Bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı nə vaxt və kimlərdə icra olunur. Əməliyyata göstərişlər
Hər il dünyada yarım milyondan çox bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı aparılır. Bu, həqiqətən böyük rəqəmdir! Bud-çanaq oynağı süni oynaqla dəyişdirilən insanların böyük əksəriyyəti heç bir ağrı hiss etmir, normal həyat sürür və ətrafdakı insanlardan heç bir fərqi olmur.
Bud-çanaq oynağının endoprotezlə dəyişdirilməsini tələb edən bir çox səbəblər vardır, lakin bu heç də o demək deyil ki, bud-çanaq oynağında ağrı olan hər kəsin endoprotezə ehtiyacı var. Həqiqətən, əməliyyat ağrıdan azad olmağa və normal həyata qayıtmağa imkan verir, lakin istənilən halda bud-çanaq oynağının endoprotezləşdirilməsi kifayət qədər ciddi əməliyyatdır və oynaqdakı ağrı heç də həmişə onun dəyişdirilməsinə əsas vermir.
Əvvəla, bud və ya qasıq nahiyyəsindəki hər ağrı məhz bud-çanaq oynağındakı problemlərdən qaynaqlanmır. Bud-çanaq oynağı nahiyyəsində ağrılarla təzahür edən, lakin bilavasitə ona təsir etməyən çox sayda xəstəliklər mövcuddur. Bunlar troxanterit, bud sümüyü başı ilə sirkə kasasının bir-birinə toxunması və zədələməsi, yəni sıxışma sindromu (sıxışma sindromu adlandırılır), tenopatiyalar, bursitlər və s. ola bilər. Buna görə də oynaqda ağrı yarananda əvvəlcə onun səbəbini düzgün müəyyənləşdirmək lazımdır.
İkincisi, bud-çanaq oynağındakı ağrılar keçici, qısamüddətli ola bilər. Düzgün müalicə ilə keçə və hətta bir daha təkrarlanmaya da bilər yaxud yalnız uzun illərdən sonra yenidən baş verə bilər.
Çox vaxt endoprotezləşdirilmə bud-çanaq oynağının artrozu zamanı aparılır, ona görə də bir çox insan ilk dəfə “artroz” diaqnozunu (“deformasiyaedici artroz”) eşidəndə, elə bilir ki, bu, sağalmaz xəstəlikdir. Əslində isə belə deyil. Erkən mərhələlərdə artroz əhəmiyyətli narahatlıq yaratmaya da bilər; ağrılar dövri olaraq, məsələn, bir neçə ayda bir dəfə meydana çıxa bilər və bir neçə günlük istirahətdən və iltihabəleyhinə müalicədən sonra keçə bilər. Bundan başqa, artrozun inkişaf sürətini proqnozlaşdırmaq mümkün deyil. Bəzən nadir kəskinləşmələri olan erkən mərhələdə artroz bir neçə onillik boyu inkişaf etmir, və əlbəttə ki, bu vəziyyətdə oynağı süni oynaqla dəyişdirmək lazım deyil; profilaktik hərəkətlər ilə məşğul olmaq (bədən tərbiyəsi, hovuzda üzmək və ya müəyyən hərəkətləri yerinə yetirmək, yüklənməni modifikasiya etmək, bədən çəkisinə nəzarət) və kəskinləşmə zamanı müalicə (istirahət, oynağa düşən yükün azaldılması, iltihabəleyhinə müalicə) kifayət edir. Təəssüf ki, artrozun qarşısının alınması və ya tam müalicə üsulları mövcud deyildir. Çoxsaylı fizioterapiya prosedurları (maqnitoterapiya, elektroforez), artrozun “müalicəsi” üçün həblər (qlükozamin sulfat və xondroitin sulfat — Dona, Artra Struktum, Teraflex və s.), balıq qığırdaqlarından “ekstraktlar”, mumiya və s. əslində təsirli deyildir. Bu həblərin qəbulundan sonra rahatlama onunla izah olunur ki, erkən mərhələlərdə artroz kəskinləşmə dövrlərinin növbələnməsi ilə gedən dalğavari gedişata malik olur. Xüsusilə bud-çanaq oynağının artrozu və ya digər xəstəlikləri bioloji aktiv əlavələrlə müalicə olunmur.
