fiber Metal MidCoat ayaqcığı; Qumlamadan sonra əldə edilən kobud səthə malik Alloclassic ayaqcığı; Trabekulyar metal səthi olan Trabekulyar Metal Primary Hip Stem ayaqcığı; Titan qatışığının plazma ilə səpitisi olan Fitmore qısa ayaqcığı.
Bütün təsvir olunan bud-çanaq oynağı endoprotez ayaqcıqlarının örtük variantları mikroquruluşa aiddir, lakin tez-tez istehsalçılar ayaqcığa xüsusi çıxıntıları, qabırğalar, tağlar və digər həndəsi “bəzəklər” əlavə edirlər və bunlar sümüyün ayaqcığa böyüməsini asanlaşdırmaq üçün yox, ayaqcığın bud sümüyü kanalında birincili daha möhkəm bərkidilməsinə xidmət edir (şəkil 18).

Şəkil 18. Ayaqcıq formalarının variantları. Soldan sağa: Zimmer şirkətinin üç boylama tilli CLS Spotorno ayaqcığı; Zimmer şirkətinin dəlikli Alloclassic ayaqcığı; Aesculap şirkətinin məsaməli örtüklü tağşəkilli tilli Excia ayaqcığı, Aesculap şirkətinin tağşəkilli tilli plazma örtüklü Excia ayaqcığı.
Ayaqcığın forması
Beləliklə, biz artıq yavaş-yavaş ayaqcığın forması haqqında danışmağa başlayırıq. Bunun üçün hansı tələblər vardır? Hər şey sadə görünür: ayaqcığın forması mümkün qədər bud sümüyü kanalının formasına uyğun olmalıdır, onda hər şey yaxşı olacaq. Lakin iş daha mürəkkəbdir: bütün insanlar fərqli olduğundan, eyni cür bud sümüyü kanalları da yoxdur - yalnız onların əsas variantlarını ayırd etmək olar (şəkil 19). Yalnız bu səbəbdən təxmin etmək çətin deyil ki, bütün xəstələr üçün ən yaxşı ola biləcək yeganə ayaqcıq ola bilməz.

Şəkil 19. Bud sümüyü kanalının üç əsas forması
Bud-çanaq oynağı endoprotezinin üç əsas forması var (şəkil 20): yuxarıya doğru genişlənən (məsələn, Zimmer şirkətinin Alloclassic ayaqcığı), düz (düz xarici kənarlı, məsələn, Zimmer şirkətinin VerSys və ya Spotorno ayaqcığı) və əyri (məsələn, Zimmer şirkətinin Fitmore ayaqcığı və ya DePuy şirkətinin Corail ayaqcığı). Bu formaların hər biri bud sümüyü kanalının formasının müəyyən variantlarına müvafiq gəlir, hər birinin özünün müsbət və mənfi cəhətləri, qoyulmasının özünəməxsus incəlikləri var ki, bu xüsusiyyətlərin müzakirəsi ancaq, bəlkə də, yalnız peşəkarlara maraqlı olar.

Şəkil 20 Bud-çanaq oynağı endoprotezi ayaqcıqlarının üç klassik forması (soldan sağa): əyri, düz və genişlənən.
Ayaqcıq formasının başqa bir vacib parametri də vardır: bu onun en kəsiyidir. Ayaqcıq en kəsiyinə görə dəyirmi və ya dördbucaqlı olur. Son zamanlarda dördbucaqlı ayaqcıqların künclərinin hamar olmasına meyillik müşahidə edilir. Dəyirmi en kəsikli ayaqcıq daha münasib görünür, çünki sümük kanalının özü dairəvidir. Ancaq hər şey o qədər də sadə deyil. Birincisi, bud sümüyünün kanalı əyridir. İkincisi, sümüyün yuxarı və aşağı hissələrinin qeyri-bərabər elastikliyinə görə dəyirmi en kəsikli ayaqcıqları istifadə edərkən əsas ağırlıq bud sümüyün aşağı hissəsinə düşəcək və yuxarı hissəsinə kifayət qədər yük olmadığı üçün tədricən əriyəcək (həkimlər bu təsiri stress şildinq adlandırırlar). Bud-çanaq oynağı endoprotezinin ideal ayaqcığı sümüyə düşən ağırlığı təkcə kanalın əhatəsi boyunca deyil, həm də onun yuxarı və aşağı hissələrinə bərabər şəkildə paylamalıdır. Dördbucaqlı ayaqcıqlar və dəyirmi bucaqlı ayaqcıqlar bud sümüyünün əyri kanalında üç nöqtədə bərkidilir (şəkil 25-in sol tərəfinə baxın), dəyirmi ayaqcığların isə sümüyün aşağı hissəsində bərkidilməsinə çalışılır, lakin bu zaman ağırlıq kanalın çevrəsi boyunca daha bərabər paylanılır. Ümumiyyətlə, proksimal, distal və qarışıq bərkidilən ayaqcığlar ayırd edilir və ağırlığı bərabər paylayan ayaqcıq olmur. Hər bir variantın cərrahlar arasında öz tərəfdarları var və hər düşərgə özünə görə haqlıdır.
Ayaqcığın formasının xüsusi bir versiyası konusvari formadır. Bu cür ayaqcığa nümunə olaraq Zimmer şirkətinin Wagner ayaqcığını göstərmək olar (şəkil 21).

Şəkil 21. Zimmer şirkətinin istehsalı olan daralmış Wagner ayaqcığı. Ön görünüş, eləcə də ön və yuxarıdan görünüş. Konusvari forma gövdənin kanalda fırlanmasına və istənilən bucaqda yerləşdirilməsinə imkan verir. Bu, əvvəlki əməliyyatlardan sonra tez-tez rast gəlinən bud sümüyü kanalının ciddi deformasiyaları (anadangəlmə dislokasiyalar, displaziya, trokanterik bölgənin sınıqları) zamanı lazım ola bilər.
Boyun-diafiz bucağı və ofset
Bud-çanaq oynağı endoprotezinin ayaqcığının parametrlərindən biri də boyun-diafiz bucağıdır: bu endoprotez ayaqcığının boynunun və cisminin birləşməsindən əmələ gəlir və ümumiyyətlə 135 dərəcəyə bərabərdir, hərçənd 125 dərəcə və ya 145 dərəcə bucaqlı ayaqcığlar da buraxılır (şəkil 22). Bud-çanaq oynağı endoprotezinin digər vacib parametri ofsetdir; bu ayaqcığın konusunun ucu ilə ayaqcığın gövdəsinin uzununa oxu arasındakı üfüqi məsafədir (şəkil 23). Ofsetin böyüklüyü endoprotez boynunun uzunluğundan asılıdır.

Şəkil 22. Zimmer şirkətinin istehsalı olan Wagner ayaqcığında müxtəlif boyun-diafiz bucağı. Solda – 125 dərəcə bucağı olan ayaqcıq; sağda – 135 dərəcə bucağı olan ayaqcıq.

