Bud-çanaq oynağının endoprotezləşdirilməsi necə icra edilir
Sizi rolikli arabada palatadan əməliyyat otağına apardıqdan sonra əməliyyat masasına keçirəcəklər. Əvvəlcə anestezioloqlar sizə venadaxili damcıladan sistem qoyacaqlar və sonra əgər yerli anesteziya (onurğaya iynə) planlaşdırılırsa, sizi böyrü üstə çevirib ayaqlarınızı döş qəfəsinə doğru yığmağınızı və alt çənənizi sinənizə tərəf əyməyinizi xahiş edəcəklər. Bundan sonra anestezioloq 5-15 dəqiqə ərzində onurğanıza bilavasitə inyeksiya edir və yenə də arxası üstə çevrilirsiniz. Anesteziya təsir etdikcə ayaqlarınız isinəcək və “boşalacaq”; bir neçə dəqiqədən sonra artıq onları tərpədə bilməyəcəksiniz. Bu zaman ayaqlarınıza toxunuşu hiss edə biləcəksiniz, amma qorxmayın, ağrı olmayacaq. Bəzən inyeksiyanı yerinə yetirmək üçün anestezioloq xəstədən masada oturmasını xahiş edir.
Endotraxeal anesteziya (“ümumi narkoz”) planlaşdırılırsa, anestezioloq sizi böyrü üstə çevirməyəcək, anesteziyanı arxası üstə uzanmış vəziyyətdə aparacaqdır.
Sonra sidik kisənizə kateter qoyulacaq və cərrahlar işə başlayacaqlar. Əvvəlcə onlar sizi xüsusi şəkildə əməliyyat masasına uzadacaqlar. Adətən, bud-çanaq oynağının endoprotezləşdirilməsi aparılan zaman xəstə əməliyyat masasında böyrü üstə uzanır, bu zaman əlləri xüsusi dayaqlar üzərində qalır, çanaq isə xüsusi dayaqlarla bərkidilir (şəkil 66). Çox az hallarda əməliyyat zamanı xəstə arxası üstə uzanır.