Üçüncüsü, endoprotezləşdirilmə əməliyyatı diaqnoz qoyulduqda deyil, konservativ, yəni qeyri-cərrahi müalicə artıq kömək etmədikdə, oynaqda ağrı və hərəkətin çətinləşməsi normal yaşamağa imkan vermədikdə aparılır! Məsələn, ağrı demək olar ki, hər gün narahat edir və əvvəllər ağrını aradan qaldıran bütün sınanmış vasitələr yalnız qısa müddətli təsir göstərir və yaxud, oynaqdakı hərəkətlər məhdudlaşır və ağrılı olur, ayaq nisbətən qısalır və bütün bunlar işləməyinizə, dostlarınız və qohumlarınızla münasibət saxlamağınıza mane olur, sevdiyiniz məşğuliyyətinizdən imtina etmək məcburiyyətində qalırsız. Hər halda, rentgenoqrafiyadakı şəklə deyil, canlı insana əməliyyat olunur, buna görə artrozun qabarıqlığı özü-özlüyündə endoprotezləşdirilmə əməliyyatı üçün göstəriş deyil!
Endoprotezin qoyulmasına yalnız bir göstəriş var: bud-çanaq oynağını zədələyən xəstəlik zamanı həyat keyfiyyətinin pisləşməsi! Yeganə istisna, bəlkə də, yaşlılarda bud sümüyü boynunun sınıqlarıdır ki, bu zaman əməliyyat ağrının müalicəsinə deyil, xəstənin həyatını xilas etməyə yönəldilir .
Digər tərəfdən, endoprotezləşdirilmədən qorxmaq və sonacan dözmək də lazım deyil. Belə bir yanlış fikir yayılmışdır ki, bu əməliyyatın mümkün qədər gec icra olunması ən yaxşı seçimdir. Təəssüf ki, bu fikir çox vaxt həkimlərin özləri tərəfindən də dəstəklənir. Əslində isə endoprotez o zaman ən yaxşı nəticə verir ki, əməliyyat vaxtında aparılmış olsun. Əgər oynağı zədələyən proses çoxdan baş vermişsə, bu zaman endoprotezləşdirilmə texniki olaraq, əlbəttə ki, mümkündür, lakin ciddi şəkildə deformasiyaya uğramış sümüklər əməliyyatın özünü çox çətinləşdirir. Üstəlik, oynağı ağır vəziyyətə çatdıranda geri dönməz atrofiyaya uğrayan əzələlərin işi də pozulur və heç bir şey, hətta ən yaxşı endoprotezləşdirilmə belə həmin əzələlərin itirdiyi gücü geri qaytara bilmir, halbuki məhz həmin əzələlər hesabına ayaq yeni bud-çanaq oynağında hərəkət etməli və onun sabitliyi təmin olunmalıdır.
Ona görə də bir daha vurğulayırıq ki, endoprotezləşdirilmə əməliyyatından qorxmaq lazım deyil. Bu, həqiqətən çox effektli və etibarlı əməliyyat hesab olunur. Bu əməliyyat ağrı və oynaq sərtliyi sizin yaşamağınıza əngəl olduqda, ağrıkəsicilər artıq kömək etmədikdə və sona kimi dözmək mümkün olmadıqda, aparılmalıdır.
Endoprotezləşdirilmə əməliyyatına göstərişlər haqqında danışmazdan əvvəl, gəlin bud-çanaq oynağının quruluşu ilə tanış olaq.
Bud-çanaq oynağı (şəkil 1) - bədənimizin ən böyük oynaqlarından biridir. İnsan təkamül nəticəsində iki ayağı üstündə hərəkət etdiyindən onun bud-çanaq oynağı ən vacib istinad oynağına çevrilmişdir. İnsan gəzəndə, qaçanda və ağır yük götürəndə həmin oynağın üzərinə böyük yük düşür.