Şəkil 23. DJO şirkətinin istehsalı olan CLP ayaqcığında müxtəlif ofset. Solda – böyüyən ofsetli ayaqcıq; sağda – normal ofsetli ayaqcıq.
Boyun-diafiz bucağı və ofsetin müəyyən bir xəstənin bud-çanaq oynağının anatomik xüsusiyyətlərinə uyğun olması üçün iki birləşdirici hissədən: gövdə və konuslu boyundan ibarət olan modul ayaqcığlar buraxılır (şəkil 24). Belə texnologiya həqiqətən fərdi endoprotez yığmağa imkan verir, amma onun da çatışmayan cəhətləri var. Birincisi, monolit ayaqcıq daha möhkəmdir, modul ayaqcıqda boynun gövdə ilə birləşməsi həmin hissədə potensial zəif yer yaradır. İkincisi, komponent sayının artması onsuz da ucuz olmayan bud-çanaq oynağı endoprotezinin bahalaşmasını qaçılmaz edir.

Şəkil 24. Smith & Nephew şirkətinin istehsalı olan SMF modul ayaqcığı. Boyunların müxtəlif versiyaları yalnız istədiyiniz boyun-diafiz bucağını və ofsetini seçməyə deyil, həm də meyliliyi irəli və ya geriyə tənzimləməyə imkan verir.
Anatomik ayaqcıqlar
Bud sümüyünə yan tərəfdən baxıldığında, onun irəli əyilmiş olduğu görünür və buna uyğun olaraq da bud sümüyünün içindəki kanal da əyri olur. Əksinə, bud-çanaq oynağı endoprotezinin ayaqcıqları, yan tərəfdən baxıldıqda, ümumiyyətlə düzdür. Belə uyğunsuzluq ona gətirib çıxarır ki, ayaqcıq bud sümüyü kanalında üç nöqtədə bloklanır. Ayaqcığın bud sümüyü kanalının divarları ilə toxunma sahəsini artırmaq üçün əyri anatomik ayaqcıqlar buraxılır (şəkil 25). Bu cür ayaqcıqlar simmetrik deyil və sol və sağ bud-çanaq oynağına görə sol və sağ variantlara malikdir. Bu texnologiya endoprotezin dəyərini artırır: çünki istehsalçılar bud sümüyü kanalı üçün törpülərin sayını iki dəfə artırmalıdırlar (sol və sağ bud sümüyü üçün ayrı törpülər). Qeyd etmək lazımdır ki, tədqiqatlar anatomik ayaqcıqların üstünlüyünün tam olduğunu təsdiqləməmişdir və buna görə də əksər hallarda həm sol, həm də sağ ayaqcıqlar üçün eyni dərəcədə uyğun olan universal ayaqcıqlardan istifadə olunur.

Şəkil 25. Bud-çanaq oynağı endoprotezinin adi və anatomik ayaqcığı. Solda - bud sümüyünün əyri kanalında üç nöqtədə bərkidilmiş düz ayaqcıq. Sağda - bud sümüyü kanalının formasını təkrarlayan və bu səbəbdən onunla daha geniş təmas sahəsinə sahib olan əyri ayaqcıq. Endoprotez ayağının sümüklə təmas nöqtələri qırmızı xətlərlə qeyd olunub.
Bud-çanaq oynağı endoprotezinin sementsiz ayaqcıqlarının icmalını tamamlayaraq, onların formasının doqquz əsas növünün olduğunu qeyd edirik (şəkil 26). Cərrah bud-çanaq oynağı endoprotezləşdirilməsi əməliyyatını planlaşdıranda rentgenoqramma əsasında üzərinə müxtəlif növ və ölçüdəki ayaqcıqların konturları olan şablonlarını qoyaraq ən uyğun ayaqcığı seçir (şəkil 27). Bu zaman bir çox əlavə parametrlər: kanalın forması, mövcud deformasiyalar, osteoporozun dərəcəsi və s. nəzərə alınır.

Şəkil 26. Bud-çanaq oynağı endoprotezinin ayaqcıqlarının formaca bir-birindən fərqlənən doqquz əsas növü. 1. Sadə çiv (yan tərəfdən çiv formasına malikdir): a) düz xarici kənarlı, b) əyilmiş xarici kənarlı. 2. İkiqat çiv. 3. Geniş üstü və altındakı dəyirmi bölməsi olan. 4. Konusvari. 5. Dördbucaqlı en kəsiyi. 6. Silindrik. 7. Modul. 8. Anatomik əyri. 9. Qısa.
Səthi endoprotezləşdirilmə
Bud-çanaq oynağının endoprotezləşdirilməsinin xüsusi növü vardır ki, bu, səthi endoprotezləşdirilmə və ya riserfeysinq adlanır. Bu variantda bud sümüyünün boynunu qoruyub saxlayırlar və yalnız bud sümüyünün başı işlənir. Sonra bud sümüyünün boynuna bir mil sancaq (ştift) qoyulur, ona monolit şəkildə metal yarımkürə bərkidilir (şəkil 28, 29). Endoprotezin sirkə kasasında məhz bu yarımkürə fırlanır.
Səthi endoprotezləşdirilmə ideyası olduqca cəlbedici görünür - çünki belə bir əməliyyatla bud sümüyünün boynu qorunub saxlanılır və endoprotezin yararlıq müddəti bitəndə, heç bir problem olmadan adi tam endoprotezlə əvəz etmək mümkün olur.
Səthi endoprotezləşdirilmə məsələsi yeni deyil: bundan 1970-ci illərdə fəal şəkildə istifadə edilmişdir, lakin onda endoprotezlərin istehsalı üçün istifadə olunan materialların mükəmməl olmaması tez-tez mənfi nəticələrə gətirib çıxarırdı: səthi endoprotezlər kifayət qədər tez laxlayırdı və tam endoprotezlərə nisbətən daha az vaxt ömrü olurdu. Müasir səthi endoprotezlər artıq ənənəvi tam endoprotezlərlə, demək olar ki, eyni səviyyədə rəqabət apara bilər.

Şəkil 27. Cərrahın rentgenogramma üzərinə tətbiq etdiyi şablonlara görə endoprotez ayaqcığının seçilməsi.