Şəkil 66. Sağ bud-çanaq oynağının endoprotezləşdirilməsi zamanı əməliyyat masasında böyrü üstə uzanma vəziyyəti. Şəkildə “xəstə” geyinib, amma əsl əməliyyat otağında, əlbəttə ki, paltar geyinməyəcəksiniz. Sizin üzərinizə mələfə və ya xüsusi qızdırılan yorğan örtüləcəkdir.
Cərrahlar dərinizi steril etmək üçün bütün ayağınızı xüsusi məhlullarla (yodopiron, spirt) silirlər və üzərinizə steril döşəkağı örturlər. Yodopironla işləndikdən sonra ayaq bir neçə gün digər ayağınızdan bir az qaralmış kimi görünəcək.
Hər şey hazır olduqdan sonra əməliyyatın özünə başlanılır. Əvvəlcə dəri, dərialtı piy təbəqəsi və fassiya kəsilir və əməliyyatın sonrakı gedişi cərrahınızın oynağa çatmaq üçün hansı yanaşmadan istifadə etməsindən asılıdır.
Prinsipcə, bud-çanaq oynağına bayır-ön yanaşma, ön yanaşma və arxa yanaşma olur və hər birinin öz xüsusiyyətləri var.
Oynağa öndən yanaşmada (girəndə) əzələlər arasındakı yarıq vasitəsilə kəsik davam etdirilir; klassik bayır-ön yanaşmada bud sümüyünə öndən bağlanan əzələlər kəsilib aralanır, arxa yanaşmada isə arxa əzələlər kəsilir. Endoprotez qoyulduqdan sonra bu əzələləri yenidən sümüyə tikib birləşdirirlər. Möhkəm bitişmələri üçün bir neçə həftə lazım gəlir.
Əməliyyatından sonra tez-tez yaraya drenaj - qanın axacağı bir qabla birləşmiş boru qoyulur. Bəzən, xüsusilə arıq xəstələrdə drenajdan istifadə edilmir.
Endoprotezləşdirilmə təcrübəsində “minimum invaziv” sözü müxtəlif mənada istifadə olunur və tez-tez anlaşılmazlıq yarada bilir. Ümumiyyətlə, cərrahiyyənin əksər sahələrində minimum invaziv o əməliyyatlara deyirlər ki, onlar çox kiçik kəsiklər vasitəsilə həyata keçirilir, lakin bud-çanaq oynağının endoprotezləşdirilməsinə gəldikdə ilk növbədə oynağı əhatə edən əzələlərin minimum zədələnməsi nəzərdə tutulur.
Gəlin kəsiyin uzunluğuna diqqət yetirək. Hələ 10-15 il əvvəl bud-çanaq oynağının endoprotezləşdirilməsi 20-25 sm uzunluğunda kəsik vasitəsilə həyata keçirilirdi, amma indi standart kəsik uzunluğu, məsələn, bizim klinikada 10-12 sm-dir. Bu kəsik uzunluğu özü-özlüyündə onu göstərir ki, əməliyyat əvvəlkindən daha az travma verir (yəni müəyyən mənada minimum invaziv əməliyyatdır). Bununla belə, kəsiyin uzunluğu bədən quruluşundan da asılı olur, ona görə də bəzən çox kök xəstələrdə 25 sm uzunluğunda bir kəsik etməyə məcbur qalırıq.
Çox miniatür yanaşmalar da var, məsələn, bəzən endoprotezləşdirilmə bir neçə santimetr uzunluğunda iki kəsik vasitəsilə aparılır. Bu cür yanaşmalar vasitəsilə endoprotezləşdirilmə ideyası cəlbedici görünə bilər: belə görünür ki, kəsik nə qədər kiçik olarsa, əməliyyatdan sonrakı bərpa prosesi daha sürətli gedər. Əslində isə belə deyil. Məsələ bundadır ki, çox kiçik kəsiklər vasitəsilə əməliyyat cərrahın işini çətinləşdirir və endoprotez komponentlərinin tam dəqiq quraşdırılmaması təhlükəsini artırır. Elmi araşdırmalar göstərir ki, kiçik girişlər vasitəsilə endoprotezləşdirilmə aparıldıqda, əməliyyatın müddəti və qan itkisinin həcmi əhəmiyyətli dərəcədə artır. Əməliyyat müddətinin artması, öz növbəsində, infeksiya riskini artırır, əlavə qan itkisi isə reabilitasiyanı çətinləşdirir.
Bundan əlavə, elmi araşdırmalar göstərir ki, endoprtezləşdirilmənin ən yaxşı nəticələri 10-12 sm uzunluğunda adi kəsiklərdən istifadə edəndə müşahidə olunur. Uzun müddətdən sonrakı nəticələr baxımından iki kiçik kəsiklə endoprotezləşdirilmə adi endoprotezləşdirilmədən heç nə ilə üstün deyil.
Beləliklə, təcrübəli müasir cərrahın əlində istənilən endoprotezləşdirilmə özü minimal invaziv olacaq, baxmayaraq ki, hətta cərrahların özləri onu belə adlandırmırlar. Əslində, “minimal invazivlik” klinikaların, xüsusən də xarici ölkə klinikalarının diqqəti özlərinə çəkməyə çalışaraq etdiyi reklam məharətidir. Üstəlik, əslində, orada endoprotezləşdirilmə adətən adi yanaşma ilə həyata keçirilir və həqiqətən miniatür kəsiklər yalnız problemlərin (komponentləri düzgün qoymamaq riski, əməliyyatın uzanması və qan itkisi) mənbəyinə xidmət edə bilər.
Bu baxımdan, biz bir daha yanaşmanı deyil, cərrah axtarmağı məsləhət görürük: elə olur ki, bəzi insanlar öz müraciətlərini bu şəkildə ifadə edirlər: “Mən minimum invaziv endoprotezləşdirilmə əməliyyatı ediləcək yer axtarıram”. Bu səhvdir.
Bud-çanaq oynağı endoprotezinin sementli kasasının quraşdırılması ardıcıllığı Şəkil 67-də göstərilir. Əvvəlcə sirkə kasası istənilən diametrə qədər dairəvi frezerlərlə oyulur, sonra onun dibində bir neçə çüxur düzəldilir, daha sonra dibə sement qoyulur, ora polietilen kasanı möhkəm basırlar.


Şəkil 67. Bud-çanaq oynağı endoprotezinin sementli kasasının qoyulması.
- Sirkə kasası dairəvi frezerlərlə istədiyiniz diametrə qədər yonulur. Eyni zamanda, ondan bir qığırdaq təbəqəsi tamamilə çıxardılır. B. Sirkə kasasının dibində bir neçə çüxur - deşiklər hazırlanır. C. Sirkə kasasının dibinə sement vurulur. D. Polietilen kasa sementə möhkəm basılır. E. Polietilen kasanın kənarları boyunca sement qalıqları çıxarılır və 5-7 dəqiqədən sonra sement bərkiyir ki, nəticədə kasa da möhkəmlənir. Sement bərkidikcə, kasa basılmağa davam edir.
Bud-çanaq oynağı endoprotezinin sementsiz kasasının quraşdırılması ardıcıllığı Şəkil 68-də göstərilir. Sementli kasada olduğu kimi, əvvəlcə sirkə kasası əməliyyatdan əvvəl xüsusi şablonları adi rentgenoqrammaların üzərinə qoymaqla təyin edilən lazımi diametrə qədər dairəvi frezerlərlə oyulur (şəkil 69). Sonra sementsiz kasanı sirkə kasasında tam oturana qədər sümüyə yeridirlər. Lazım gələrsə, cərrah kasanın yaxşı bərkiməsinə şübhə edərsə, kasanın dəliyinə bir və ya iki vint qoyulur. Sementsiz kasa qoyulduqdan sonra onun daxilinə içlik qoyulur ki, bud-çanaq oynağı endoprotezinin başı da bunun içərisində hərəkət edib firlanacaqdır.