Bud-çanaq oynağı bud sümüyünü çanaq sümükləri ilə birləşdirir. Çanaq sümüyündə sirkə kasası (asetabulyar) deyilən içəriyə batıq yarıkürə vardır ki, bud sümüyünün başı ona təmas edir. Sirkə kasasının kənarında qığırdaq törəmə - sirkə kasası dodağı yerləşir. Sirkə kasasının dərinliyinin təxminən üçdə biri sirkə kasası dodağı sayəsində artır, lakin sirkə kasası dodağının əsas funkiyası bud sümüyü başının oynaq qığırdağının oynaq mayesi ilə bərabər sürtülməsidir Sirkə kasası dodağı sorma effekti yaradaraq bud-çanaq oynağını möhkəmləndirir.
Bud sümüyü boynu vasitəsi ilə bud sümüyü cisminə birləşən bud sümüyü başı sirkə kasasında yerləşir. Adətən bud sümüyünün boynu bud boynu adlandırılır, lakin bu heç də doğru deyil. Bud sümüyü boynundan bir az aşağıda böyük və kiçik burma adlanan sümük qabarıqlıqları vardır. Onlara güclü əzələlər bağlanır.

Şəkil 1. Bud-çanaq oynağı nahiyyəsi
Bud sümüyünün başı oynaq qığırdağı ilə örtülüdür. Bud-çanaq oynağında oynaq qığırdağı orta hesabla 4 mm qalınlığındadır, ağımtıl rəngdə çox hamar səthə və bərk-elastiki konsistensiyaya malikdir. Oynaq qığırdağının olması sayəsində toxunan oynaq səthlərinin arasındakı sürtünmə əhəmiyyətli dərəcədə azalır. Sirkə kasasının səthini də daxildən belə hamar qığırdaq örtür.
Bud-çanaq oynağı onu bərkidən bağlardan ibarət olan oynaq kapsulası ilə əhatə olunmuşdur (şəkil 2). Bu möhkəm bağların bir ucu çanaq sümüyünə, digər ucu bud sümüyünə bağlanır. Daha bir güclü bağ (bud sümüyü başının bağı və ya başqa cür desək, dairəvi bağ) budun başını sirkə kasasının dibi ilə birləşdirir. Bu bağ budun bayıra fırlanmasını məhdudlaşdıraraq bud-çanaq oynağını daha da möhkəmləndirir. Bud-çanaq oynağının kapsulasının özü də budun bayıra fırlanması və açılması zamanı dartılaraq eyni məqsədə xidmət edir. Bud-çanaq oynağı arxadan sarğı nahiyyəsinin əzələləri, öndən isə budun ön qrup əzələləri ilə örtülmüşdür.
Bud-çanaq oynağının quruluşunu anlayaraq, gəlin onun dəyişdirilməsini tələb edən xəstəliklərdən danışaq.

Şəkil 2. Bud-çanaq oynağının kapsulası
Bud-çanaq oynağının artrozu (yaxud başqa sözlə osteoartroz) oynağın hamar sürüşkən səthlərini təmin edən oynaq qığırdağının tədricən yeyilməsidir. Belə qığırdaq artıq sürüşmür və onun səthi sumbata kağızına bənzəməyə başlayır.