Şəkil 28. Smith & Nephew şirkətinin istehsalı olan Birmingham Hip səthi endoprotezi.
Bundan əlavə, səthi endoprotezlərin tam endoprotezlərə nisbətən əhəmiyyətli bir üstünlüyü vardır: onlar quraşdırıldıqda bud sümüyünün quruluşu daha az dərəcədə dəyişir, buna görə də onun yuxarı hissəsinin kifayət qədər yüklənməməsi səbəbindən əriməsi riski az olur (yəni stres-şildinq riski daha azdır). Səthi endoprotezin digər potensial üstünlüyü ondan ibarətdir ki, o, bud-çanaq oynağının normal anatomiyasını daha dəqiq təkrarlayır, buna görə də belə endoprotezdən istifadə edərkən çıxma riski az olur, protez oynağı əhatə edən əzələlər isə daha effektiv işləyir.
Lakin səthi endoprotezlər hər kəs üçün uyğun deyildir. Bud sümüyü boynunun və ya gövdəsinin nəzərə çarpan deformasiyası, bud sümüyü boynunda kistlər və ya osteoporoz varsa, səthi endoprotezdən istifadə edilə bilməz. Tədqiqatlarda qadınlarda, piylənmə hallarında, həmçinin artrit (revmatoid və s.) və ya bud sümüyü başının aseptik nekrozu endoprotezləşdirilməyə səbəb olduqda, kifayət qədər yüksək nisbətdə uğursuzluqların olduğu (səthi endoprotezin erkən boşalması səbəbiylə onun əvəz edilməsi zərurəti) müşahidə edilmişdir. Belə xəstələr üçün ənənəvi tam bud-çanaq oynağı endoprotezini qoymaq daha yaxşıdır. Digər hallarda səthi endoprotezləşdirilmə ümumilikdə klassik total endoprotezləşdirilməyə ağlabatan görünən alternativdir.
Amerika və Qərbi Avropada aparılan tədqiqatların məlumatlarına görə bud-çanaq oynağının səthi endoprotezlərinin orta hesabla 90%-i xəstələrə 10 ildən çox xidmət edir (qadınlarda, piylənmə və ya revmatoid artrit zamanı isə daha az müddətdə). Ancaq başa düşmək lazımdır ki, ABŞ-da və Qərbi Avropa ölkələrində endoprotezləşdirilmə sistemi çox yaxşı tənzimlənir, bizdə isə çox xəstə, necə deyərlər, son ana qədər bud-çanaq oynağının zədələnməsini o həddə çatdırırlar ki, artıq onun səthi protezləşdirilməsi texniki cəhətdən mümkün olmur.

Şəkil 29. Səthi endoprotezin quraşdırılması. Solda - səthi endoprotez üçün bud sümüyü başının işlənməsi; mərkəzdə - səthi endoprotez və kasa quraşdırılmışdır; sağda - əməliyyatdan sonrakı rentgenoqramma.
Meqaprotezləşdirilmə
Bud sümüyünün bütün yuxarı hissəsini zədələyən xəstəliklər (məsələn, bud sümüyünün xərçəngi) zamanı meqaprotezləşdirilmə əməliyyatı aparılır ki, bunun üçün mürəkkəb modul ayaqcıqlardan (şəkil 30) istifadə olunur. Bu cür ayaqcıqlar bir çox hissədən ibarət olmaqla çox uzun ola bilər.

Şəkil 30. ImplantCast alman şirkətinin istehsal etdiyi MUTARS bud-çanaq oynağı endoprotezinin modul ayaqcığı.
Kobalt-xrom-molibden qatışığı vitallium adlanır; onun tərkibində kobalt (60%), xrom (20%), molibden (5%) və digər maddələr vardır.
Bud-çanaq oynağı endoprotezinin kasası (sirkə kasası komponenti) yarımkürə formasındadır. Çanaq sümüyünün sirkə kasasını xüsusi frezerlərlə işlədikdən sonra kasa ona sementli və ya sementsiz üsulla bərkidilir. Müvafiq olaraq, kasalar sementli və sementsiz olur.
Kasalar formasına görə yarımkürəvi və aşağı profilli (şəkil 31) olur. Onların dərinliyi fərqli olur: yarımsferik kasalar adlarına görə yarımkürə şəklindədir, aşağı profilli kasalar isə bir qədər kiçikdir. Aşağı profilli kasalar böyük hərəkət amplituduna imkan verir, lakin digər tərəfdən, “kənarlarının” hündürlüyü az olduğuna görə bud çıxıqlarına meyl edirlər. Çıxıq ehtimalını, yəni endoprotez başının kasadan kənara çıxmasını azaltmaq üçün bəzən onun kənarları boyu böyüdülmüş haşiyələr - sipər düzəldirlər ki, bunları da çıxıq ehtimalı olan yerlərə yerləşdirirlər (yuxarıdan və bir az arxadan, baxın şəkil 31).

Şəkil 31. Bud-çanaq oynağı endoprotezlərinin kasalarının sxematik təsviri (yandan görünüş; kasanın narıncı rənglə boyanmış profili; qara çevrə kasanın daxil olduğu xəyali kürə; punktir xəttlər kürənin diametridir). Solda - yarımkürəvi kasa; mərkəzdə - aşağı profilli kasa; sağda – sipərli kasa.
Sementli kasalar kimyəvi üsulla calanmış polietilendən hazırlanır. Bu, əlbəttə ki, supermarketdə bağlamaların və ya qablaşdırmaların hazırlandığı polietilen deyildir. Sementli kasaları hazırlamaq üçün istifadə edilən polietilen çox yüksək molekulyar kütləyə malikdir ki, bu da adi polietilenin molekulyar kütləsindən 4-75 dəfə çoxdur. Üstəlik, calaq polietilenin molekulları bir-birinə çarpaz əlaqələrlə birləşmişdir. Bu polietilendə aşağı molekulyar qatqılar yoxdur. Əslində tibbi məqsədli yüksək molekulyar polietilen (hətta ultrayüksək molekulyar polietilen) adi polietilendən tamamilə fərqli olan yeni və çox bahalı materialdır. Endoprotezləşdirilmədə yüksək molekulyar polietilendən 1962-ci ildən bəri dahi ingilis ortopedi cənab John Charnleyin böyük və ağır əməyi sayəsində istifadə edilməyə başlanmışdır. 2005-2006-cı illərdə endoprotezlərin hazırlanmasında ultra yüksək molekulyar polietilendən istifadə olunmağa başlandı ki, bunun da nəticəsində onların davamlılığı daha çox artır.
Sementli kasanın xarici tərəfində kasanın sementdə bərkiməsinin möhkəmliyini artıran pillələr yaxud dişciklər vardır. Endoprotez başının hərəkət etdiyi kasanın daxili tərəfi düzgün hamar yarımkürə formasına malikdir (şəkil 32). Kasanın daxili hissəsinin diametri başın diametrinə tam uyğun olmalıdır. Ən çox istifadə olunan diametrlər 28 mm və 32 mm, lakin bəzən 22 mm və 26 mm diametrlərə də rast gəlinir.

Şəkil 32. Müller sementli kasa. Xarici tərəfdə xüsusi çıxıntılar var. İçərisi hamardır; başın hərəkəti daxili sferada baş verir. Kənarları boyunca metal halqa görünür, bu, rentgenoqrammalarda kasanın vəziyyətini qiymətləndirməyə imkan verir.
Sementli polietilen kasalar rentgen şüaları üçün şəffafdır, yəni rentgenoqrammada görünməz olur. Rentgenoqrammada kasanın vəziyyətini qiymətləndirmək mümkün olsun deyə zavodda ona bir və ya iki metal nişan qoyurlar ki, rentgenografiyada yaxşı görünsün.

Şəkil 33. Bud-çanaq oynağının sementli endoprotezləşdirilməsindən sonra rentgenoqramma. Kasanın özü, metal gövdə və başdan fərqli olaraq, görünmür; rentgenoqrafiyada yalnız narıncı oxlarla işarələnmiş metal kasa markerləri görünür.
Sementli kasalar aşağı profilli və ya yarımkürəvi formada ola bilər. Onlarda başın çıxmasının qarşısını alan sipərə də ola bilər.