Şəkil 68. Bud-çanaq oynağı endoprotezinin sementsiz kasasının quraşdırılması. A. Sirkə kasası dairəvi frezerlərlə istədiyiniz diametrə qədər yonulur. Bu vəziyyətdə qığırdaq təbəqəsi tamamilə çıxarılır. B. Kasa sirkə kasasında sıxılana qədər sümüyə yeridilir. Bir qayda olaraq, quraşdırılmış kasanın diametri frezerin diametrindən 1-2 mm böyük olur, ona görə də kasa boşluğa sıx şəkildə oturur. C. Əgər cərrah kasanın bərkimə gücünə şübhə edərsə, onun dəliklərinə bir-iki vint vurulur. D. Quraşdırılmış kasaya içlik qoyulur ki, onun da içərisində bud-çanaq oynağı endoprotezinin başı fırlanacaq.

Şəkil 69. Rentgenoqramma və xüsusi şablonlar əsasında əməliyatdan əvvəl kasaların ölçüsünün və mövqeyinin planlaşdırılması.
Bud-çanaq oynağı endoprotezinin sementli ayaqcığının quraşdırılması ardıcıllığı Şəkil 70-də göstərilir. Əvvəlcə bud sümüyü boynunu və başını şablon üzrə mişarlayırlar, sonra bud sümüyü kanalını xüsusi bir alət ilə açırlar və onu endoprotezin ayaqcığını təkrarlayan törpülərlə işləyib hazırlayırlar. Törpüyə ölçmə başı geydirirlər, onu endoprotezin əvvəlcədən qoyulmuş kasasına keçirirlər və kasada başın hərəkətlərini yoxlayırlar. Lazım olan ayaqcıq və baş ölçüsünü seçərək, bud sümüyü kanalına sementi tutub saxlayacaq və aşağı buraxmayacaq bir probka daxil edilir. Sonra bud sümüyü kanalına xüsusi bir şpris ilə maye sement vurulur və bura endoprotez ayaqcığı daxil edilir. 5-8 dəqiqədən sonra sement bərkiyəndə, ayaqcıq da çox möhkəm sabitlənmiş olacaqdır.


Şəkil 70. Bud-çanaq oynağı endoprotezinin sementli ayaqcığının quraşdırılması. A. Bud sümüyünün boynu və başı şablona uyğun yonulur. B. Bud sümüyü kanalı xüsusi alətlə açılır. C. Bud kanalı bud oynağının endoprotezinin gövdəsinin formasını təkrarlayan xüsusi törpülərlə işlənir. Törpülər ardıcıl olaraq kiçikdən böyüyə dəyişdirilir, bud sümüyü kanalına möhkəm yapışdırılır. D. Törpüyə sınaq başlığı qoyulur, sonra bu endoprotezin artıq quraşdırılmış kasasına qoyulur və hərəkətləri yoxlanılır. E. Gövdə və başın istədiyiniz ölçüsünü seçdikdən sonra kanala sementi saxlayan və bud sümüyü kanalından aşağı düşməsinin qarşısını alan probka daxil edilir. F. Xüsusi şprislə bud sümüyü kanalına maye sement vurulur. G. Sementli ayaqcığın ucuna bir mərkəzləşdirici geydirilir ki, bu da ayaqcığın bud sümüyü kanalında əyilməsinin qarşısını alacaq və ayaqcıq düzgün daxil ediləcəkdir. H. Hələ ki duru olan sementə ayaqcıq qoyulur, sementin artığı götürülür və 5-8 dəqiqədən sonra sement bərkidikcə, ayaqcıq da çox möhkəm sabitlənmiş olacaqdır.
Bud-çanaq oynağı endoprotezinin sementsiz ayaqcığının qoyulması ardıcıllığı Şəkil 71-də göstərilmişdir. Sementli ayağı quraşdıranda olduğu kimi, bud sümüyünün başını və boynuni şablon üzrə mişarlayırlar, onun kanalını xüsusi alətlə açırlar, onu törpülərlə işləyirlər və uyğun başın və ayaqcığın ölçüsünü seçirlər. Sonra bud sümüyü kanalına endoprotezin ayaqcığını daxil edirlər və içərisinə möhkəm oturana qədər yeridirlər.
Şəkil 71. Bud-çanaq oynağı endoprotezinin sementsiz ayaqcığının quraşdırılması. A. Bud sümüyünün boynunu şablon üzrə mişarlayırlar. B. Bud sümüyü kanalını xüsusi bir alətlə açırlar. C. Bud sümüyü kanalını bud-çanaq oynağı endoprotezinin ayaqcığının formasını təkrarlayan xüsusi törpülərlə işləyib hazırlayırlar. Törpüləri tədricən ən balacasından böyüyünə qədər ardıcıl olaraq o vaxta qədər dəyişdirirlər ki, törpü bud sümüyü kanalına kip otursun. D. Törpüyə ölçmə başını taxırlar, endoprotezin artıq qoyulmuş kasasına keçirirlər və hərəkətini yoxlayırlar. E. Endoprotezin ayaqcığını bud sümüyü kanalına daxil edirlər. F. Endoprotezin ayaqcığını bud sümüyü kanalına kip oturana qədər yeridirlər.