Daha sonra, oynaq qığırdağı yeyildikcə, prosesə sümüklər də qoşulur (bud sümüyü başı və sirkə kasası). Bud-çanaq oynağının uzun müddətli artrozunda (şəkil 3) qığırdağın məhv olması səbəbindən sümüklərdə sümük toxumasının daha bərk təbəqələri (skleroz sahələri) əmələ gəlir. Məsələ bundadır ki, qığırdaq yükü amortizasiya edir, ancaq əgər qığırdaq nazikləşibsə, onda sümüyün üzərinə böyük bir zərbə yükü düşür - yəni əslində sümüklərin xroniki zədələnməsi yaranır və bədən buna sümüyün bərkiməsi (düyünlənməsi), yəni sklerozlaşma ilə reaksiya verir. Qığırdaqın yaxınlığında yerləşən sümük qatlarında skleroz sahələri meydana gəldikdən sonra sümük qatlarında kistlər əmələ gələ bilər. Artrozun sonrakı mərhələlərində sirkə kasasının, bud sümüyü başının, bud sümüyü boynunun və burmalarının kənarları boyunca sümük artımları (çıxıntılar) görünə bilər, bud sümüyü boynunun özü isə deformasiyaya uğramağa başlayır. Bəzən qığırdaq tamamilə yeyilir və yox olur və bud sümüyü başı sirkə kasası sümüyü ilə tamamilə birləşir və oynaqda hərəkətlər tamamilə yox olur - belə vəziyyət ankiloz (lifli və ya sümüklü ankiloz) adlanır.
Bud-çanaq oynağının artrozu zamanı qığırdağın nazikləşməsi və bud sümüyü boynunun deformasiyası bütün ayağın bir neçə santimetr qısalmasına səbəb olur.
Adətən artroz ağrı, hərəkətin çətinləşməsi və oynaqda hərəkət amplitudunun azalması ilə özünü göstərir. Artrozun erkən mərhələlərində ağrı və hərəkət məhdudluğu yalnız yuxudan və ya uzun müddət oturduqdan sonra ayağa qalxdıqda əmələ gəlir və bir neçə dəqiqədən sonra yox olur. Lakin artroz nə qədər güclüdürsə, səhər yuxudan sonra yaxşı gəzə bilmək üçün daha çox vaxt lazımdır. Ağrı gün ərzində də özünü göstərə bilər - uzun müddətli gərginlikdən sonra güclənə bilər. Artrozun ən ağır mərhələlərində ağrı daimi olur və hətta gecə də keçmir. Bud-çanaq oynağı artrozunun başqa bir adı da var — koksartroz (latınca bud-çanaq oynağı nahiyəsini bildirən coxa sözündən).

Şəkil 3. Solda - normal bud-çanaq oynağı ; sağda - bud-çanaq oynağının artrozu. Oynaq qığırdağı nazilib, sümükdə bərkimələr və kist sahələri var, bud sümüyünün boynu deformasiyaya uğramağa başlayır.
Bir daha qeyd etmək vacibdir ki, ağrının gücü həmişə artrozun rentgenoqrammada və ya tomogrammalarda (KT, MRT) gördüyümüz mərhələsi ilə əlaqəli olmur (şəkil 4). Bəzən rentgenoqrammada minimal dəyişikliklərdə ağrı çox şiddətli ola bilər və bəzən, əksinə, oynaqda əhəmiyyətli dəyişikliklər olsa da, insan çox güclü ağrını hiss edə bilməz.
Bud-çanaq oynağının artrozu konservativ, yəni əməliyyatsız müalicə (bədən çəkisinə nəzarət, yüklənmənin nizamlanması, ağrının kəskinləşməsi zamanı istirahət, hovuzda üzmə, müalicəvi bədən tərbiyəsi ilə məşğul olmaq, iltihab əleyhinə preparatların qəbulu) oluna bilər. Endoprotezləşdirilmə yalnız artroz həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirdikdə tətbiq olunur (ağırlaşmalar tez-tez olur, ağrı və hərəkətin çətinləşməsi işləməyə mane olur) və qeyri-cərrahi müalicələr kömək etmir. Beləliklə, endoprotezləşdirilməyə göstəriş artrozun rentgenoqrafiyada görünən mərhələsi deyil və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə qeyri-cərrahi müalicənin səmərəsiz olmasıdır.