Şəkil 34. Bud-çanaq oynağı endoprotezinin sementli kasaları. Solda - aşağı profilli Müller kasası; mərkəzdə - 10 dərəcə bucaq altında sipəri olan yarımkürə formalı ZCA All-Poly kasası; sağda – sipərsiz yarımkürə formalı ZCA All-Poly kasası. Bu kasaların hamısı Zimmer şirkətinin istehsalıdır, lakin sementli kasalar demək olar ki, bud-çanaq oynağı endoprotezi istehsal edən bütün şirkətlər tərəfindən buraxılır.
Sementsiz kasalar, eynilə sementsiz gövdələr kimi, qabaqcadan dəyirmi kəsicilərlə işlənmiş sirkə kasasınada kip yerləşdirilmə üsulu (press fit) ilə quraşdırılır.
Kasaları titan-alüminium-vanadium və ya titan-alüminium-niobium qatışıqlarından hazırlayırlar. Sümüklə təmasda olan kasanın xarici səthi sıxılmış kürəciklərdən, məftillərdən və ya trabekulyar metaldan olan məsaməli bir örtüyə malikdir (Şəkil 35). Sementsiz ayaqcıqlardan fərqli olaraq, kasalar qum şırnağı ilə işlənmir - kasanı möhkəm bərkitmək üçün ona daha “kobud” səthin olması lazımdır.

Şəkil 35. DePuy-dan (Johnson & Johnson konserni) şirkətinin istehsalı olan Pinnacle kasaları nümunəsində bud-çanaq oynağı endoprotezinin sementsiz kasalarının xarici örtüyünün variantları. Solda - təmiz titandan sıxılmış kiçik kürəciklərdən ibarət təbəqə olan Porocoat örtüyü ilə örtülmüş kasa; mərkəzdə - Porocoat örtüyü əsasında hazırlanmış və ondan daha kiçik məsamə ölçüsü və daha yüksək sürtünmə əmsalı ilə fərqlənən Gription örtüklü kasa; sağda - sümüklərin böyüməsini stimullaşdırmaq üçün Porocoat-ın plazma ilə səpilmiş hidroksiapatitin birləşməsindən ibarət Duofix örtüklü kasa.
Şəkildən aydın göründüyü kimi, sementsiz kasalarda fərqli sayda dəliklər ola bilər. Bəzilərində ümumiyyətlə, dəlik olmur, əksər modellərdə üç deşik olur, bəzən isə o qədər deşik olur ki, kasalar süzgəcə bənzəyir. Bu dəliklər niyə lazımdır? Kasanın məsaməli örtüyünün sahəsi nə qədər böyükdürsə, sümüklə təmas sahəsi də bir o qədər böyükdür, bu o deməkdir ki, sümük sonradan böyüyüb kasanın örtüyünə daxil olduqda, bərkimə daha güclü olacaqdır. Buradan da aydın olur ki, dəliksiz kasalar daha üstündür, çünki onlarda məsaməli örtüyün sahəsi maksimum olur. Lakin digər tərəfdən, kasada dəlik olmazsa, onu kip yerləşdirmə (press fit) üsulu ilə qoyan cərrah, demək olar ki, düşünmədən hərəkət etməlidir: axı kasanın sona qədər daxil edildiyini yaxud sümüklə kasa arasında hələ boşluq qalıb-qalmadığını görmür. Təcrübəli cərrahlar kasanı çəkiclə vurarkən səsə diqqət yetirirlər - kasa sirkə kasasının tam dibinə çatdıqda zərbələrin səsi dəyişir. Bununla belə, səsdəki belə dəyişiklik heç də həmişə hiss olunmur, bu da sümüyün vəziyyətinə (sklerozun dərəcəsi, kistlərin olması və s.) görə ola bilər. Belə olduğu halda cərraha kasanın dəliyinə baxmaq lazım gəlir, bunun vasitəsilə aydın şəkildə kasanın dibə oturub oturmadığını yaxud onu hələ itələmək lazım olduğunu müəyyənləşdirmək olar.
Bundan əlavə, bəzən sirkə kasasının sklerozu o qədər nəzərəçarpan olur ki, endoprotezdə yüksək sürtünmə əmsalı olan ən müasir örtüyün olmasına baxmayaraq, kasanın bərkimə dərəcəsi cərrahı qane etməyə bilər və belə olduğu təqdirdə kasadakı dəlik vasitəsilə endoprotezin bərkidilməsini gücləndirməkdən ötrü bir və ya iki vint əlavə edilə bilər. Buna görə də üç dəlikli kasalar daha çox yayılmışdır. Bu dəliklər yuxarı və bir qədər geri istiqamətləndirilmişdir - bu yerdə sirkə kasasına aid sümük daha yekədir və orada əsas qan damarları yoxdur, bu da vintlərin təhlükəsiz daxil edilməsinə imkan verir.
Sirkə kasasında qüsurlar və ya sınıqlar olduğu zamanı hər tərəfində deşikləri olan kasaya ehtiyac yarana bilər.
Bəzi kasalarda xüsusi dişciklər vardır ki, bunlar kasanı yerləşdirəndə sabit qalmasını artırır və kasanın sonrakı yüklənmələrdə çevrilməsi riskini azaldır (şəkil 36).

Şəkil 36.
Bəzi kasalarda, məsələn, Biomet şirkətinin istehsalı olan M2a-Magnum kasasında deşiklərin olması prinsipcə mümkün deyil. Məsələ burasındadır ki, klassik sementsiz kasa quraşdırıldıqdan sonra içərisinə xüsusi bir içlik qoyulur, bud-çanaq oynağı endoprotezinin başı onun içində fırlanır (polietilen sementsiz kasalarda belə içlik olmur - endoprotezin başı elə kasanın özündə fırlanır). İçərisi kasanın fırlanması üçün hamar səthə malik olan içlik yüksək molekulyar polietilendən, metal yaxud keramik materialdan hazırlanır, sürtünmə səthlərini məhz belə materiallar müəyyən edir və biz bu barədə daha ətraflı sonra danışacağıq. İçliyin endoprotezin başının diametrinə təsir edən müəyyən bir qalınlığı var: içliyin qalınlığı nə qədər böyükdürsə, başın mümkün ola bilən diametri bir o qədər kiçikdir. İçliyin çatışmayan tərəfi də budur: başın diametri nə qədər böyük olarsa, sabitlik və hərəkət amplitudası bir o qədər böyük olar. Buna görə də bəzi kasalarda içlik yoxdur və baş birbaşa kasanın daxili cilalanmış səthində fırlanır. Biomet şirkətinin istehsal etdiyi M2a-Magnum kasası məhz bu tipə aiddir (şəkil 37). “İçliksiz” texnologiya sayəsində diametri 44-66 mm (adi endoprotez başlarının diametri 28 və ya 32 mm, nadir hallarda 36 mm) olan başlardan istifadə edilə bilər. Bu texnologiyadan bir çox digər şirkətlər də istifadə edir.