Şəkil 4. Bud-çanaq oynağının rentgenoqrammaları. A. Normal bud-çanaq oynağı. Rentgenoqrammada sümük oynaq səthləri arasındakı ara məsafə yaxşı görünür – bu normal oynaq yarığıdır. Burada rentgen şüaları üçün şəffaf olan oynaq qığırdağı yerləşir. B. Artrozun təsirinə məruz qalan bud-çanaq oynağı. Oynaq yarığı nəzərə çarpacaq dərəcədə daralmışdır ki, bunun da nəticəsində bud sümüyünün başı sirkə kasası sümüyü ilə birbaşa toxunur (bu vəziyyət “sümük-sümüyə” adlanır). Bud sümüyünün başı özü deformasiyaya uğrayıb və normal vəziyyətdə olan düzgün kürəyə artıq oxşamır. C. Bud-çanaq oynağının total endoprotezi. Bud sümüyü və sirkə kasası daxilində bərkidilən implantatlar yeni kürəvari oynaq əmələ gətirir ki, onun da komponentləri ətraf əzələr və digər yumşaq toxumalar hesabına təmasda qalır. İçəri basılan konstruksiyalar sement yaxud sümük toxumasının sirayət edəcəyi implantantın xüsusi səthi hesabına sümüyə bərkidilə bilər.
Artroz müxtəlif sürətlə inkişaf edə bilər ki, bunu da əvvəlcədən bilmək mümkün deyil. Bəzən onun ilkin təzahürləri on illərlə dəyişməz qalır və inkişaf etmir, bəzən isə sürətlə inkişaf edir, bir-iki il ərzində oynağı məhv edir. Artrozun sürətli inkişafı adətən əlavə səbəblərdən olur (məsələn, bud sümüyü başının aseptik nekrozunda, bu haqda bir az aşağıda danışacağıq).
Yaşlı adamlarda bud sümüyü başının sınığı zamanı daha etibarlı və təhlükəsiz çıxış yolu (şəkil 5) adətən bud-çanaq oynağının endoprotezləşdirilməsindən ibarət olur ki, bu da təkcə xəstəni ayaq üstə qaldırmağa deyil, həm də onun həyatını xilas etməyə imkan verir.
Yaşlı insanlarda bud sümüyü boynunun sınığının bitişməməsi problemi əsasən onunla şərtlənir ki, sınıq zamanı bud sümüyü başını qidalandıran damarların qırılması baş verir. Bud sümüyünün başına yeni qan damarlarının yetişməsi üçün bir neçə ay lazım gəlir ki, bu da yaşlı bir insan üçün qəbuledilməzdir - uzun müddətli yataq rejimi xəstəni sözün əsl mənasında öldürür - onu müşayiət edən bütün yanaşı xəstəlikləri kəskinləşdirərək ağciyərlərdə, ürək-damar sistemində durğunluq yaradır, yataq yaralarının əmələ gəlməsinə səbəb olur və s. Cavan adamlarda sümüklərin möhkəmliyi daha yaxşıdır və onlarda sümük qopmalarını vintlərlə ta onlar bitişənə qədər bağlamaq olar (belə bir əməliyyata osteosintez deyilir). Ancaq yaşlı adamlar üçün onları ayağa qaldırmağın yeganə çıxış yolu endoprotezləşdirilmədir.

Şəkil 5. Bud sümüyü boynunun sınığının rentgenoqramması (sınıq xətləri qırmızı və göy rəngdə göstərilir)
Əməliyyat metodunun seçilməsinə (osteosintez və ya endoprotezləşdirilmə) xəstənin bir çox fərdi xüsusiyyətləri təsir göstərir: yalnız yaş deyil, həmçinin misal üçün, sınığın növü.
Bu xəstəlik, bir qayda olaraq, bir neçə oynağı zədələyir. Daha çox bud-çanaq, diz, topuq-baldır oynaqları, əl və onurğa oynaqları təsirə məruz qalır. Revmatoid mənşəli zədələnmələr müxtəlif oynaqlarda müxtəlif cür nəzərə çarpır: bəzən bud-çanaq oynaqları digərlərinə nisbətən daha ciddi şəkildə zədələnir və onlarda ağrı daha çox əziyyət verir. Ümumiyyətlə, bu xəstəlik ortopedlər tərəfindən deyil, revmatoloqlar tərəfindən müalicə olunur, lakin əgər revmatoloqlar tərəfindən təyin olunan müalicə artıq kömək etmirsə və oynaqdakı dəyişikliklər çox olarsa, ya dərindirsə, onda həyatı asanlaşdırmağın yeganə yolu endoprotezləşdirilmə əməliyyatının aparılması olur.