Şəkil 37. Biomet şirkətinin istehsalı olan daxildən cilalanmış M2a-Magnum kasası. Belə kasaya içlik lazım deyil və qalınlığının az olması sayəsində böyük diametrli başdan istifadə etmək olar.
Sirkə kasası qeyri-standart olduqda və ya onun kənarları, üstü və ya dibi olmayanda, sirkə kasasının fərdi formasını təkrarlayan modul kasalar tələb oluna bilər. Belə hallarda standart kasalarda məsaməli tantal metalından (trabekulyar metal) yan əlavə bəndlər qoyulur. Həmçinin auqmentum (yəni bərkidicilər) adlandırılan bu əlavələr kasanın yan tərəflərində sümük olmayan yerlərdə qoyulur.

Şəkil 38. Solda - yan qəlibli (auqment) olan sirkə kasası. Sağda - sümüyə quraşdırılan yan qəlibli kasa. Qəlib sirkə kasasının olmayan üst hissəsini doldurur.

Şəkil 39. Zimmer şirkətinin istehsalı olan müxtəlif forma və ölçüyə malik yan qəliblər (auqmentlər)
Biz endoprotezin başqa bir vacib elementinə - sürtünmə səthlərinə gəlib çatdıq. Kasanın içərisində içlik və ayaqcığın konusuna isə endoprotezin başı quraşdırılır. Baş içliyin içərisində fırlanır və başın və içliyin hazırlandığı material sürtünmə səthlərini müəyyən edir.
Xatırladaq ki, bəzi kasalarda içlik olmur - məsələn, yüksək molekulyar polietilendən hazırlanan sementli kasalar yaxud böyük diametrli başlar üçün olan sementsiz kasalar, bu barədə yuxarıda yazmışıq.
Endoprotezin başı ayaqcığda necə bərkidilir.
Deməli, baş bud-çanaq oynağının endoprotez ayaqcığına otuztdurulur. Başın bərkidilməsi bud -çanaq oynağı endoprotezinin ayaqcığındakı konusun başın daxilindəki eyni ölçülü konusa keçirilməsi ilə həyata keçirilir. Bir qayda olaraq, konusun ən çox yayılmış ölçüsü 12/14 mm, yəni kəsik konusun yuxarısında diametr 14 mm, zirvəsində 12 mm olur (şəkil 40).

Şəkil 40. Zimmer şirkətinin istehsalı olan Spotorno bud-çanaq oynağı ayaqcığının 12/144 mm-lik konusu
Sıfır tam yüzdə bir (0,01) mm-ə qədər olan baş konusunun diametri ayaqcıq konusunun ölçüsünə uyğun olur, buna görə də baş ayaqcığın konusuna yaxşı oturur. Bundan əlavə, bir çox istehsalçılar ayaqcıq konusunun səthində xususi mikroyivlər açırlar və bu başı otuztduranda burulur və bunun sayəsində baş endoprotezin ayaqcığında çox möhkəm oturur (şəkil. 41).

Şəkil 41. Bud-çanaq oynağı endoprotezinin ayaqcığının konusu üzərində mikroyiv. Yivin eni təxminən 100 mikrometrdir. Baş quraşdırıldıqdan sonra yivlərin üstləri bükülür və başı bloklayır.
Başlar bir-birindən ayaqcığa oturma dərinlikləri ilə fərqlənir (şəkil 42), bunun sayəsində cərrah əməliyyat vaxtı kasa ilə ayaqcığın gövdəsi arasındakı məsafəni nizamlaya bilir. Baş nə qədər qısa olarsa (yəni oturma dərinliyi nə qədər böyük olarsa), qalınlığı və uyğun olaraq möhkəmlik ehtiyatı da bir o qədər az olar (şəkil 43).

Şəkil 42. Endoprotezin ayağcığının konusunda müxtəlif dərinlikdə otuztdurulmuş başlar. Solda – “qısa” başlar; sağda” - uzun “başlar”. Adətən başın otuzdulma dərinliyi əməliyyat zamanı birbaşa elə seçilir ki, endoprotez sabit olsun və orada heç nə “ora-bura tərpənməsin”.

Şəkil 43. Solda - “qısa” baş; sağda – “normal” baş. Qısa başda qalınlıq ehtiyatı daha azdır.
Digər tərəfdən, “uzun” başlarda“ətək” olur, bu ayaqcıq konusu ilə təmas sahəsini artırmaq üçün nəzərdə tutulub (şəkil. 44). Bu ətək endoprotezin axırıncı vəziyyətində kasanın və içliyin kənarına toxuna bilər.

Şəkil 44. “Ətəkli” “uzun” baş
Başın səthi ona görə cilalanır ki, hərəkət zamanı sürtünmə mümkün qədər az olsun.
Adətən başlar düzgün kürəvi formaya malik olur, lakin istisnalar da vardır. Məsələn, DePuy şirkətinin istehsalı olan aSPHERE M-Spec başı əyilmiş kürə şəklindədir ki, bu da istehsalçıların məlumatlarına görə aşınmanı 80% azaltmağa imkan verir. Ancaq bu yeni inqilabi texnologiya hələ geniş yayılmayıb.
Başlar nədən hazırlanır
Başın hazırlandığı material. birincisi ayaqcığın hazırlandığı materiala, ikincisi isə içliyin hazırlandığı materiala uyğun olmalıdır. Başlar metal və keramik materialdan ola bilər.
Metal başlar
Əvvəllər başlar paslanmayan poladdan hazırlanırdı, lakin onlar kifayət qədər davamlı deyildi və tez yeyilirdi (şəkil 45). Xatırlayırsınızsa, biz artıq ayaqcıqların da əvvəllər paslanmayan poladdan hazırlandığı haqqında müzakirə etmişdik. İndi adi paslanmayan poladdan hazırlanmış başları artıq etmirlər. Bəzən reklam kitabçalarında paslanmayan polad başları görə bilərsiniz - məsələn, Zimmer şirkəti “paslanmayan poladdan baş” istehsal edir. Ancaq əslində bu paslanmayan polad yox, Protasul qatışığıdır ki, o da dəmirdən, xromdan, nikeldən, manqandan, molibdendən və nikeldən ibarətdir.