Revmatoid artritdə oynaqdakı dəyişikliklər adi artroza bənzəyir, ancaq burada ümumiyyətlə sümükdə bərkləşmə / düyünləşmə (skleroz) sahələri adətən, olmur, əksinə sümük yumşaq olur və daha çox bud-çanaq oynağının kapsulasında iltihablaşma nəzərə çarpır, qalan halda eyni cür deformasiya, ayağın qısalması, sümük artımlarının və kistlərin əmələ gəlməsi, ankiloz və s. ola bilər.
Bud-çanaq oynağının artrozu oynaq lazımınca formalaşmayanda və düzgün quruluşa malik olmayanda meydana çıxa bilir (buna displaziya deyilir). Adətən displaziya uşaqlıqdan özünü göstərir (budun anadangəlmə çıxığı və ya burxulması). Displaziyada sirkə kasasının dərinliyi lazımi qədər olmur (şəkil 6), nəticədə bud sümüyünün başı oynaqdan çıxmağa meylli olur və başın və sirkə kasasının təmas səthlərinin sahəsi bud-çanaq oynağının düzgün quruluşu ilə müqayisədə daha az olur (və buna görə də onların üzərinə daha çox yük düşür).
Xüsusilə qadınlarda bud-çanaq oynağının displaziyası uzun müddət özünü göstərməyə də bilər. Lakin I və II hamiləlikdən sonra oynaqlara düşən yükün çox olması və “hormon fonunun” dəyişməsi səbəbindən həmin displaziyalı oynaqda ağrılar yarana bilər. Lakin ola bilər ki, bud-çanaq oynağının displaziyası yalnız 40-50 yaşa yaxın ağrılarla özünü göstərir.

Şəkil 6. Solda – nisbətən normal bud-çanaq oynağı; sağda – bud-çanaq oynağının displaziyası. Sağda sirkə kasasının dərinliyinin az olmasına diqqət yetirin. Narıncı xətlərlə sirkə kasasının meyillik bucağı göstərilmişdir. Solda bucaq normaldır (450), amma sağda artmışdır (600). Nəticədə sağda bud sümyünün başı yarımçıxışda yerləşir: başın mərkəzi sirkə kaasının kənarından xaricdə proyeksiyalanır (bud sümüyü başının proyeksiyası göy şaqulu xətlə göstərilib).
Artroz bud sümüyü başının aseptik nekrozu və ya daha sadə dildə desək, onun sümük toxumasının bir hissəsinin ölməsi nəticəsində baş verə bilər. Bu xəstəliyə bud sümüyü başının avaskulyar nekrozu və ya osteonekroz da deyilir. Elmə onun inkişaf etməsinin dəqiq səbəbləri məlum deyil; səbəb kimi daha çox bud sümüyü başında qan təchizatının pozulması təxmin edilir. Osteonekrozun budun əzilməsi, çıxıqlardan sonra, hamiləlik dövründə baş verə biləcəyi müşahidə olunur.
Osteonekrozun erkən mərhələlərində bud sümüyünün başı özünün kürəvi formasını hələ də saxlasa da, daxildəki sümük toxuması ölmüş olur. Əgər oynağa uzun müddət yük düşməzsə (bir neçə ay ərzində), onda yeni damarlar tədricən yaranmağa başlayar və sümük canlanar. Amma xəstəlik getdikçə inkişaf edərsə (təəssüf ki, buna daha tez-tez rast gəlinir), onda yükün təsiri altında bud sümüyünün başı əyilib deformasiya olmağa və çökməyə başlayır (şəkil7) və getdikcə oynaqdakı hərəkətlər daha ağrılı olur.