Şəkil 45. Tibbi təyinatlı adi paslanmayan poladdan hazırlanmış baş iki il ərzində demək olar ki, tamamilə köhnəlmişdi, bu da onun dəyişdirilməsini tələb edirdi. İndi belə başlar artıq istehsal olunmur.
Həmçinin, kobalt-xrom və kobalt-xrom-molibden başları və titan qatışığından olan başlar da istehsal olunur. Qeyd etdiyimiz kimi, bir çox bud-çanaq oynağı endoprotezinin ayaqcıqları titan qatışıqlarından hazırlanır. Titan endoprotezinin konusu ilə təmas nöqtəsində kobalt-xrom xəlitələrindən hazırlanmış başlar korroziyaya məruz qalır, titan başlar (titan ayaqcıqla təmasda olduqda korroziyaya uğramır) isə, təəssüf ki, içliyi çox aşılayır, belə ki, titan qatışıqlarını pardaxlamaq faktiki mümkün deyil. Buna görə istehsalçılar ayaqcığın titan konus ilə təmas yerindəki korroziyanı minimuma endirərək kobalt xrom xəlitələrini yaxşılaşdırmaq yolunu tutublar və indi titan başlar faktiki olaraq istifadə edilmir.
Metal başların qaçılmaz çatışmazlıqlarından biri də odur ki, metal başlar sürtüldükdə tədricən köhnəlir və sürtünmə məhsulları metal ionları şəklində ətrafdakı toxumalara (əzələlər, bağlar, sümüyə) daxil olurlar və qan axını ilə digər orqanlara (böyrəklər, qaraciyər və s.) keçirlər. Metal baş quraşdırılmış endoprotezləri olan xəstələrin qan təhlilində həmişə başı təşkil edən metal ionları tapılır, lakin onların konsentrasiyası kifayət qədər aşağı olur və heç bir zərər vermir. Ancaq metal ionlarının bud-çanaq oynağını əhatə edən əzələlərə hopması müəyyən problem yaradır və bu barədə daha sonra danışacağıq.
Əlbəttə ki, başların istehsalında istifadə olunan qatışıqları daim təkmilləşdirirlər və alimlər başları daha davamlı, sürtünmə məhsullarını isə daha az zərərli etməyə çalışırlar. Məsələn, sirkonium xəlitələrindən hazırlanmış başlar son vaxtlar daha geniş yayılmışdır, onlar sürtünməyə yaxşı davamlıdır, içlikləri dağıtmır, ayaqcıq konusu ilə təmas yerində daha az korroziyaya uğrayırlar və onların aşınma məhsulları aşağı toksikliyə malikdir (şəkil 46). Ancaq sirkonium xəlitələrindən istifadə edilməsi ilə kobalt-xrom başların tarixə düşməsini düşünmək də düzgün olmaz. Məsələn, Zimmer şirkəti kobalt-xrom xəlitələrini (Protasul, Metasul, Tribosul) daim təkmilləşdirir və bütün dünyada cərrahlar onlara etimad edir. Digər şirkətlər də belə edirlər: məsələn DePuy şirkəti müasir və keyfiyyətli Ultamet xəlitəsindən başlar istehsal edir.

Şəkil 46. Smith & Nephew şirkətinin sirkoniumdan istehsal etdiyi Oxinium başı. Gözəl rənginə görə cərrahlar bəzən onu “qara mirvari” adlandırır.
Qeyd etdiyimiz kimi, çox vaxt başların diametri 28 və ya 32 mm olur. Diametri 22, 22,2 və 26 mm olan başlara az rast gəlinir. Daha böyük diametrli başlar (36, 38, 44 mm və s.) böyük hərəkət amplitudu verir və oynağın sabitliyini artırır, lakin belə diametr içliyin qalınlığının azalmasına və bununla da uzunömürlülük ehtiyatının azalmasına səbəb olur. Bu baxımdan, böyük diametrli başların istifadəsi hazırlandıqları materialların keyfiyyətinə olan tələbləri dəfələrlə artırır. Məsələn, standart diametrli başlar bir cür qatışıqlardan, böyük başlar isə başqa cür qatışıqlardan hazırlanır. Bundan əlavə, böyük diametrli başlar ağırlığı daha az bərabər paylayır, amma bu xüsusiyyətlər çox mürəkkəbdir və bəlkə də yalnız peşəkarlar üçün maraqlıdır.
Keramik başlar. Keramik başlar metal başlardan fərqli olaraq, hərəkət zamanı daha az yeyilirlər və onların sürtünmə məhsulları zəhərli deyil. Ancaq təəssüf ki, bu material olduqca bahalıdır. Üstəlik keramik başlar və içliklərin istehsalı çox mürəkkəbdir və buna görə də demək olar endoprotez istehsalçılarının hamısı keramika başları və içlikləri özləri istehsal etmirlər, ancaq CeramTec şirkətindən satın alırlar. Şirkətin tibb bölməsi endoprotezlərin keramik komponentlərini 1974-cü ildən istehsal edir. Keramik başlar aluminium oksidi və ya sirkonium və ya bu metalların oksidlərinin qarışığı əsasında hazırlanır. Bu material da daim təkmilləşdirilir və 1974-cü ildən indiyədək CeramTec firması artıq keramik komponentlərin üç nəslini dəyişdirib və indi dördüncü nəsil Biolox delta keramikasından komponentlər istehsal edir (şəkil 47).

Şəkil 47. CeramTec şirkəti tərəfindən endoprotezlərin keramik komponentlərinin istehsalı üçün istifadə olunan Biolox materialının təkamülü.
Keramik başların yalnız iki çatışmazlığı olduğu düşünülür. Birincisi, keramik material çox kövrək materialdır və endoprotezin komponentlərini quraşdıran zaman yaxud yerə yıxılarkən, tullanarkən və s. qırıla bilər. Lakin təcrübədə buna nadir hallarda rast gəlinir: başın sınması riski təxminən 1%-dir, həm də bu məlumatlar üçüncü nəsil keramikaya aiddir, dördüncü nəsil Biolox delta keramikası isə daha möhkəmdir və 2012-ci ilin əvvəlinə qədər dünyada Biolox delta keramikasından hazırlanmış komponentləri olan 600 mindən çox bud-çanaq oynağı endoprotezinin quraşdırılmasına baxmayaraq, bu cür başların zədələnməsi halları çox nadir hallarda qeyd olunur.
İkincisi, keramik başlar hərəkət zamanı səs edə bilər (cırıldamaq), xüsusən əgər keramika içliklə birlikdə istifadə olunarsa. Bəzən bu cırıltını ətrafdakılar eşidə bilər, amma xoşbəxtlikdən əksər hallarda keramik material səssiz olur.
Digər istehsalçıların keramik komponentləri, fikrimizcə, etibar yaratmırlar, lakin bəlkə gələcəkdə vəziyyət dəyişəcək.
Keramik başlar, metal başlar kimi, müxtəlif diametrlərdə ola bilər: 28, 32, 36, 40 mm və s. (şəkil 48). Metal başlarda olduğu kimi, keramik başın içərisində içi boş konus var ki, onunla baş endoprotezin ayaqcığına geydirilir və bu konusun fərqli böyüklüyü başın oturma dərinliyini nizamlamağa imkan verir. Baş konusunun daxili hissəsində metal əlavə ola bilər (şəkil 49).

Şəkil 48. 28, 32, 36 və 40 mm diametrli Biolox delta keramik başları.

Şəkil 49. Adi konuslu (solda) və metal konuslu (sağda) keramik baş. Bu xüsusiyyətlər yalnız texnoloji xarakter daşıyır.
Endoprotez başının fırlandığı içlik kasaya qoyulur. İçliklər polietilen, metal və keramik materialdan olur. Xatırladaq ki, polietilendən hazırlanmış sementli kasaların içlikləri olmur. İçlik kasaya əməliyyat zamanı qoyulur və orada bloklanır. Qeyd etdiyimiz kimi, keramik komponentlər zədələnə bilir, buna görə bəzi istehsalçılar monoblok kasalar istehsal edirlər ki, bunlardakı keramik içliklər zavodda qoyulur və cərrah əməliyyat zamanı endoprotezi quraşdırarkən onu zədələməkdən qorxmur.
Polietilen içliklər polietilen sementli kasalar kimi yüksək molekulyar kimyəvi tikilmiş polietilendən hazırlanır. Biz sementli kasalar barədə danışanda, xatırlatdıq ki, onlarda bud-çanaq oynağı endoprotez başının çıxıqlarının qarşısını alan sipər ola bilər. Eynilə, sementsiz kasalar üçün polietilen içliklərin də sipərləri ola bilər və onları, adətən, ancaq yuxarıdan və bir az arxadan qoyurlar (şəkil 50).

Şəkil 50. Sipərsiz (solda) və sipərli (sağda) polietilen içlik
Keramik və metal içliklər yeyilməyə daha davamlıdır, daha az qalınlığa malikdir. Buna görə də onlar daha sabit olan böyük diametrli (32, 36, 38 mm) başlarla istifadə olunurlar və onun üçün də bu cür içliklərin sipərləri olmur.
Keyfiyyətli bud-çanaq oynağı endoprotezi ucuz məhsul deyil və təbii ki, istehsalçılar məhsullarının maya dəyərini azaltmağa çalışırlar. Amma qənaət keyfiyyətə təsir etməməlidir. Belə çətin vəziyyətdən çıxış yolu komponentlərin unifikasiyasıdır. Məsələn, bud-çanaq oynağı endoprotezinin eyni sementsiz kasası üçün eyni vaxtda həm polietilen, həm də metal və keramik içliklər istehsal olunur.

Şəkil 51. Eyni bir sementsiz kasaya uyğun gələn metal, polietilen və keramik içliklərin xarici görünüşü.

Şəkil 52. Zimmer şirkətinin istehsal etdiyi metal, polietilen və keramik içlikli Allofit kasaları.
Nadir hallarda kombinə olunmuş içliklərə də rast gəlinir, məsələn, metal-polietilen və keramik-polietilen. Bir qayda olaraq, içliyin belə “sendviç” şəkilli strukturunun köməyi ilə istehsalçılar amortizasiya xüsusiyyətlərini təkmilləşdirməyə və ya komponentlərin birləşməsini gücləndirməyə çalışırlar. Hal-hazırda bu istiqamət faktiki olaraq inkişaf etmir.

Şəkil 53. Zimmer şirkətinin istehsalı olan Hedrocel “sendviç” kasasının eninə kəsiyi. Xarici təbəqə sümüklərin böyüdüyü məsaməli tantaldır (trabekulyar metal). Daxili təbəqə keramik içlikdir. Onların arasında tantal və keramik materialı birləşdirən yüksək molekulyar polietilen təbəqəsi vardır.
Baş və içlik materialların kombinə olunması sürtünmə səthləri yaradır. Sementli endoprotezlərdə sürtünmə səthləri həmişə metal-polietilendən (metal baş və polietilen içlik) olur, sementsiz endoprotezlərdə isə sürtünmə səthləri müxtəlif materialdan ola bilər.