Şəkil 7. Bud sümüyü başının aseptik nekrozu. Bud sümüyü başı nahamardır, “çökmüş” formadadır.
Bud-çanaq oynağının artrozu travmadan sonra baş verir. O, bud sümüyü başının və sirkə kasasının kənarlarının sınıqlarından, sınıq-çıxıqlarından, bud sümüyünün burmaları burma zonalarının sınığından sonra inkişaf edir ki, nəticədə oynaq qığırdağının hamar səthinin sürüşkənliyi pozulur yaxud oynağı əhatə edən sümük deformasiyaya uğrayır.
Müasir travmatologiyada gənc xəstələrdə intraartikulyar və periartikulyar sınıqlarla əvvəlcə osteosintez aparılır və sümük parçalarının vintlər, lövhələr və ya millər (ştiftlər) ilə bir-birinə bərkidilməsi sayəsində mümkün qədər yerdəyişmələri aradan qaldırılır. Lakin sümük parçalarının yerdəyişməsini tamamilə aradan qaldıran ideal bir osteosintezdə belə, travmasonrası artrozun inkişaf riski var (şəkil 8), onda da ağrılı oynaqda yeganə çıxış yolu endoprotezləşdirilmə olacaqdır. Təbii ki, düzgün bitişməyən sınıqlarda (yəni sınıq yerdəyişmə ilə bitişmiş olanda) artrozun inkişaf riski daha böyükdür.
Beləliklə, endoprotezləşdirilməyə göstəriş artrozun rentgenoqrafiyada görünən mərhələsi yox, həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə qeyri-cərrahi müalicənin səmərəsiz olmasıdır.
Şəkil 8. Travmasonrası artroz. Daha əvvəl bud sümüyünün sınığı olmuş və lövhəcik və vintlərlə bağlanmışdır. Sınıq bitişmiş, lakin zaman keçdikcə artroz əmələ gəlmişdir ki, bu da deformasiyaya gətirib çıxarmışdır. Baxın: baş və boyun faktiki olaraq yoxdur! Belə halda lövhəciyi çıxartmaq və endoprotez qoymaq lazımdır.

Şəkil 9. Bud-çanaq oynağının endoprotezləşdirilməsi aparılan xəstələrin yaşı (Garellick G, Karrholm J., Rogmark C., Herberts P. İsveç bud-çanaq oynağının endoprotezləşdirilməsi reyestri, illik hesabat 2010).
Bud-çanaq oynağındakı ağrılar, xüsusən deformasiyaedici artrozlar zamanı baş verən ağrılar adətən yaşlı insanlarda, 50-60 yaşdan sonra baş verir. Biz belə xəstələrə endoprotez təklif etdikdə, cavab olaraq tez-tez aşağıdakı sözləri eşidirik: “Mən daha əməliyyata dözə bilmərəm”.
Həqiqətən, yaşlı xəstələrin demək olar ki, həmişə qan damarlarının, ürəyin, böyrəklərin və s. orqanların bu və ya digər şəkildə yanaşı xəstəlikləri olur, lakin şəkil 9-da göstərilən qrafikə baxın. Bu qrafikdə xəstələrin yaşa görə bölgüsü göstərilib. Gördüyünüz kimi, endoprotezləşdirilmə aparılan xəstələrin hər üçdə ikisinin yaşı 60-dan, üçdə birinin isə 75 yaşdan yuxarıdır. Bu dünya statistikasıdır və dünyada hər il təxminən 700 minə yaxın bud-çanaq oynağının süni oynaqlarla dəyişdirilməsi həyata keçirilir!
Əlbəttə ki, endoprotezləşdirilmə olduqca ağır və ciddi bir əməliyyatdır, lakin cərrahların və anestezioloqların məharəti bunu hər yaşda, demək olar ki, bütün yanaşı xəstəliklər zamanı (kəskin insult və infarktlar istisna olmaqla) yerinə yetirməyə imkan verir.