Şəkil 54. Sementsiz endoprotezlərin sürtünmə səthləri. Soldan sağa: metal-polietilen, metal-metal, keramik-polietilen, keramik-keramik, keramik-metal. Müxtəlif firmaların ayaqcıqları, kasaları, içlikləri və başları göstərilmişdir.
Bud-çanaq oynağının müasir endoprotezləşdirilməsində istifadə olunan bütün sürtünmə səthləri yeyilməyə çox davamlıdır. Nəzəri olaraq, metal başla təmas edən yüksəkmolekulyar polietilendən olan içlik 40-45 il xidmət edə bilər! Yüksək molekulyar polietilen içliyin aşınma sürəti ildə 0,2 mm-dir və əgər içliyin qalınlığı 8-9 mm olarsa, bu, 40-45 ilə kifayət edir. Məntiqlə daha qalın içlik daha uzun müddət xidmət göstərəcəkdr. Lakin içlik nə qədər qalın olarsa, endoprotezin başının diametri daha kiçik olmalıdır (buna görə, məsələn, polietilen içliklərlə 28 və 32 mm diametrli başlardan istifadə olunur), amma başın diametri nə qədər kiçik olsa, oynaqdakı hərəkətlərin amplitüdü o qədər az olur və bununla o daha az dayanıqlı olur. Ancaq burada da hər şey birmənalı deyil: müxtəlif diametrli başlar onlara təsir edən qüvvələri müxtəlif yollarla yayır. Müasir polietilen 28 və 32 mm diametrli başlar və içliklər endoprotezi yaxşı və düzgün qoyanda gözəl bir hərəkət amplitüdu və dayanıqlıq nümayiş etdirə bilər. Ona görə də kor-koranə böyük diametrli başları (36 mm və ya daha çox) əldə etməyə can atmaq lazım deyil.
Keramik-polietilen sürtünmə səthlərinin yeyilmə sürəti ildə 0,1 mm-dir, buna görə 8-9 mm qalınlığında bir içlik 80-90 ilə kifayət edir!
Metal-metal, keramik-keramik və ya keramik-metal sürtünmə səthlərinin aşınma dərəcəsi daha azdır və nəzəri olaraq belə protezlər daha uzunömürlü olur.
Belə görünür ki, bu parametrlə istənilən endoprotez onu gəzdirən insanın bütün qalan ömrü boyu kifayətdir, çünki bud-çanaq oynağı endoprotezləşdirilməsi aparılmış insanların çoxunun yaşı 40-ı ötmüş olur. Ancaq hər şey o qədər də sadə deyil. Endoprotezin uzunömürlülüyündə əsas rol, daha çox, içliyin və ya başın yeyilməsi yox (baxmayaraq ki, yeyilmə səbəbindən baş və içliyin dəyişdirilməsi əməliyyatları da aparılır), kasa və yaxud ayaqcığın sabitliyidir. Məsələ ondadır ki, sürtünmə məhsulları heç yerə yox olmur: onlar sümük və əzələləri qıcıqlandıra, qana sorulub yerli (yalnız endoprotezin yanında) və ya sistemli (bütün bədəndə) toksiki təsir göstərə bilər.
Yüksək molekulyar poletilenin sürtünmə məhsulları qana keçmir, amma sümüyü qıcıqlandırır ki, bu da endoprotezin ayaqcığının və ya kasasının laxlamasına səbəb ola bilər. Bu maddələrin toksiki təsirini azaltmaq üçün son zamanlarda polietileni antioksidant xassəyə malik E vitamini ilə “hopdurmağa” başlamışlar. Ümid edirik ki, bu texnologiya effektiv olacaq. Polietilen içliyin sürtünmə məhsulları ətrafdakı əzələlərdə toplnaraq ağrılı yalançı şişlərin meydana gəlməsinə səbəb ola bilər, amma xoşbəxtlikdən müasir yüksəkmolekulyar polietilendən istifadə zamanı bu fəsada faktiki olaraq rast gəlinmir.
Cədvəl 1. Bud-çanaq oynağı endoprotezinin sürtünmə səthlərinin müqayisəsi
|
Sürtünmə səthləri |
Üstünlükləri |
Çatışmazlıqları |
|
Metal-polietilen |
· Maya dəyərinin aşağı olması · Material təkmilləşməyə davam edir · Sürtünmə səthlərinin ən çox yayılmış variantı · Çox perspektivli ultrayüksək molekulyar polietilen · Kasada geniş əyilmə bucağına imkan verir |
· Başın nisbətən kiçik diametrli olması - 32 mm-ə qədər · Təmizləmək nisbətən asandır · Sürtünmə məhsulları orta dərəcədə zəhərlidir |
|
Metal-metal |
· Yeyilməyə yüksək davamlılıq · Böyük diametrli (36 mm və ya daha böyük) başdan istifadə edilə bilər (nəticədə geniş hərəkət diapazonu və sabitlik əldə olunur) · Qatışıqların təkmilləşdirilməsi davam etdirilir |
· Maya dəyərinin yüksək olması · Sürtünmə məhsullarının yüksək dərəcədə lokal toksikliyi (əsas çatışmazlıq) · Sürtünmə səthləri kasanın istiqamətinə həssasdır: - inklinasiya 50 dərəcədən çox olmamalıdır |
|
Keramik-keramik |
· Son dərəcə yüksək yeyilməyə davamlılıq · Böyük diametrli başdan istifadə edilə bilər · Sürtünmə məhsulları zəhərli deyil |
· Maya dəyərinin yüksək olması · Cırıldaya bilər · Çatlaya bilər |
Metal sürtünmə məhsulları sümüyü daha az qıcıqlandırır, lakin aktiv şəkildə ətrafdakı əzələlərə və qana hopur. Metal-metal sürtünmə səthlərindən istifadə edərkən ətrafdakı əzələlərin yalançı şişlərinə metal-polietilen sürtünmə səthlərində olduğundan daha tez-tez rast gəlinir. Bu fəsadlaşmanın inkişaf etməsi tezliyi dəqiq məlum deyil, lakin, göründüyü qədər, 1-2% olduğunu demək olar. Qan axını ilə daxili orqanlar üzrə metal ionlarının yayılması yalnız laboratoriya analizləri ilə üzə çıxır və orqanların sağlamlığı üçün təhlükəli deyildir, amma yanaşı xəstəliklər olanda onların zədələnməsini artıra bilər. Hamiləlik planlaşdırıldığı hallarda metal-metal sürtünmə səthlərindən də ehtiyatla istifadə olunmalıdır, çünki metal ionları göbək ciyəsi ilə qana nüfuz edə bilər.
Keramik sürtünmə səthlərinin məhsulları faktiki olaraq toksik deyildir.
Daha bir maraqlı faktı qeyd edək. İngiltərə kraliçası II Yelizavetanın 95 yaşında bud-çanaq oynağı endoprotezləşdirilmişdir və onun endoprotezindəki sürtünmə səthləri metal-polietilen materialdan idi. Bu, əlbəttə ki, metal-polietilenin ən yaxşı sürtünmə səthləri olduğu anlamına gəlmir, lakin belə bir komponenti əsassız tənqid edən bir çox “mütəxəssis” üçün bu barədə düşünməyə dəyər. Xəstələr metal-polietilen materialın ucuz və pis olduğunu düşünməməlidirlər.
Metal-polietilen. İdman etmədən orta həyat tərzi keçirməyi planlaşdıran həm kişilər, həm də qadınlar üçün uyğundur. Bu sürtünmə səthlərinin yaşlı və bəlkə də orta yaş qruplarında olan insanlarda etibarlı şəkildə istifadə edilə biləcəyi hamı tərəfindən qəbul edilir, lakin dəqiq yaş meyarı müəyyən edilməmişdir. Bir çox insanlar bu sürtünmə səthlərinin 60 yaşdan yuxarı insanlarda tətbiq edilməli olduğunu düşünür, lakin bir çox ölkələrdə 40-60 yaşlı insanlarda da bunlar istifadə olunur. Aşınma məhsulları qan dövranına daxil olmur və zərərli sistemli təsir göstərmir, endoprotez ətrafında sümüyün davamlılığını pozaraq yalnız yerli təsir göstərə bilər və nəzəri olaraq ayaqcığın (daha az, kasanın) laxlamasına səbəb ola bilər. Yüksək molekulyar polietilendən kasaların hazırlanması texnologiyaları təkmilləşdirilir və müasir materiallar daha çox aşınma müqavimətinə və sürtünmə məhsullarının daha az toksikliyinə malikdir.
Bu sürtünmə səthlərindən istifadə edərkən, içliyin yeyilmə dərəcəsini müəyyənləşdirmək üçün hər il rentgenoqrafiyadan keçməyi tövsiyə edirik.
Metal-metal. Yüksək fiziki yüklənmə səviyyəsi olan kişilər üçün daha uyğundur, məsələn, əməliyyatdan sonra xüsusilə böyük bir hərəkət amplituduna ehtiyac yaranan aktiv həyat tərzi planlaşdırılırsa. Qadınlara daha az uyğundur (qadınlarda bu sürtünmə səthlərinin daha az etibarlı olmasının səbəbləri hələ ki, tam aydın deyil). Əgər əməliyyatdan sonra hamiləlik planlaşdırılırsa, biz belə sürtünmə səthlərini məsləhət görməzdik. Metal ionlarının dölə nüfuz etdiyinə dair sübutlar var (dölün qanında onların konsentrasiyası 15% artır) və bəlkə də onun inkişafına mənfi təsir göstərir. Uşaq üçün zərərli olduğuna dəlalət edən heç bir əsaslı dəlil yoxdur, ən azı, analarına metal-metala sürtünmə səthli bud-çanaq oynağı endoptozləşdirilməsi aparılmış uşaqların inkişafının zəifləməsi və ya xəstəliklərin olması ehtimalı daha yüksək olduğu göstərilməyib. Lakin bu, keçmişdə bu cür əməliyyatların nisbətən az olması səbəbindən statistik bir səhvdən qaynaqlana bilər və indi bu sürtünmə səthlərindən getdikcə daha tez-tez istifadə olunduğu üçün ona bir qədər ehtiyatla yanaşılması yaxşı olardı.
Keramik-keramik. Demək olar ki, bütün yaş qrupundan olan xəstələrə uyğundur. Maya dəyərinin yüksək olduğuna görə həmişə məqsədəuyğun olmur: yəqin ki bir çox xəstələr üçün daha ucuz sürtünmə səthləri qaneedici ola bilər. Bununla belə, bəzi şirkətlərin keramik-keramik sürtünmə səthləri metal-metal sürtünmə səthlərindən ucuzdur.
Sürtünmə səthlərinin qalan variantları (keramik-polietilen, keramik-metal) yuxarıdakı sürtünmə səthlərinin üstünlüklərini və təəssüf ki, mənfi cəhətlərini də özündə birləşdirir.